"XOCALIYA ƏDALƏT" BEYNƏLXALQ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASI

"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır.

Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib.

Bununla belə misli görünməmiş qəddarlıqla törədilmiş faciə, ümumilikdə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, hələ də beynəlxalq aləmdə birmənalı şəkildə qarşılanmır, münaqişənin həllinə dair subyektiv təhriflər əksini tapır. Respublikamızda reallaşan strateji xəttin əsas hədəfi də məhz bu münaqişənin, Ermənistanın təcavüzkar siyasətinin bütün reallıqları ilə dünyaya bəyan olunmasıdır.

 

 

E-mail:campaign@justiceforkhojaly.org
İnternet səhifəsi: www.justiceforkhojaly.org