BƏDİİ METAL

Azərbaycan xalq sənətinin çox qədim və zəngin ənənələri vardır.

Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman qurğuşun, qalay, marqans metallarının kəşfi Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş.

Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsi və bəzən çox orijinal formalarda olmalarına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar. Qədimdə metal əsas etibarı ilə dini xarakter daşıyan bədii sənət əsərlərinin düzəldilməsində istifadə olunduğuna görə, çox güman ki, maral bütövlükdə bu ərazidə yaşayanların pərəstiş etdikləri totem imiş.

Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz içərisində öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri və naxışları ilə adamı valeh edir.

Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və geyimləri ilə yaxından tanış ola bilərik. Belə sənət nümunələri içərisində Mingəçevirdən tapılmış e.ə. VIII-VII əsrlərə aid başı möhürlü tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Bu möhürlərin üzərindəki şirlə vuruşan adam, nizə və qalxanlı döyüşçü və oda sitayiş edən şəxsin təsvirləri hər şeydən əvvəl, o zamankı dövrün geyimləri və insanların adətləri haqqında bizdə təsəvvür yaradır.

Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqda verdiyi məlumatlarında da rast gəlirik. Həmin dövrdə Cənubi Azərbaycanda metal emalı daha yüksək səviyyəyə çatmışdır.

Bu inkişaf Cənubi Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş zərgərlik sənəti nümunələrində özünü göstərə bilmişdir.

Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Ziviyə və s. yerlərdən tapılmış nadir sənət əsərləri nəinki qədim Azərbaycanın tarixini və incəsənətini işıqlandıra bilən mühüm əhəmiyyətə malik olan materiallardır, həmdə qədim Yaxın və Orta Şərq mədəniyyətinin inkişafı problemlərinin məsələlərini aydınlaşdıra biləcək çox qiymətli sənəddir.

Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz içərisində Həsənli təpəsindən tapılmış qızıl cam xüsusilə diqqəti cəlb edir. Camın üzərindəki rəsmlər bəzi yerlərdə iki cərgə, bəzi yerlərdə isə üç cərgə şəklində yerləşdirilərək, bütün əşyanı başdan-ayağa qədər örtmüşdür. Qızıl camı tapan Amerika arxeoloqu Robert Dayson qabın üzərindəki təsvirlərə əsaslanaraq onun təxminən e.ə. IX-VIII əsrlərdə yarandığını bildirir.

Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini Urmiya gölü ətrafında Ziviya mahalından tapılmış e.ə. VIII-VII əsrlərə aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir. Döşlük rəsmlərlə bəzənmişdir. Burada şir, qoç, it, dovşan, başı insan bədəni qanadlı şir fiqurları həkk olunmuşdur.

Qızıl döşlüyün üzərindəki canlı təsvirlər içərisində insan başlı, şir bədənli fiqurlar xüsusilə diqqəti cəlb edir. Bunlar öz ümumi görünüşü, kompozisiyası və işləmə üsulu ilə qədim Assuriyada II Sarqonun sarayının girişində qoyulmuş, tarixdə "Şedu" adı ilə məşhur olan heyvanları xatırladır. Qeyd etmək lazımdır ki, elə bu heykəllər də e.ə. VIII-VII əsrlərdə yaradılmışdır. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişaf etdiyini bir daha göstərir.

Azərbaycan el sənətləri tarixində ən zəngin dövrlərdən birini orta əsrlər təşkil edir. Bu dövrdə yaradılmış məişət əşyaları içərisində Mingəçevirdən arxeoloji qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən qab-qacaqlar xüsusən maraqlıdır. Bu qablar içərisində gümüşdən düzəldilmiş nimçə öz incə naxışları və gözəl forması ilə həmişə tamaşaçıların nəzərini cəlb edir. Nimçəni canlandıran əsas şərtlərdən biri onun üzərindəki ardıcıl təkrar olunan qabarıq xətlərdir. Bunlar bir barelyef kimi özündə işıq və kölgə əmələ gətirir və beləliklə bütün əşyanı bədiiləşdirir. Yenə Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən, həmin dövrə aid olan çox zərif aftafa da bu üslubda bəzədilmişdir.

Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına vaxtı ilə Dağıstandan tapılmış, hazırda Sankt-Peterburqun Ermitajında saxlanılan bürünc məcməini də aid etmək olar. Məcməinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orijinal sənət əsərini VI-VII əsrlərə aid edir. Məcməinin ortasında böyük medalyonda verilən nəbati ornament motivləri xüsusilə diqqəti cəlb edir.

Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə məişət əşyaları yox, zərif zinət işləri də hazırlayırdılar.

Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərə qədər də yüksək səviyyədə olduğunu göstərir. Zərgərliyin ən mürəkkəb texniki üsullarında: şəbəkə, basma, qələm işi və s. bəzədilmiş bu sənət nümunələri öz orijinal formaları və zərif işlənməsi ilə fərqlənir.

Maraqlı burasındadır ki, bu əsr zərgərlik nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara, beşguşəli ulduz və s. motivlər dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarmız tərəfindən işlənməkdədir.

XI-XV əsrlərdə Azərbaycan metal sənəti yüksək inkişaf mərhələsi keçmişdir. Bu dövrdə metaldan müxtəlif növlü silahlar, müxtəlif formalı ev avadanlığı və s. sənət nümunələri hazırlanmışdır ki, bunların da bir çoxları dövrümüzə qədər gəlib çata bilmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, yenə də Gəncə, Şamaxı, Naxçıvan, Təbriz metal məmulatı hazırlayan mərkəzlərdən idi. Aparılmış arxeoloji qazıntılar göstərir ki, XII əsrdə və nisbətən sonralar Bakı şəhəri bu sahədə görkəmli yerlərdən birini tutmuşdur.

Bu dövrdə metaldan düzəldilmiş abidələr içərisində diqqəti cəlb edən yüksək sənətkarlıq nümunələrindən biri Sankt-Peterburqun Dövlət Ermitajında saxlanılan 1206-cı ilə aid tuncdan tökülmüş Şirvan lüləyinidir. İlk baxışda bunun adi bir su qabı olduğunu müəyyən etmək bir qədər çətindir. Çünki qab kiçik heyvan heykəllərindən ibarətdir. Kompozisiya stilizə edilmiş formatda yaradılmışdır. Tunc lüləyinin üzəri cızma və xatəmkarlıq üsulunda gümüşlə bəzədilmişdir. Şirvan lüləyinin ornamental bəzəkləri arasında qiymətli tarixi mənbə olan yazılar da vardır. Yazıların birində bu gözəl sənət nümunəsini yaradan sənətkarın adı "Əli Məhəmməd oğlü" həkk olunmuşdur.

Bu dövrlərdə yaranmış sənət nümunələri içərisində tapılmış metal məmulatları da diqqəti cəlb edir. Bu nümunələr əsas etibarı ilə İçərişəhərdə Şirvanşahlar sarayı qoruğunda aparılan arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Həmin metal nümunələri içərisində tuncdan düzəldilmiş bədii bir çıraq xüsusilə diqqəti cəlb edir.

Çıraq başdan ayağa qabartma səpgisində düzəldilmiş müxtəlif tipli təsvirlərlə bəzədilmişdir. Burada real bir səpgidə at, iki öküz, on dörd pişik başı və iki insan sifəti təsvir olunmuşdur.

Şirvan ərazisi ilə əlaqədar olan abidələrə Quba rayonundan tapılmış XIII-XIV əsrlərə aid edilən bürünc manqalı da aid edə bilərik. Hündürlüyü 30 sm, ağzının dairəsinin mühiti 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc manqal öz orijinal forması və ornamental bəzəkləri ilə diqqəti cəlb edir. Manqal üzərindəki verilmiş yazılar onun misgər Əhməd Məhəmməd oğlu tərəfindən düzəldiyini bildirir. Metalişləmə sənətkarlığı sahəsində bu əsrlərdə Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz şəhərləri də mühüm mərkəzlərdən sayılır.

Arxeoloji qazıntıdar zamanı bu yerlərdən əldə edilmiş sənət nümunələri bunu bir daha təsdiq edir. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan (Örən-qala) tapılmış bürünc insan, quş fiqurları və hazırda Parisdə Luvr muzeyində saxlanılan Osman Salman oğlu Naxçıvani tərəfindən 1190-cı ildə düzəldilmiş bürünc dolça xüsusi ilə maraqlıdır.

Sadaladığımız sənət abidələrindən görünür ki, bu əsrlərdə həyat və məişətdə istifadə edilən metal məmulatların əksəriyyəti bürüncdən düzəldilmişdir.

XIV-XV əsrlərdə bədii metal sənətkarlığı sahəsində Təbriz şəhəri görkəmli yerlərdən birini tutur. Hələ XIII əsrin II yarısında Azərbaycana gəlmiş məşhur Venesiya səyyahı Marko Polo Təbriz şəhərinin böyüklüyündən, müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır. Hazırda dünyanın bir çox görkəmli muzeylərində bu əsrlərdə Təbrizdə yaradılmış bir çox orijinal bədii metal sənəti nümunələri nümayiş etdirilir. Bunlardan 1319-cu ildə Yusif ibn Əhməd Təbrizi tərəfindən düzəldilmiş və hazırda Londonda Viktoriya və Albert muzeyində nümayiş etdirilən bədii kasanı və Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan tunc tiyanı xüsusilə qeyd etmək lazımdır.

Üzərində milli ənənləri əks etdirən bu dövrə aid sənət nümunələri içərisində diqqəti ən çox cəlb edən abidə 1399-cu ildə Təbrizdə Əbdül Əziz Şərəfəddin oğlu tərəfindən düzəldilmiş tiyandır. Ağırlığı 2000 kq və diametri 2,45 sm-ə yaxın olan bu nəhəng tiyan şərq aləmində düzəldilmiş ən böyük tiyanlardan sayılır. Tiyanın şöhrəti təkcə onun misli görünməyən böyüklüyündə olmasında deyil, həm də bədii tərtibatındadır. Tiyan üz tərəfdən dairəvi gözəl nəbati naxışlarla bəzədilmişdir. Naxışlar arasında nəsx xəttilə bu tiyanın Teymurləngin sifarişi ilə Xoca Əhməd Yasəvi məscidi üçün 1399-cu ildə Təbrizlə sənətkar Əbdül Şərəfəddin oğlu tərəfindən düzəldiyi qeyd olunmuşdur. Bundan əlavə burada bir-birinin ardınca qazan boyu 22 dəfə təkrar olunan "Dünyanın hökmdarı Allahdır" sözləri də yazılmışdır.

Təbrizlə yanaşı, bu dövrdə və sonralar Azərbaycanın başqa şəhərlərində də bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr vardır. Hazırda Amerikada cənab Hararinin şəxsi kolleksiyasında XV əsrə aid çox orijinal bir bürünc istirlab saxlanmaqdadır. Astronomiya elmində istifadə edilən bu cihaz üzərindəki qeydlərə görə 1468-ci ildə məşhur Şirvan ustası Şükrullah Müxis tərəfindən hazırlanmışdır. Bu istirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir.

XVI-XVII əsrlərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə geniş inkişaf etmişdir. Bu dövrdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silah (xəncər, qılınc, topuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə geniş şöhrət tapmışdır.

Rus mənbələrində biz bu əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edirik. Belə mənbələrin birində rus çarı Boris Qodunovun 8 ədəd Şamaxı sənətkarları tərəfindən düzəldilmiş bəzəkli zirehli başlıqlarından bəhs olunur.

Bu dövrdə Azərbaycan silahlarının belə geniş şöhrət tapması əbəs yerə deyil. Yerli sənətkarlar ənənəvi silahların düzəldilməsində indi bir çox yeniliklər icad etmişdilər.

XV əsrdə geniş yayılmış düz və enli qılınclar əvəzinə indi əyri ayparaya bənzər qızıl, gümüş və qiymətli sümük dəstəkli qılınclar daha çox yayılmağa başlayır.

Qalxan və zirehli geyimlərin də tərtibatı əvvəlki dövrlərə nisbətən xeyli zənginləşmiş və dəbdəbəli olmuşdur.

Hazırda Kremlin silah palatasında saxlanılan XIV əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəlliyi olan bu qalxan deyildiyinə görə rus çarı M.F.Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardan olmuşdur. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olmuş, 1622-ci ildə o öldükdən sonra isə daimi olaraq rus çarlarının xəzinəsinə verilmişdir. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üslubunda qızılla bəzədilmişdir.

Azərbaycanda bu dövrdə düzəldilmiş  iki maraqlı əsəri də qeyd etməliyik. Bunların ikisi də müharibə zamanı zadəganlar tərəfindən istifadə edilən baş geyimləridir. Bunların birisi hazırda Moskvada Silah palatasında, o birisi isə İstanbulda saxlanılır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldiyi qeyd olunmuşdur.

Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz F.Mstislavskidə olmuşdur.

Bəhs etdiyimiz sənət əsəri o qədər bəzəklidir ki, o başı qılınc, toppuz və s. zərbəsindən qorumaq üçün geyilən müdafiə geyimlərindən daha çox güləbətin tikməli araxçını xatırladır.

Başlığın bəzəkləri içəriçində xəttatlıq sənəti nümunələri də vardır. Onlar başlığın alın hissəsində enli qurşaqla yerləşdirilmişdir. Burada "Qadir və mərhəmətli Allah naminə" sözləri yazılmışdır.

Başlıq hamarlanmış poladdan düzəldilmiş, onun bəzədilməsində bədii metal emalının üç texniki üsulundan: şəbəkə, xatəmkarlıq və qələm işindən məharətlə istifadə olunmuşdur.

XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin ayrılmaz bir qolunu da zinət işləri təşkil edir. Bunlar əsas etibarı ilə qızıl və sümükdən düzələrək həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi.

Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəkləri gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür: 1. boyun bəzəkləri; 2. qol və barmaq bəzəkləri; 3. baş bəzəkləri; 4. libaslara bənd olunan bəzəklər.

Bu əsrlərdə düzəldilmiş və dövrümüzə qədər gəlib çatmış zərgərlik nümunələri içərisində iki əsəri qeyd etmək olar. Bunlardan biri Gədəbəy rayonunda qazıntı işləri zaman; Səfəvi sikkələri ilə birlikdə aşkara çıxmış badam və nar dənələri formalı üstü naxışlı gümüş boyunbağı, o birisi isə I Şah İsmayılın 1507-ci il tarixli qızıl kəməridir.

Şah İsmayılın qızıl kəməri xüsusilə maraqlıdır. Hazırda İstanbulda Topqapı sarayı muzeyində saxlanılan bu kəmər kişi kəmərlərinin ən zəngin və bəzəkli nümunələrindəndir. Kəməri bəzəyən nəbati ornamental naxışlar dövrün xalça, parça və qeyri sənət nümunələrində rast gəlinən bəzəkləri xatırladır. Kəmərin ən gözəl hissəsini onun toqqası təşkil edir. Dairə formasında olan bu toqqada real səpkidə at belində ova çıxmış bir zadəgan gənc və onu müşahidə edən bələdçi təsvir edilmişdir.

Toqqa içərisindəki təsvirlər həm ümumi kompozisiya, həm də ayrı-ayrı motivləri ilə dövrün miniatür sənətindəki bəzi süjetləri xatırladır.

XVIII əsrdə Azərbaycanda ən çox misgərlik inkişaf etmişdir. Xarici ölkə səyyahları Təbriz, Gəncə, Şəki, Şuşa, Şamaxı, Bakı şəhərlərində bu əsrlərdə xüsusi misgərlik küçəsi olduğunu və orada misdən bəzəkli, orijinal formalı qab-qacaqlar düzəldiyini qeyd edirlər.

Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.

Lahıcda bu əsrlərdə külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarı ilə heç də o dövrün mərkəzi şəhərlərində hazırlanan məhsullardan geridə qalmırdı.

Lahıcda düzəldilmiş metal məmulatları içərisində əlimizdə olan sənət nümunələrimizdən XVIII əsrə aid olan bir samovar xüsusilə diqqəti cəlb edir. Samovar öz proporsiyalarının düzgünlüyü, formasının gözəlliyi ilə bərabər üzərindəki bəzəkləri ilə də diqqəti cəlb edir. Burada stilizə olunmuş nəbati, zoomorf və insan təsvirləri həkk olunmuşdur. Samovarın dekorativ tərtibatında istifadə olunan naxışların əksəriyyətinə biz Azərbaycan el sənətinin bir çox növlərində (daş və divar bəzəkləri, parça, tikmə və s.) rast gəlirik. Samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən hicri dövründə 1130-cu ildə (1717-ci ildə) misdən hazırlanmış və bəzədilmişdir.

XVIII əsrdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri düzəltməkdə görkəmli yerlərdən birini tuturdu.

Mənbələr göstərir ki, bu əsrlərdə Şəki sənətkarları bəzəkli tökmə manqallar düzəltməkdə xüsusilə şöhrət qazanmışdılar.

Bu manqallar çox böyük deyildir. Onların əksəriyyəti 6-8 ədəd biri digərinə qarmaqla bənd edilmiş tökmə bürünc hissəciklərindən təşkil edilmişdir. Bu tökmə bürünc hissəcikləri üzərində qabarıq bir səpkidə nəbati, həndəsi ornamentlərlə yanaşı, quş və heyvan fiqurlarına da rast gəlirik.

Nəbati naxışlar içərisində dalğavari xətt üzərində gül, çiçək, yarpaq bənd olunmuş "İslimi" adlı kompozisiya, həmçinin üz-üzə dayanmış bülbül və şir fiqurları əsas yer tuturlar.

XVIII əsrdən dövrümüzə qədər bir çox zərgərlik sənəti nümunələri də gəlib çatmışdır.

Bu əsrlərdə Azərbaycan qadınları tərəfindən istifadə edilən bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaq və s. göstərmək olar.

Bu tipli bəzəklər qiymətli muncuq, mirvari və ya paxlava, arpa formalı qızıl, gümüş hissəciklərinin biri o birinə bənd edilməsi ilə düzəldilirdi. Bir çox hallarda bu boyun bəzəklərinin yaxşı görünməsi üçün aşağı hissəsindən sinə üstə dairə formasında üzəri şəbəkəli başqa bir hissə də bənd edilib sallanırdı. Bəzən bu bəzəkli dairə əvəzinə, şəbəkə, qələm işi və s. texniki üsula işlənmiş 6, 8 və ya 12 guşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilərdi.

Bu əsrlərdə yaradılmış ən gözəl zərgərlik nümunələri sırasında hazırda Zaqatala ölkəşünaslıq muzeyində saxlanılan 2 eyni tipli qadın baş geyimlərini də aid etmək olar.

Haqqında bəhs etdiyimiz baş geyimləri ilk nəzərdə dəbdəbəli bir dəbilqəni andırır.

Başlıq müxtəlif ölçülü və formalı gümüş hissəciklərinin bədii bir şəkildə biri o birinə halqa ilə bağlanmasından təşkil edilmişdir. Bu bəzəkli gümüş hissəcikləri yeknəsəq görünməsin deyə onların arasında daş-qaşla bəzədilmiş dairə formasında lövhələr verilmişdir. Onlar başlığın yan və təpə hissəsində yerləşdirilmişdir. Başlığın ən gözəl hissəsi onun təpəsindən yuxarı uzanan boruya bənd edilmiş zərif aypara ilə ulduz fiqurudur.

Zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiq edir.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə, kəmər keçmişdə qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsini təşkil edirdi. Araşdırmalar göstərir ki, keçmişdə kəmərlə onu gəzdirən şəxsin və vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyətini və hətta yaşını belə bilmək olurdu.

XVIII əsrdə Azərbaycanda kəməri həm kişilər, həm də qadınlar taxardılar. Adətə görə qadınlar enli, kişilər isə nazik kəmərlər taxardılar.

Bu əsrlərdə kəmərlər fiqurlu və bəzəkli bürünc, gümüş və ya qızıl hissələrindən düzəldilərdi. Onların ən gözəl hissəsini toqqalar təşkil edirdi. Toqqalar, adətən, üzəri şəbəkə, qələm işi, bəzən isə daş-qaşla bəzədilmiş enli dördkünc metal hissəsindən ibarət olurdu. Əksər hallarda kəmərin aşağı hissəsinə qadınlarda 23 cərgə qızıl-gümüş pullar və ya paxlavavari, buta formalı bəzəklər, kişilərdə isə ətəyə qədər uzanan hissəsinin üzərinə müxtəlif fiqurlu metal hissəcikləri taxılmış bir neçə qayış bənd edilirdi.

XVIII əsrdə Azərbaycanda ən geniş yayılmış kəmərlərdən biri "çərkəzi kəmər" adlı kişi kəməri idi. Belə kəmərin üzərinə arabir paxlava, dairə, bəzən üz-üzə dayanmış at, qoç təsvirləri, üzəri qarasavad, basma üsulu ilə bəzədilmiş etal fiqurları bənd edilirdi.

XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minaçılıqdır.

Döymə ən qədim üsullardan biridir. Sənətkarlığın başqa texniki üsullarına nisbətən xeyli sadədir. İti göz və böyük ustalıq tələb edir. Sənətkarlar çəkic və ucu nazik alətlərlə işləyirlər.

Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəldilməsində işlədilirdi.

Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.

Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur; birincisi qızıl və gümüş tellərlə əşyanın əsasını təşkil edir, ikincisi isə həmin əşyanın üzərini bəzəyir.

Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlğın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə də böyük məharət göstərmişlər.

Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biri idi. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi.

Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri metal parçdan üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra buradan əmələ gələn boşluqları mina mayesi ilə doldururlar.

Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur.

Digər ölkələrin minaçılarına nisbətən Azərbaycan minaçılarının əsərləri daha çox şöhrət qazanmışdı, çünki onların əsələrində qarışıq, bulanlıq rəng olmazdı. Onların rəsmin boşluqlarına tökdükləri hər rəngin öz xüsusiyyəti olduğundan bu rənglər qızır və s. tel pərdəsi ilə bir-birindən ayrılır. Azərbaycan minalarının belə rəngarəng olması, bu rənglərin bir-birinə ahəngdarlığı insanı valeh edir.

XIX-XX əsrin əvvəllərində Azərbaycanda metalişləmə sənətkarlığının əsas etibarı ilə 3 növü inkişaf etimişdir. Bunlar dəmirçilik, misgərlik və zərgərlik sənəti idi. Dəmirçilər əsas etibarı ilə kənd təsərrüfatı alətləri və məişətdə işlədilən əşyalar hazırlayırdılar: manqal, sacayağı, qapı dəstəyi, maşa və s.

Azərbaycanda böyük irsə malik olan misgərlik sənəti bu əsrlərdə də metal işləmə sənətində görkəmli yer tuturdu. Xalqımızın məişət xüsusiyyətindən və təsərrüfat məşğuliyyətindən asılı olaraq Azərbaycanda qazan, tava, sərpuş, sərniş, sini, satıl, aftafa, səhəng, dolça və s. kimi mis qablara hələ də böyük ehtiyac var idi.

Metal işləmələrin o biri növlərinə nisbətən zərgərlik sənəti bu əsrlərdə daha çox keçmiş dövrün mütərəqqi ənənələrinə sadiq qalmışdı. Əvvəlki dövrlərdə Azərbaycan qadınları tərəfindən gəzdirilən üzük, sırğa, bilərzik, sinəbənd, kəmər və s. yenə də dəbdə idi.

Bakı, Şamaxı zərgərlərinin minalı sırğaları, Gəncə, Şəki ustalarının şəbəkəli boyun, sinə bəzəkləri, daş-qaşlı qızıl telbasanı, Şuşa sənətkarlarının aynalı kəmərləri bu günədək insanı valeh edir.

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Lahıc misgərlik sənəti Azərbaycandan  UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.