MİLLİ PARKLAR

Milli Parklar — xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Adı: Hirkan Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 40358
Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.
Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270° S olur. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

 

Adı: Şirvan Milli Parkı
Yaradıldığı il: 2003
Sahə (hektar): 54373,5
Olduğu yer: Salyan, Qaradağ və Neftçala rayonlarının ərazilərində. 
Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının «Qırmızı kitabı»na 
düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, 

yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir, qanunla qorunur. 

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir, qanunla qorunur. Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın «Qırmızı Kitabı»na, 10-u ancaq «Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı»na, 10-u isə həm Azərbaycanın «Qırmızı Kitabı»na (1989), həm də «Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı»na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın «Qırmızı Kitabı»na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar «Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı»nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

 

Adı: Ağ göl Milli Parkı
Yaradıldığı il: 2003
Sahə (hektar): 17,924
Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində. 
Qısa məlumat: Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Ramsar Konvensiyasının «Ramsar Siyahısı»na daxil edilmişdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.

 

Adı: Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
Yaradıldığı il: 2009
Sahə (hektar): 42797,4
Olduğu yer: Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikası ərazisində.
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-10°C-dək, iyulda 10-25°C-dəkdir. İllik yağıntı 300-800 mm-dir. Zəngəzur Milli Parkının su şəbəkəsini, əsasən, ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür. Başlanğıcını Göy-göldən götürən Sağarsu çayı Gilançaya tökülür. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycan Respublikasında özünəməxsus yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur və əksəriyyətinin adları «Qırmızı Kitab»a daxil edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

 

Adı: Abşeron Milli Parkı
Yaradıldığı il: 2005
Sahə (hektar): 783
Olduğu yer: Bakı şəhərinin Xəzər rayonunun ərazisində,
Abşeron yarımadası.
Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahədə, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park yarımadanın cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir.

 

Adı: Altıağac Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 11035
Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.
Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

 

Adı: Göygöl Milli Parkı
Yaradıldığı il: 2008
Sahə (hektar): 12755
Olduğu yer: Göygöl, Goranboy və Daşkəsən rayonlarının ərazilərində.
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə Göygöl, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılmışdır. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin — Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı «Qırmızı Kitabı»a düşmüşdür. Qırmızı kitablarda Göygöldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır. Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir.Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.

 

Adı: Şahdağ Milli Parkı
Yaradıldığı il: 2006
Sahə (hektar): 115895
Olduğu yer: Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının ərazilərində.
Qısa məlumat: Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul 193/S saylı Sərəncamı ilə Şahdağ Milli Parkın ərazisi 14 613,1 hektar genişləndirilərək, 130 508,1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur.

 

Adı: Samur-Yalama Milli Parkı
Yaradıldığı il: 2012
Sahə (hektar): 11772,45
Olduğu yer: Xaçmaz rayonu ərazisində.
Qısa məlumat: Samur-Yalama Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. "Gülalan gölü" qoruğu bu Cəmiyyətin nəzdindədir.