HEYVANLAR ALƏMİ

Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar.​

Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.

Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı, fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.