Mətbəximizin növ müxtəlifliyi ilə zəngin hissələrindən biri içkilərdir. Tutdan, zoğaldan və digər bitkilərdən araq çəkilir ki, bundan əsasən müalicəvi vasitə kimi istifadə edirlər. "Araq" dilimizdə "ağ içki" mənasını verir (aq - ağ, ar - içki deməkdir, kefir sözündəki "ir" də içki mənasındadır). Digər tərəfdən "ar" sözü "arınmış" sözündən olmaqla təmiz, təmizlənmiş mənasını da verə bilər.
Distillyasiyanın köməyi ilə müxtəlif bitkilərdən alkoholsuz müalicəvi araqlar, cövhərlər və digər distillyasiyalar hazırlayırlar.
Buna misal olaraq, nanədən çəkilən araq, gülabı, qarışıq otlardan hazırlanan "çal araq" göstərilə bilər. Qədim zamanlardan Azərbaycanda "buza" — pivə də hazırlanır. Rus sözü "buzit" də bu sözdən törəmişdir.
Digər türk mətbəxlərində olduğu kimi süddən və turşumuş süd məhsullarından "ayran", "atlama", "bulama" kimi çoxlu içkilər mövcuddur.
Meyvə şirələrindən, müxtəlif bitki cövhərlərindən və qənddən istifadə etməklə növbənöv şərbətlər düzəldirlər. Şərbətlər süfrəyə əsasən plovla verilir, bayramlarda və mərasimlərdə içilir. "Ovşala", "qəndab", "itburnu suyu", "səlab" kimi içkilər təkcə süfrəni bəzəmir, həm də müalicəvi xassələrə malikdirlər.
Çay Azərbaycan mətbəxində xüsusi yer tutur. Masamızı çaysız təsəvvür etmək mümkün deyil. Qəhvə və kakao çayla müqayisədə az istifadə olunur. Səhərlər süfrəyə qaynadılmış isti süd və süddən içkilər verilir.
İçkilər arasında Azərbaycanın mineral suları - "İstisu", "Badamlı", "Sirab" və s. özəl yeri var. Onlar süfrəyə susuzluğu yatırmaq üçün verilir, eyni zamanda müalicəvi xassələri vardır.
Tut şirəsindən, qarpızdan, şəkər qamışından, çuğundurdan, üzümdən, yabanı xurmadan bişirilmiş qatı bəkməzdən hazırlanan içkilər susuzluğu yatırır, eyni zamanda sağlamlıq üçün faydalı hesab edilir.
Susuzluğu yatırmaq və ağır, yağlı xörəklərin həzmini yüngülləşdirmək üçün süfrəyə "ağır" xörəklərlə birlikdə "iskəncəbi" içkisi verilir, onu bal və sirkənin qatışığından hazırlayırlar.
Bəzi qaynaqlarda ona "sirkə balı" da deyilir. Bəzən bal əvəzinə qənddən istifadə edilir.
Bizim mətbəxdə xoşablar (kompotlar) və paludlar (kisel) şirin xörəklərin deyil, içkilərin sırasına aid edilir. Lakin, təbii ki, ən yaxşı içki Azərbaycan bulaqlarının buz kimi soyuq suları hesab edilir.