AZƏRBAYCAN DİLİNDƏ XÖRƏK ADLARININ YARANMASININ QANUNAUYĞUNLUQLARI

Ümumtürk mətbəxinin bolqar, yuqoslav, rus və digər mətbəxlərə təsiri haqqında çox yazılmışdır. Maraqlıdır ki, Azərbaycan mətbəxi ərəb və fars mətbəxinə də güclü təsir göstərmişdir. Misal üçün, görkəmli alim Cavad Heyət "İki dilin müqayisəsi" kitabında Azərbaycan dilindən fars dilinə keçmiş digər sözlər arasında 60-a yaxın kulinar terminini misal göstərir.

Dilçilik nöqteyi-nəzərindən Azərbaycan dilində xörək adlarının əmələ gəlməsinin müəyyən qanunauyğunluqları var. Birinci qanunauyğunluq ondan ibarətdir ki, xörəyin adı onun hazırlanmasının mərhələlərinə, təsirin forma və metodlarına uyğun gəlir.

Misal üçün, "qatlama", "dolma", "doğramac", "əzmə" başlanğıc texniki təsir metodlarını göstərirlər; "qızartma", "pörtləmə", "qovurma", "bozartma", "dondurma" və s. istilik təsirinin üsullarıdır; "dindili küftə", "nazik yarpaq xəngəl", "yuxa", "lülə kabab" və s. xörəyin həndəsi formalarını; "yarpaq dolması", "yarma xaşıl", "düyü çinkuru", "səbzi kükü", "bal qaymaq" xörəyin hazırlanması üçün əsas xammalı; "qatıq", "sulu xəngəl", "hora" konsistensiyanı; "turşu", "şoraba", "şirin nazik" xörəyin orqanoleptik xassələrini; "sac içi", "tava kabab", "kölfə çörək" və s. ocağın adını; "Gəncə paxlavası", "Tovuz xəngəli", "Qarabağ basdırması", "Şəki halvası" xörəyin hazırlanma məkanını göstərir.

Qeyd edək ki, çox zaman xörəyin adı onun bir deyil, bir neçə növünü bildirir. Misal üçün, dolmanın 30-a yaxın, plovun 200-ə yaxın növü və s. bəllidir.

İkinci qanunauyğunluq "aş" sözü ilə bağlıdır. Bir sıra terminlər bu sözdən gəlir: aşpaz, aşçı, aşxana, xaş (heyvan ayaqlarından xörək — qaynar həlməşik), xaşıl (qatı un yarması), qaşıq və bir çox digərləri. "Aş", "as" terminlərinə biz bir çox qədim türk yazılı qaynaqlarında, o cömlədən Orxon-Yenisey və digər yazılı daş abidələrdə rast gəlinir.

Kulinar terminlərinin əmələ gəlməsinin üçüncü qanunauyğunluğu bütün türk dillərinə aiddir. Məsələn, Türkiyədə "imambayıldı" (molla xörəyin ləzzətindən huşunu itirdi), Qazaxıstanda "beşbarmaq", Azərbaycanda "xəngəl" (xan gəl), "tərxan" (gənc xan), "ağsaq oğlaq", "tutmac" (ac tutma, ac qoyma), "qalac" (ac qal) kimi xörəklərin adlarının əmələ gəlməsindəki oxşarlıq buna misal göstərilə bilər.

Bütün bunlar onu göstərir ki, xörəyin adının mənası hansı dillə isbat edilirsə, xörək həmin xalqa mənsubdur. Dilimizdə öz izahını verən xörəklərimiz sırf Azərbaycan mətbəxinin məhsulu hesab edilir.