DÖVLƏT QORUQLARI

Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1974
Sahə (hektar): 107
Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
Qısa məlumat: Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi — müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dur. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü — şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır. Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

 

Adı: Qarayazı Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1978
Sahə (hektar): 9658
Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 
Qısa məlumat: Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır. Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.

 

Adı: Qaragöl Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1987
Sahə (hektar): 240
Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində
Qısa məlumat: Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m) yamacında 2650-2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu -30-dan aşağı, ən isti ayınkı 100-dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Qaragöl qoruğunun uzun müddət işğal altında olması onun aqibətinə mənfi təsir göstərib.

 

Adı: Qızılağac Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1929
Sahə (hektar): 88360
Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac körfəzində
Qısa məlumat: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40°S-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20°S, ən isti ayın orta temperaturu isə 25,50°S olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Böyük Qızılağac körfəzində Xəzər suitisi vardır.

 

Adı: İlisu Dövlət Təbiət Qoruğu 
Yaradıldığı il: 1987
Sahə (hektar):17381,5
Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamacında 
Qısa məlumat:Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir. Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir. Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.

 

Adı: Türyançay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1958
Sahə (hektar):22488
Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, Türyançayın sağ kənarında 
Qısa məlumat: Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim Türyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın "Qırmızı kitabı"na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

 

Adı: Zaqatala Dövlət Təbiət Qoruğu 
Yaradıldığı il: 1929 
Sahə (hektar): 47349 
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında
Qısa məlumat: Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimal-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.

 

Adı: Korçay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 2008
Sahə (hektar): 4833,6
Olduğu yer: Goranboy rayonu
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq dağlıq sahələrdən ibarətdir. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək olar. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

 

Adı: Eldar Şamı Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 2004
Sahə (hektar):1686
Olduğu yer: Samux rayonunun ərazisində
Qısa məlumat: Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm-dir. Onun adı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Eldar Şamı Dövlət Təbiət Qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

 

Adı: Şirvan Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1969
Sahə (hektar): 6232
Olduğu yer: Salyan və Neftçala rayonlarınının ərazisində
Qısa məlumat: Qoruq Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində ceyranların, su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. 2003-cü ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan Respublikası Prezidentinin 
sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.


 

Adı: Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu​
Yaradıldığı il: 2007
Olduğu yer: Bakı və Abşeron yarımadası
Qısa məlumat: Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu 2007-ci ildə yaradılmışdır. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssislərinin iştirakı ilə "Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası" yaradılmışdır.