"BÖYÜK BEŞLİK"

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilmiş və Qafqazın “Böyük Beşliyi” konsepsiyası tərtib edilmişdir. Həmin dövrdən etibarən, IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlamışdır.

Ceyran/Gazella subgutturosa
Dəstə: Cütdırnaqlılar – Artiodactyla
Fəsilə: Boşbuynuzlular – Bovidae
Kateqoriyası və statusu: VU A2ad; II.1., II.4.
Yayılması: Şirvan MP, Korçay yasaqlığı və çox kiçik bir qrup Qobustan və Acınohur düzündə yaşayır. Yaşayış yeri və həyat tərzi: Yovşanlı, şoranotlu səhralar və yovşanı–qırtıclı yarımsəhra landşaftlardır. Cütləşmə (noyabr, dekabr), boğazlıq (yanvar-may) və doğum (aprelin sonundan iyunun ortalarına kimi) dövrləri onların çoxalma xüsusiyyətlərini təşkil edir. Boğazlıq müddəti təxminən 5-5.5 aya qədər davam edir. Cinsi yetişkənlik dişi fərdlərdə 7-19 aya, erkək fərdlərdə isə 1.5-2.5 ilə başa çatır. Qida rasionunun əsas tərkibi otlar, taxıllar, şoranlı bitkilər və çoxillik kollardan ibarətdir. Şirin sudan çətinlik olduqda qar və şor sudan da istifadə edirlər.
Sayı: Orta hesabla 7000 başa qədər ceyran vardır.
Məhdudlaşdırcı amillər: Brakonyerlik, biotoplarda ev heyvanlarının otarılması, otlaqların biçilməsi, yaşayış yerlərinin zəbt edilməsi, yandırılması.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: IDEA-nın əlamətdar layihələrindən olan "Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası" çərçivəsində 150 ədəd ceyran Azərbaycan və Gürcüstan ərazilərində öz tarixi yaşayış məskənlərinə buraxılmışdır. Qeyd olunmalıdır ki, sözügedən layihə 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanmış, IDEA təsis olunduqdan sonra isə sonuncu tərəfindən uğurla davam etdirilmişdir. Layihənin məqsədi regionda ceyranların sayının artırılması və onların əvvəllər məskunlaşdığı, lakin müəyyən səbəblərdən tərk etdikləri ərazilərə reintroduksiyası olmuşdur. IDEA İctimai Birliyi və onun layihə tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) təbiətə buraxılan ceyranların uyğunlaşma prosesini mütəmadi nəzarətdə saxlayır. Ceyranların mühafizəsi istiqamətində görülən tədbirlər bu növün populyasiyasının bərpası, hətta saylarının 2,000-dən 7,000-dək artmasına səbəb olmuşdur.

 

Bəbir/Panthera pardus ciscaucasica
Dəstə: Yırtıcılar – Carnivora
Fəsilə: Pişiklər – Felidae
Kateqoriyası və statusu: NT; II.3.
Yayılması: Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşayıb qalmasını müəyyən etmişdir.
Sayı: Respublika ərazisində 17-yə qədər fərdin yaşayıb qalması hesab olunur.
Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır.
Mühafizəsi üçün IDEA tərəfindən həyata keçirilən tədbirlər: Bəbirlərin mühafizəsi çərçivəsində IDEA İctimai Birliyi, beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə hər il ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər, o cümlədən məktəblilər üçün yay düşərgələri, tələbələr üçün elmi seminar və praktiki məşğələlər, gənclər üçün müsabiqələr və s. təşkil edir. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin Qafqaz bəbirlərinə diqqətini artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit (Caucasus Cat Summit) təşkil edilmişdir. Qafqaz bəbirlərinə həsr olunmuş Sammitdə dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Pantera təşkilatı, Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri və Azərbaycandan olan alimlər də Sammitdə iştirak etmişlər. Bu xüsusda mütəxəssislər və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri mühazirələrlə çıxış etmiş və müzakirələr aparmışlar. Sammit Qafqaz bəbirlərinin mühafizəsi istiqamətində ilk əlamətdar addım və başlanğıc nöqtəsi olmuşdur. Sammitin davamı olaraq, London Zoologiya Cəmiyyəti (ZSL) tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsi və populyasiyasının artırılması üzrə hesabat hazırlanmış və bu istiqamətdə bir sıra dəyərli tövsiyələr əks olunmuşdur. Həmçinin, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin mütəxəssislərindən ibarət işçi qrup təsis edilmişdir. İşçi Qrup tərəfindən ZSL-in qeyd olunan hesabatı əsasında “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihəsi üzrə Fəaliyyət Planı və müvafiq yol xəritəsi tərtib edilmişdir. Hazırda, layihənin icra olunacağı mümkün ərazilərin beynəlxalq mütəxəssislər tərəfindən təhlili həyata keçirilir. Qeyd edək ki, bəbirlər CİTES Konvensiyasının 1 №-li Əlavəsinə daxil edilmişdir.

 

Qonur ayı/Ursus arctos
Dəstə: Yırtıcılar – Carnivora 
Fəsilə: Ayılar – Ursidae 
Kateqoriyası və statusu: LC; II.3.
Yayılması: Böyük və Kiçik Qafqaz, Talış dağları, dağətəyi ərazilər.
Yaşayış yerləri və həyat tərzi: Bəzən meşəli, bəzən isə qayalı çılpaq əraziləri əhatə edir. Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Cütləşmə dövrü may-iyul aylarında baş verir. Boğazlıq dövrü latent mərhələ ilə birlikdə 6-8 ay çəkir. Balalar yanvar-mart aylarında hələ qış yuxusu dövründə dünyaya gəlirlər. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirə bilirlər. Laktasiya müddəti 18-30 ay çəkə bilir, balaların böyüməsi və təlimi ilə ana fərd məşğul olur. 
Sayı: Təqribən 500-700 fərd mövcuddur. 
Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən birbaşa təqib olunması və yaşayış yerlərinin daralmasıdır.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: CİTES Konvensiyasının 2 №-li Əlavəsinə daxil edilmişdir.

 

Boz canavar/Canis lupus
Dəstə: Yırtıcılar – Carnivora
Fəsilə: İtlər – Canidae
Kateqoriyası və statusu: Hal-hazırda sayı qənaətbəxşdir.
Yayılması: Avropanın və Asiyanın çox isti olmayan bölgələrində boz canavarlar çoxluq təşkil edir. Ölkəmizdə bütün rayonlarında rast gəlinə bilir, lakin ən çox canavara Kür düzənliyində, Qızıl-Ağac körfəzinin sahillərində, Zaqatala-Laqadex qoruğunda rast gəlinmişdir.
Yaşayış yerləri və həyat tərzi: Canavarlar — monoqamik heyvanlardır. Cütləşmə qışda olur. Hamiləlik dövrü təxminən 65 gün çəkir. Aprel-may aylarında dişi canavar 4-8 bala gətirir. Altı aylıq canavarlar artıq özlərinə yem əldə edə bilirlər. Yedizdirmə və böyütmə prosesində bütün sürü iştirak edir. Canavarlar məməli heyvanlardır. Dırnaqlıları, gəmiriciləri və dovşanları ovlayırlar. Yay vaxtı quş, eləcə də giləmeyvə və yumurta ilə qidalanırlar.
Sayı: 2001-ci ildə Azərbaycanda canavarların sayı təxminən 988 baş olub. 2010-cu ildə onların sayı 5109 olaraq qeydə alınıb. Ötən ilin yekunları ilə bağlı məlumatda isə Azərbaycan ərazisində yaşayan canavarların sayı təxminən 15005 baş olaraq göstərilib.  
Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən ovlanması saylarının azalmasına səbəb olan əsas amildir.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: CİTES Konvensiyasının 2 №-li Əlavəsinə daxil edilmişdir.

 

İmperator qartalı/Aquila heliaca
Dəstə: Qızılquşkimilər – Falconiformes
Fəsilə: Qırğılar – Accpitridae
Kateqoriyası və statusu: VU; II.1 
Yayılması: Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə yaşayır
Yaşayış yerləri və həyat tərzi: Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir. Yuvasını aprel ayında tikir, hər il 2-3 ədəd yumurta verir, 43 gün kürt yatır. Balalar 55-60 günlük olanda uçur, amma yuvasını tərk etmirlər. Erkək quş yem daşıyır, ana quş balalarını yedizdirir. Daha çox leşlə qidalanırlar, eyni zamanda siçan dovşan və s. kimi məməliləri, bildirçin, ördək, iri ağnaz və s. kimi quşları (hətta yırtıcı quşları) ovlayırlar. 
Sayı: "Qırmızı Kitab"a istinadən XX əsrin axırına qədər sayı çox, XX əsrin ortalarında adi saylı, 1970-ci ildən sonra nadir olub, cəmi 12 cüt quş qeyd edilib. Son 10 ildə nəslinin kəsilmə təhlükəsi daha da çoxalıb, növün nəsilvermə dövründə (may-iyul) cəmi 5 cüt quş qeyd edilib: Turyançay Dövlət Təbiət Qoruğunda 1, Kiçik Qafqazın dağətəyi rayonunda 2, Zuvand Yasaqlığında 2.
Məhdudlaşdırıcı amillər: Uzun illər zərərli yırtıcı hesab edilərək ovlanması, seyrək dağətəyi meşələrdən hündür ağacların tam qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: Ovlanması qadağandır. Respublikanın "Qırmızı Kitab"ına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.