Azərbaycan Respublikasının müasir relyefinin başlıca elementləri və geomorfoloji quruluşunun əsas xüsusiyyətləri ən yeni tektonik mərhələdə (Oliqosen-Antropogen) yaranmış və mürəkkəb inkişaf yolu keçmişdir. Həmin mərhələdə dağlıq sahələr 2,5-4,5 km (denudasiya kəsiminin qalınlığı nəzərə alınmadan) qalxmış, düzənlik sahələr isə 2,5-3 km-dən 8-11,5 km-ə qədər çökmüşdür. Tektonik qalxma sürətinin denudasiya parçalanma sürətindən çox olduğu yerlərdə dağlar, çökmə sahələrində isə çökmənin sürəti dəniz və kontinental çöküntü toplanmanın sürəti ilə tarazlaşdığına görə düzənliklər əmələ gəlmişdir. Həmin regionların tektonik quruluşu və geoloji inkişaf tarixi müxtəlif olsa da, onların relyefinin əmələ gəlməsində oxşarlıq və ümumilik də olmuşdur. Bunlardan biri Xəzər dənizi səviyyəsinin ümumi eroziya bazisi rolunu oynamasıdır. Xəzər dənizi səviyyəsinin dəyişmələri həm dağlıq, həm də düzənlik sahələrin relyefinin inkişafına mühüm təsir göstərir və yuyulma proseslərinin vaxtaşırı güclənməsi, zəifləməsi, sabitləşməsi ilə əlaqədar relyefin planasiyası (hamarlanması) prosesləri də ümumi xarakter daşımışdır. Bununla yanaşı, relyefin inkişafının yalnız ayrı-ayrı regionlara məxsus xüsusiyyətləri də olmuşdur (Kiçik Qafqazda maqmatik, Böyük Qafqazın cənub-şərqində palçıq vulkanizminin inkişafı). Litoloji, iqlim, yüksəklik qurşaqlarının xarakteri və s. xüsusiyyətlərdən asılı olaraq ekzogen relyef əmələgətirici porseslərin inkişafında da müxtəlifliklər mövcuddur.
Azərbaycan Respublikasında relyefin formalaşması tarixində həlledici rol oynayan orogen (yaxud neotektonik) mərhələ, tektonik rejimin əsaslı dəyişməsi, qalxmanın güclənməsi, Böyük Qafqaz, Kiçik Qafqaz və Talışda quru sahəsinin genişlənməsi ilə səciyyələnir. Dağlarası çökəkliklərdə həmin mərhələnin başlanğıcında narın dənəli qumlu-gilli, axırında isə iri dənəli qumlu-çaqıldaşlı çöküntülər toplanmışdır. Oliqosen-Alt Miosendə tektonik hərəkətlərin təzadlığı artır. Bu zaman çay sistemlərinin təməli qoyulur. Tektonik hərəkətlərin sabitləşdiyi dövrdə ən qədim düzəlmə səthləri formalaşır. Orta və Üst Miosendə Azərbaycan Respublikasının ərazisinin relyefi Alt Miosendə odluğu kimi, lakin daha sakit tektonik şəraitdə inkişaf etməkdə davam edir. Həmin dövrdə geniş düzəlmə səthləri əmələ gəlir.
Üst Miosenin axırlarında Böyük və Kiçik Qafqaz dağlarında qalxma hərəkətlərinin sürəti kəskin güclənir. Relyefin təzadlığı və dağların yüksəkliyi artır. Ərazinin parçalanması və yuyulma materiallarının aparılması güclənir, yeni hidroqrafiya şəbəkəsinin yaranmasının təməli qoyulur. Alt və Orta Pliosendə də dağların qalxmasının güclənməsi, tektonik hərəkətlərin differensiasiyası və relyefdə təzadlığın artması təmayülü davam etmişdir. Ehtimal ki, şaquli landşaft qurşaqları da ilk dəfə bu dövrdə formalaşmışdır. Bununla əlaqədar ekzogen proseslər yeni formada təzahür etmişdir. Azərbaycan Respublikasının relyefi öz müasir simasını Üst Pliosendə və Antropogendə almışdır. Relyefin inkişafının bu dövrü üçün Xəzər dənizi səviyyəsinin dövri dəyişkənliyi, bununla əlaqədar dənizin transqressiya və reqressiyası, həmçinin vulkanizm səciyyəvidir. Hər bir reqressiyadan sonra dəniz Azərbaycan Respubliksının ərazisinin xeyli ihssəsini tərk etmiş, çayların mənsəbi geri çəkilən sahil xəttinə doğru miqrasiya etmişdir. Eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar çay dərələri dərinləşir, onların hövzələrində eroziya prosesləri xeyli güclənir, çay şəbəkəsi əhəmiyyətli dərəcədə dəyişkənliyə uğrayır. Xəzər dənizi səviyyəsinin vaxtaşırı dəyişmələri nəticəsində dəniz və çay terrasları, vulkanizm nəticəsində isə maqmatik (Kiçik Qafqazda) və palçıq (Böyük Qafqazın cənub-şərq hissəsində) vulkanı relyefi formaları əmələ gəlmişdir. Bu dövr üçün, həmçinin tektonik hərəkətlərin təzahürü ilə əlaqədar relyefdə təzadlığın və differensiasiyanın güclənməsi də səciyyəvidir.