SƏBZİ QOVURMA

Ərzaqlar:

qoyun əti – 330 q.
baş soğan – 50 q.
ərinmiş yağ – 25 q.
abqora – 10 q., və ya limon turşusu
– 0,3 q.
zəfəran
– 0,1 q.
göyərti – 200 q.

istiot, duz

Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır. Sonra yağda qızardılmış soğan, zəfəran şirəsi, limon turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, turşəng, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur.

 

ALÇALILİMONLU QOVURMA

Ərzaqlar:

qoyun əti – 275 q.
ərinmiş yağ – 30 q.
baş soğan – 50 q.
quru alça – 20 q.
limon – 1/5 əd.
zəfəran – 0,05 q.
istiot – 0,1 q.

Qoyun ətindən 25-30 qramlıq tikələr kəsilir, duz, istiot vurub soğanla qızardılır. Sonra azacıq bulyon, alça və zəfəran şirəsi qatılıb öz buğunda bişirilir. Paylıq tavada süfrəyə verilir, üstünə limon dilimi qoyulur.

 

TURŞU QOVURMA

Ərzaqlar:

qoyun əti – 221 q.
ərinmiş yağ – 25 q.
baş soğan – 60 q.
gavalı qurusu – 25 q.
duz, istiot

Boz qovurma kimi bişirilir. Hazır olmasına 30 dəq. qalmış gavalı əlavə edilir.

 

NAR QOVURMA

Ərzaqlar:

qoyun əti – 330 q.
ərinmiş yağ – 30 q.
nar – 50 q.
şabalıd – 180 q.
baş soğan – 100 q.
zəfəran – 0,05 q.
keşniş və şüyüd – 15 q.
duz, istiot

Qoyun əti 60-70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılır. Üzərinə yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirirlər. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.

 

BOZ QOVURMA

Ərzaqlar:

qoyun əti – 163 q.
ərinmiş yağ – 30 q.
baş soğan – 50 q.
zəfəran – 0,1 q.
keşniş və şüyüd – 15 q.
duz, istiot

Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir.

 

HƏVƏSKAR QOVURMASI

Ərzaqlar:

qoyun əti – 300 q.
ərinmiş yağ – 30 q.
baş soğan – 50 q.
pomidor – 100 q.
zəfəran – 0,05 q.
duz, istiot

Qoyun əti 40-50 qramlıq çox da böyük olmayan sümüklü tikələrə doğranır, duz və istiot vurulub tavada yağ içində qızardılır. Üzərinə qızardılmış soğan, zəfəran şirəsi və bir qədər bulyon tökülüb hazır vəziyyətə çatdırılır. Pomidor iki yerə bölünüb yağda qızardılır. Süfrəyə paylıq tavada, qovurmanın yanına qızardılmış pomidor qoyulur.

 

TOYUQ LƏVƏNGİSİ

Ərzaqlar:

xırdalanmış qoz – 100 q.
orta qırmızı soğan – 2 əd.
ərinmiş yağ – 1 x.q.
lavaşana – 3-4 x.q.
duz, istiot

Qozu xırdalayırıq, qırmızı soğanı əzib və tənzifdə sıxmaq. Sonra tavada yağsız orta alovda soğanı “ölənə” kimi qızardırıq. Lavaşananı xırdalayın, üstünə yumşalmaq üçün isti su tökün. Vaxtaşırı qarışdırın, lazımsa yenə də isti su əlavə edin. Quru lavaşananın yerinə alça pastası da istifadə etmək olar. Qozu, soğanı, ərinmiş yağı, duzu, istiotu və horranı bir qaba tökün və yaxşı qarışdırın. Dadın, kütlə turşməzə-duzlu və bir qədər acı olmalıdır.

Toyuğun artıq hissələrini – qanadın və budun uclarını kəsib atın.Toyuğun içlə içini doldurun, qarnını sapla tikin. Qanadının altını, budları deşin. Qalan içlə toyuğun bayır hissəsinə sürtün və deşiklərə qoyun. Bir saat ərzində 180˚ S sobada bişirin.

 

QİYMƏ ÇIĞIRTMA

Ərzaqlar:

qoyun əti – 163 q.
baş soğan – 40 q.
ərinmiş yağ – 25 q.
yumurta – 2 əd.
şüyüd – 12 q.
zəfəran – 0,1 q.
duz, istiot

Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovurulur. Qiymənin üstünə çalınmış yumurta vurulub bişirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir.

 

AZƏRBAYCANSAYAĞI ƏT QIZARTMASI

Ərzaqlar:

qoyun əti – 330 q.
qoyun böyrəyi – 85 q.
kərə yağı – 25 q.
baş soğan – 50 q.
təzə pomidor – 100 q.
buğda unu – 90 q.
keşniş və şüyüd – 12 q.
duz, istiot

Qoyun ətini hər paya 4-5 ədəd olmaqla doğrayır və böyrəyi pərdədən təmizləyib iki yerə bölürlər. Ətlə böyrəyə duz və istiot vurub yağda qovurur, qızardılmış soğan əlavə edirlər. Lülə kababda olduğu kimi lavaş hazırlanır. Süfrəyə verdikdə boşqaba əvvəlcə lavaş qoyulur, onun içinə ət qızartması, yanlarına isə pomidor düzülüb göyərti səpilir.

 

ÖVRİŞTƏ

Ərzaqlar:

toyuq əti – 270 q.
ərinmiş yağ – 30 q.
zoğal qurusu – 100 q.
baş soğan – 50 q.
şəkər – 5 q.
duz, istiot

Emal olunmuş toyuq 30-35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb bişirilir.

 

GƏNCƏ ÇIĞIRTMASI

Ərzaqlar:

qoyun əti – 220 q.
yumurta
– 2 əd.
baş soğan – 50 q.

ərinmiş yağ – 25 q.
qatıq – 50 q.
pomidor – 50 q.
limon turşusu – 5 q.
keşniş və ya şüyüd – 15 q.
zəfəran
– 0,05 q.
istiot, duz

Qoyun ətindən 60-70 qramlıq tikələr kəsilir, qazana yığılır, bulyon və zəfəran şirəsi əlavə edilib öz buğunda bişirilir. Baş soğan ayrıca yağda qızardılır, üzərinə bişmiş qoyun əti düzülür, limon turşusu qatılır. Qarışdırıldıqdan sonra üstünə çalınmış yumurta vurulur. Süfrəyə verdikdə çığırtmanı pomidor dilimləri bəzəyir, üstünə doğranmış keşniş və şüyüd səpilir. Yanına ayrıca qatıq qoyulur.

 

RİZƏ KÜFTƏ

Ərzaqlar:

qoyun əti – 330 q.
baş soğan – 100 q.
ərinmiş yağ – 40 q.
şərab sirkəsi – 20 q.
şəkər – 10 q.
tomat püresi – 15 q.
keşniş və şüyüd – 25 q.
duz, istiot

Qoyun əti qiyməsindən hər pay üçün 10-12 ədəd 20-30 qramlıq küftəciklər hazırlanıb yağda qızardılır. Ayrıca yağda qızardılmış soğana tomat püresi əlavə edilib bulyonda açılır, üzərinə sirkə, şəkər, istiot və duz vurulub sous hazırlanır. Qızardılmış küftəciklərə sous tökülüb 5-10 dəqiqə öz buğunda bişirilir. Süfrəyə verdikdə üzərinə göyərti səpilir.

 

ARZUMAN KÜFTƏSİ

Ərzaqlar:

qoyun əti – 163 q.
ərinmiş yağ – 40 q.
baş soğan
– 30q.
yumurta
– 1 əd.
keşniş
– 15q.
sumaq – 5 q.

istiot, duz

Qoyun ətinin bud hissəsindən baş soğanla qiymə hazırlanır, duz, istiot vurulub soyudulur. Qiymədən iri küftələr hazırlanır, içərisinə bərk bişirilmiş 1 ədəd yumurta qoyulur və yumrulanır. Küftələr bulyonda zəif alov üzərində bişirilir. Süfrəyə verdikdə üstünə doğranılmış göyərti səpilir, yanına ayrıca sumaq qoyulur.

 

TƏNDİRDƏ QIZARDILMIŞ CÜCƏ

Ərzaqlar:

cücə – 200 q.
xama – 10 q.

limon – 15 q.
pomidor – 50 q.
baş soğan – 30 q.
keşniş və cəfəri – 25 q.
istiot, duz

Emal edilmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə boşqaba qoyulur, doğranmış pomidor, limon, baş soğan və göyərti ilə bəzədilir.

 

LƏNKƏRANSAYAĞI QAŞQALDAQ

Ərzaqlar:

qaşqaldaq – 250 q.
xama – 10 q.
pomidor – 50 q.
limon – 15 q.
nar – 20 q.
istiot, duz

Qaşqaldaq təmizlənir, istiot və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda közərmiş kömür üzərində və ya təndirdə qızardılır. Qızardılmış qaşqaldaq boşqaba qoyulur, yanına pomidor, limon dilimləri, nar dənələri və göyərti düzülür.

 

QIZARDILMIŞ TURAC

Ərzaqlar:

turac – 280 q.
xama – 10 q.
baş soğan – 30 q.
pomidor – 50 q.
xiyar – 50 q.
cəfəri və keşniş – 30 q.
istiot, duz

Turac təmizlənir, istiot və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda və ya təndirdə qızardılır. Qızardılmış turac şişdən çıxarılıb boşqaba qoyulur, yanına doğranmış baş soğan, pomidor, xiyar və göyərti düzülür.

 

TAVA ƏTİ

Ərzaqlar:

qoyun əti – 220 q.
ərinmiş yağ – 30 q.
baş soğan – 40 q.
kartof – 100 q.
badımcan – 60 q.
qabaq – 50 q.
pomidor – 50 q.
xiyar – 30 q.
istiot, duz

Qoyun əti tikələrə kəsilir, duz və istiot vurulub qızardılır. Azacıq bulyon, yağda qızardılmış soğan əlavə edilib öz buğunda bişirilir. Tərəvəzlər — kartof, badımcan, qabaq təmizlənir, ayrıca qızardılır və qoyun ətinə qatılır. Süfrəyə verdikdə təzə pomidor və xiyarla bəzədilir.

 

CIZBIZ

Ərzaqlar:

qoyun bağırsağı (şirin bağırsaq) – 140 q.
ürək – 60 q.
qaraciyər – 67 q.
böyrək – 60 q.
mayalıq – 50 q.
baş soğan – 50 q.
kartof – 193 q.
quyruq – 15 q.
göyərti – 5 q.
yay fəslində 100 q. pomidor
sumaq
– 1,0 q.
istiot, duz

Təmizlənmiş qoyun bağırsağı 2-3 sm uzunluğunda doğranır. Qaraciyər, böyrək, ürək və mayalıq da doğranır, duz, istiot vurularaq birlikdə qovurulur. Sonra buna dilim şəklində doğranmış soğan və ayrıca uzunsov doğranılıb qızardılmış kartof əlavə edilir və hazır vəziyyətə gətirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir, yanına sumaq qoyulur.

 

İSPANAQ ÇIĞIRTMASI

Ərzaqlar:

ispanaq – 350 q.
turşəng – 100 q.
cəfəri və ya şüyüd - 15 q.
baş soğan – 50 q.
yumurta – 2 əd.
ərinmiş yağ – 30 q.
qatıq – 100 q.
istiot, duz

Göyərti təmizlənir, yuyulur, iri-iri doğranıb pörtlədilir. Baş soğan ayrıca yağda qızardılır, göyərtiyə qatılıb duz və istiot vurulur. Üzərinə çalınmış yumurta tökülüb bişirilir. Süfrəyə verdikdə hazır xörəyin üstünə yağ tökülür, yanına isə qatıq qoyulur.

 

YAYMA

Ərzaqlar:

düyü – 67 q.
süd – 100 q.
ərinmiş yağ – 15 q.
şəkər – 15 q.
zəfəran
– 0,1 q.
duz, istiot

Süd eyni miqdarda su ilə qarışdırılır, içinə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verdikdə üstünə yağ tökülür.

 

ƏZMƏ

Ərzaqlar:

qoyun qaraciyəri – 354 q.
quyruq – 65 q.
istiot, duz

Qaraciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarım hazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot, vurulub hazır olunca tavada qovurulur.