QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TURİZM BÖLGƏSİ

Qarabağ Azərbaycanın ən gözəl regionlarından biridir. Füsunkar mənzərəli təbiəti, zəngin mənəvi və mədəni ənənələri olan Qarabağ bir çox görkəmli azərbaycanlı alimlərin, şairlərin, yazıçıların, sənətkarların, musiqiçilərin və xanəndələrin doğulduğu yerdir. Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Azərbaycan xalq folklorunun ən qədim, ən nadir nümunələrindən olan yüzlərlə musiqi əsərləri Qarabağda yaradılmışdır.

Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. 1968-ci ildə Qarabağ ərazisində yerləşən Azıx mağarasında qədim insanın qalıqları tapılmışdır. Güman ki, bu ərazidə insanlar hələ 250-300 min il əvvəl yaşamışlar. Bu qədim torpaqların zəngin təbiəti və təbii sərvətləri həmişə diqqət mərkəzində olmuşdu.

Təəssüf ki, 30 ilə yaxın işğal nəticəsində bu ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilmiş, dağıdılmış və qədim tarixə malik olan qiymətli  əşyalar  ölkəmizdən çıxarılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Tarixi-mədəni abidələrimiz talan edilmiş, bütün infrastruktur məhv edilmiş, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri vəhşicəsinə uçurulmuş, ziyarətgahlar darmadağın edilmişdir.

Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlayan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdiriləcək. Qısa bir müddət ərzində Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin — Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Qısa bir müddət ərzində Şuşada "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Qarabağda 3 hava limanının tikilməsi də təsadüfi deyildir. Füzuli Hava Limanı artıq fəaliyyətə başlamışdır, Zəngilan və Laçın Hava Limanlarının da yaxın vaxtlarda fəaliyyətə başlaması istisna olunmur. Bu isə Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaqdır.

Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda "dark" — yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur.

Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək.

Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Buradakı “İstisu” mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür.

Eyni zamanda “Qafqaz Albaniyası turizm marşrutu” da Qarabağın tarixini saxtalaşdıran erməni yalanlarının ifşası  baxımından mühüm rol oynayacaq. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini — Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Alban mədəniyyətinin izləri Qarabağda və Şərqi Zəngəzurda daha çoxdur. Burada Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adət-ənənələr və s. daxildir. Qeyd edək ki, qədim Alban mədəniyyətinin izi ilə yaranacaq turizm marşrutu ölkəmizin, həmçinin Qarabağın zəngin və tarixi turizm potensialının tanıdılması istiqamətində xüsusi əhəmiyyət kəsb edəcək.

Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində gərgin işlər davam edir. Xüsusi vurğulamaq lazımdır ki, turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də vardır. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini göstərmək üçün eksponat kimi nümayiş olunacaq bəzi tikililərlə də tanış olmaqla Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olacaqlar.

Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir.