ENERJİ RESURSLARININ ƏSAS NƏQL MARŞRUTLARI

Azərbaycanın "Yeni neft strategiyası"nda mühüm məsələlərdən biri də enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılması olmuşdur. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşrutlarının şaxələndirilməsi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verir. Hal-hazırda Azərbaycanın enerji resursları bir-neçə marşrutla dünya bazarına çıxarılır. Bunlar Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, həmçinin  Cənub Qaz Dəhlizi layihəsi əsasında reallaşan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans-Anatolian Natural Gas Pipeline)  və TAP (Trans Adriatic Pipeline) qaz boru kəmərləridir.

"Yeni enerji strategiyası"na uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra  uğurlu layihələrə imza atılmışdır. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi   bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Bugün həyata keçirilən enerji resuslarının düzgün  nəql strategiyası nəticəsində respublikamız  dünya enerji bazarında rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

 

Bakı-Novorossiysk

1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. ABƏŞ, ARDNŞ və Transneft arasında imzalanan üçtərəfli sazişdə neftin Novorossiysk limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini tapmışdır. Rusiya bu müqavilədə öz mövqeyini obyektivləşdirərək müqavilənin 2-ci bəndində qəbul edirdi ki, Azərbaycan neftinin sahibi deyildir və Azərbaycan neftinə mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Bu həmin dövr üçün, Azərbaycanın "Yeni neft strategiyası"nın əldə etdiyi mühüm nailiyyəti kimi qiymətləndirilməlidir. Bu müqavilənin ilkin şərtlərinə uyğun olaraq 1997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına çıxmış oldu. Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 km, Azərbaycan ərazisindəki uzunluğu isə 231 km, kəmərin diametri 720 mm-dir. Kəmərin illik nəqletmə gücü 6,1 milyon tondur.

 

Bakı-Supsa

1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu.

Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanmışdır. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Qərb istiqamətində uzanan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.

 

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri

Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi strateji əhəmiyyətli bir layihənin gerçəkləşməsi çox önəmli hadisə olmuşdur. 

İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyini tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç Prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşmasının siyasi qərarı verilmiş oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyannaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur.

Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Bəyannaməni prezidentlər H.Əliyev, S.Dəmirəl, B.Klinton E.Şevardnadze, N.Nazarbayev və S.Niyazov imzaladılar. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə 3 dövlət başçısı — Azərbaycan Prezidenti H.Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş oldu.

BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. 

Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənmişdir. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.

BTC kəməri ilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bu kəmər Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malikdir.

 

Cənubi Qafqaz Boru Kəməri

Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (10%), Statoyl (25,5%), BP (25,5%), TotalFinaElf (10%), LukAcip (10%), OLİK (10%), TPAO (9%) şirkətləridir. “Şahdəniz” qaz-kondensat yatağının aşkar edilməsi ilə əlaqədar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanın neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı.

2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdır. 2001-ci il sentyabrın 29-da Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş" imzalanmışdır.

2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı Şahdəniz qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.

Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bakı-Tbilisi-Ərzurum kəmərin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.

Hazırda Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi işləri həyata keçirilib və illik nəql qabiliyyəti daha 16 milyard kub metr artırılaraq, ümumilikdə  23,4 milyard kub metr səviyyəsinə çatdırılıb. 

 

Cənub Qaz Dəhlizi  

2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında təməli reallaşan “Cənub” qaz dəhlizi 20 illik uğurlu enerji siyasətinin məntiqi davamı idi.  Bakı-Tbilisi-Ceyhan boru kəmərindən iki dəfə uzun olacaq layihə, 45 milyard dollar dəyərində qiymətləndirilir. Layihə Azərbaycana əlavə dividendlər gətirməklə, ölkə iqtisadiyyatını daha da sürətlə inkişaf etdirəcəkdir.

Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktor olan Cənub Qaz Dəhlizi çoxtərəfli  tərəfdaşlığı genişləndirərək beynəlxalq əməkdaşlıq prosesini sürətləndirəcəkdir. “Cənub” qaz dəhliz layihəsinə ilk olaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya gələcək mərhələdə isə Monteneqro, Xorvatiya və digər ölkələr qoşula biləcəklər.

Cənub Qaz Dəhlizinin reallaşması üçün 4 elementin hər biri  ilə bağlı işlər uğurla davam etdirilib.  Hazırda dəhlizin 4 elementi —  “Şahdəniz-2” yatağı, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi,  TANAP və TAP layihəsi üzrə işlər işlər uğurla yekunlaşmışdır.

29 may 2018-ci il tarixində Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutub.

Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TANAP layihəsinin icrası üçün 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər. 

12 iyun 2018-ci il  tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib.

Trans-Anadolu Qaz Kəməri təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 8 mlrd. ABŞ dollar olmuşdur.

Ümumi uzunluğu 1850 kilometr olan TANAP-ın 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin diametri 1,4 metrdir.  Kəmərin buraxılış qabiliyyəti 2026-cı ildə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP layihəsi CQBK və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutub. TAP boru kəməri Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənərək İtaliyanın Puqlia bölgəsində sahilə çıxır. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarlarının layihədə payları — BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).