Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşardılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.