8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.