AZƏRBAYCAN NEFTİ
Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik
olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün,
gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin
inkişaf etməsi üçün ən əsas amildir.
Heydər Əliyev
Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlamışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.
İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır.
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının — Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.
Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.
Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu.
Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu.
Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın səkkiz ölkəsini təmsil edən 13 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Təsadüfi deyil ki, bu saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı və sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 saziş imzalandı. Bu sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşları 60 mlrd. dollara çatdırıldı.
Dövlət siyasətinin başlıca istiqamətlərindən biri olan neft yataqlarının birgə işlənməsindən əldə edilən gəlirlərin ölkənin iqtisadi və sosial tərəqqisinə yönəldilməsini təmin etmək məqsədi ilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur. Lakin ulu öndərimiz Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı il yanvar ayında “Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında” Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. 1997-ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də ölkə tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.
Lakin bütün bunlara baxmayaraq, həmin dövrdə əsas ixrac neft boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi aktual və ziddiyyətli məsələ olaraq hələ öz müsbət həllini tapmamışdır. Nəhayət, 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində, ATƏT Sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı.
Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə — Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin noyabr ayında “Azərbaycan və təhlükəsizliyi" sahəsində Avropa İttifaqının ən yaxın tərəfdaşlarından birinə çevrilmişdir.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.
Neft-qaz təsərrüfatında baş verən ən mühüm hadisələrdən biri kimi 2010-cu ildə Azərbaycanda yeni böyük qaz yatağı –“Ümid” yatağının kəşf edilməsidir. Əldə olunan böyük nailiyyətlərdən biri də “Abşeron” yatağının ehtiyatlarının müəyyən edilməsidir. ”Abşeron” yatağının ehtimal olunan ehtiyatları 350 milyard kubmetr qaz təşkil edir. Bu yatağın kəşf edilməsi ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon 550 milyard kubmetrə çatmışdır.
2014-cü ilin sentiyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuşdur.
Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilərək tamamlanmışdır.
2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.
2021-ci ilin yanvarında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək Transxəzər enerji kəmərinin reallaşmasına töhvəsini verəcək.
Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Başqa sözlə desək, Yeni neft strategiyası əsas məqsədinə — ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olmuşdur.