Xəzər dənizinin sahilləri dördüncü dövr çöküntülərindən yaranmışdır və özlərinin konfiqurasiyalarının müxtəlifliyi ilə fərqlənirlər. Şimal hissədə onlar dəyişməz və hamar, bəzi yerlərdə isə kəskin şəkildə girintili-çıxıntılıdırlar. Burada Qızlar, Həştərxan, Manqışlaq körfəzləri və çoxlu sayda xırda buxtalar yerləşmişdir. Aqraxan, Buzacı, Tüb-Karaqan və Manqışlaq yarımadaları xüsusi nəzərə çarpır. Volqa və Ural çaylarının mənsəbində sahil xətti, öz yerini dəyişən, çoxlu sayda adacıq və su axarlarının konfiqurasiyasından yaranmışdır. Dənizin orta hissəsi nisbətən hamar sahil xəttinə malikdir. Qərb sahilində, dənizin cənub hissəsi ilə sərhəddə, Abşeron yarımadası yerləşmişdir. Ondan şərqdə Abşeron arxipelaqının ada və sayları nəzərə çarpır. Bunların içərisində ən iriləri Pirallahı və Çilov adalarıdır. Abşeron sahillərindən cənubda Bakı arxipelaqının adaları yerləşmişdir: Xara-Zirə, Qum, Çiqil, Gil, Qarasu, Zənbil, Səngi-Muğan, Daş Zirə, Kür daşı və s. Orta Xəzərin şərq sahili daha girintili-çıxıntılıdır. Burada üzərində Kəngərli buxtası, Pesçannıy, Rakuşeçnıy və Sue burunları yerləşmiş Qazax körfəzi diqqəti cəlb edir. Bu sahilin ən böyük körfəzi Qar-Boğaz-Qoldur. Sadalanan adaların və dənizin cənub sahillərindəki bəzi sayların (Livanovo, İvanovo və s.) yaranması dənizin dibində yerləşmiş sualtı palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədardır.
Xəzərdə, irili-xırdalı, ümumi sahəsi 350 km2-ə bərabər olan 50-yə qədər ada vardır. Onların bir hissəsi yuxarıda sadalanmışdır. Cənubda, Hirkan körfəzi girişində iri Aşur-ada və bir sıra xırda adalar yerləşmişdir. Bu adalar keçən əsrdə Çar Rusiyasının istifadəsində idi və 1921-ci il fevralın 26-da Sovet hökuməti tərəfindən İrana verilmişdir. Səviyyənin dəyişməsindən asılı olaraq Aşur-ada adası dövri olaraq materiklə nazik dillə ya birləşir və ya da aralanır.
Dənizin Azərbaycan sahilləri çox yerdə akkumlyativ ovalıqlardan — şimalda Samur-Dəvəçi ovalığı, mərkəzi hissədə Kür-Araz ovalığının Cənub-Şərqi və Salyan düzləri, cənubda Lənkəran ovalığından ibarətdir. Samur çayı mənsəbindən Abşeron yarımadasınadək sahil xətti az girintili-çıxıntılıdır. Bu hissədə ancaq Samur çayının deltası və Giləzi dili dənizə tərəf kiçik çıxıntılar təşkil edir. Giləzi dilindən cənubda sahil xətti tədricən şərqə dönür və Sarıqayabaşı burnu yaxınlığından Köhnə Bilgəh (Amburan) burnunadək uzanaraq Abşeron yarımadasının şimal sahilini əmələ gətirir.
Burunların sahilləri qumludur və çimərlik baxımından çox yararlıdır. Yarımada ilə Pirallahı adası arasında damba tikilməsi (1941) nəticəsində keçmiş Abşeron boğazı yerində Şimali və Cənubi Abşeron körfəzləri əmələ gəlmişdir. Dənizə doğru 12 km məsafədə uzanan Şah dili Abşeron yarımadasının cənub-şərq qurtaracağıdır.
Abşeron yarımadasından cənuba, Kür çayı deltasınadək sahil xətti girintili-çıxıntılıdr. Bu hissədə bərk süxurlardan təşkil olunmuş Puta, Səngəçal, Ələt, Pirsaat burunları və palçıq vulkanı çöküntülərindən yaranmış Bəndovan burnu və onların aralarındakı körfəzlər (buxtalar) yerləşir. Şıx və Ələt burunları arasında sahil çox yerdə yüksəklik və təpələrdən (400 m-dək) ibarətdir. Bunların çoxu palçıq vulkanı mənşəlidir.
Kür çayının deltası Xəzərin qərb sahilində ən böyük deltadır. Qızılağac körfəzi və eyniadlı qoruq Kürün deltası ilə Sarı yarımadası arasında yerləşmişdir.