AZƏRBAYCAN — AVRASİYANIN NƏQLİYYAT QOVŞAĞI

Son illərdə ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən ölkəmizdə mövcud vəziyyət təhlil edilmiş, qarsıdakı illər üçün hədəf indiqatorları müəyyən edilmişdir.

Şərq-Qərb dəhlizi üzrə 2015-ci ildə 150 milyon ton həcmində tranzit yük daşınmasına baxmayaraq, Azərbaycanın buradakı payı kiçikdir. 2015-ci ildə Orta Asiya və Qara dəniz regionunda yük həcmi 9,9 milyon ton olmuşdursa, 2020-ci ildə bu rəqəmin 13,8 milyon tona çatacağı proqnozlaşdırılır.  Orta Asiyanın Avropa ilə cari ticarət dövriyyəsi 40 milyon tona yaxındır və 2020-ci ildə bu göstəricinin 56 milyon tondan artıq olacağı proqnozlaşdırılır. Bu dəhliz üzrə Azərbaycan ərazisindən 2015-ci ildə cəmi 9,5 milyon ton tranzit yük daşınmışdır. Bundan əlavə, Şimal-Cənub dəhlizi boyunca Rusiya və İran arasında illik ticarət dövriyyəsi (əsasən Xəzər dənizi üzərindən) 4 milyon ton, İranla Qara dəniz hövzəsi ölkələri arasında 2,3 milyon tondur. Tranzit yükdaşıma həcminin artırılması potensialı çox böyükdür və Azərbaycana 2020-ci ilə qədər cəlb olunacaq tranzit yüklərin həcminin artırılması proqnozlaşdırılır.  Qeyd olunan dəhlizlərin potensialından maksimum istifadənin təmin edilməsi, eyni zamanda, logistika sahəsində infrastrukturun və digər işlərin yenidən qurulması və ya optimallaşdırılması nəticəsində:

  • 2020-ci ildə Azərbaycanın real ÜDM-i 400 milyon manat birbaşa və 205 milyon manat dolayı olmaqla, ümumilikdə, 605 milyon manat artacaq;
  • Bilavasitə bu sahədə 10900 olmaqla, ümumilikdə, 18900 yeni iş yeri yaradılacaqdır.

Buna nail olmaq üçün 2020-ci ilədək aşağıdakı aralıq hədəflər müəyyən edilmişdir: region üzrə tranzit ticarət həcmini artıraraq aşağıdakı göstəricilərə müvafiq pay əldə etmək:

  • Orta Asiya və Qara dəniz marşrutu üzrə 40 faiz;
  • Orta Asiya və Avropa marşrutu üzrə 25 faiz;
  • Çin və Avropa marşrutu üzrə 3 faiz;
  • Rusiya və İran marşrutu üzrə 40 faiz;
  •  İran və Qara dəniz marşrutu üzrə 25 faiz.
  • Layihələrin icrası üzrə monitorinq sistemlərinin qurulması və layihələrin başa çatdırılması;
  • Logistika və liman xidmətləri də daxil olmaqla, azad ticarət zonasının fəaliyyətinin təşkili;
  • Azərbaycanda 5 və ya 6 logistika və ticarət mərkəzinin yaradılması (bu mərkəzlərdən dördü 2020-ci ilədək tamamlanmalıdır). Logistika və ticarət mərkəzinin birbaşa təsiri regional logistika və ticarət qovşağının ümumi təsirinin 20 faizinə bərabər olmalıdır (1.2-ci prioritetə əsasən);
  •  Hava yolları ilə əməliyyatlardan əldə edilən xalis gəlirin 5 faiz artırılması. ​

​​Hazırda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində  aşağıdakı mühüm layihələrin icrası  üzrə işlər aparılır.

- Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarının arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafı;

- Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafı;

- Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması;

- Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsi;

- Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olması;

- Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılması;

- Müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi;

- Yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;

- Çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması və s. 

 

TRACECA - Böyük İpək Yolunun bərpası

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRACECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Keçən dövrdə Respublikamızda TRACECA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, TRACECA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin, körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, su nəqliyyatı sisteminin yenidən qurulması  istiqamətində əsaslı  işlər görülmüşdür.

Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində nəhəng infrastruktur layihəsi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi inşa edilmişdir.

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir.

Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

2017-ci il ərzində TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində tranzit yüklərin payı 10 milyon 186,6 min ton və ya 19,3 faiz olub. 2016-cı ilin göstəricisi ilə müqayisədə artım 28,9 faiz təşkil edib.

Qeyd edək ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

 

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.

Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda Mərkəzi Asiya ölkələrinin — Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.

Şərq-Qərb dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan ərazisindən yükdaşımaların həcmini xeyli artıracaqdır. Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi Bakı-Tbilisi-Qars dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasiləsiz çıxışı təmin edərək, Şərq-Qərb dəhlizi boyunca əlaqəni yaxşılaşdıracaq.

Avropaya gedən mövcud alternativlərlə müqayisədə bu marşrut üzrə Bakıdan Aralıq dənizinə yüklərin daşınması müddətinin 10-20 faiz azalacağı təxmin edilir. Həmçinin Bakı-Mersin-Suda marşrutu üzrə irihəcmli qablaşdırılmamış quru yükün (məsələn, buğda) daşınması zamanı yeni Bakı Limanından istifadə xərclərinin 5-10 faiz aşağı olacağı gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu üzrə daşınacaq yüklərin tranzit müddətinin və daşınma xərclərinin daha da yaxşılaşdırılması potensialı ilə yanaşı, bu marşrut aşağıdakı üç amil sayəsində Azərbaycana daha böyük yük axınının cəlb edilməsi üçün vacib ilkin şərtləri təmin edəcəkdir: bu dəmir yolu Avropaya ixracın artırılması üçün əlavə imkan yaradacaq, alternativlərin olması çatdırılma risklərinin daha yaxşı idarə edilməsinə şərait yaradacaq və Türkiyədən Orta Asiya ölkələrinə ixrac üzrə əlavə marşrut çevikliyi təmin ediləcəkdir.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.

 

Şimal-Cənub Nəqliyyat Dəhlizi

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.

Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək.

Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhəddi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub.

Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqaisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi uçun çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq. Bütün işlər yekunlaşandan sonra, Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq.

Gələcəkdə Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.

Dövlətimizin başçısının müvafiq Sərəncamının icrası ilə bağlı verilmiş tapşırığa əsasən, bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci ildə imzaladığı Sərəncama əsasən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üzrə işlər uğurla davam etdirilir.

Mərhələli şəkildə tikilməsi nəzərdə tutulan Liman kompleksində 2018-ci ilin əvvəlində Ro-Ro terminalı istifadəyə verilib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması ilə Azərbaycanın beynəlxalq dəhlizlərə inteqrasiyasını gücləndirir, mükəmməl intermodal (quru, dəmir yolu və su nəqliyyat növlərinin bir araya gəlməsi) və multimodal əməliyyatlar aparılmasına şərait yaradır:

1) Ələt qəsəbəsində yeni Bakı Limanı kompleksi iqtisadiyyatın bütün sektorları üçün son dərəcə güclü təkanverici qüvvə rolu oynayan müasir və inteqrasiya edilmiş liman olacaqdır;

2) Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Şərq-Qərb dəhlizinin tərkib hissəsi kimi, yük və sərnişinlərin Azərbaycan ərazisindən Avropaya daşınması üçün yeni qapı rolu oynamaqla, Gürcüstanın Poti və Batumi limanlarından keçən dəhlizlərə alternativ ola bilər;

3)  İran- Azərbaycan dəmir yolu marşrutu üzrə yüklərin daşınması Şimal-Cənub dəhlizi boyunca dəniz marşrutu ilə müqayisədə xərclər və vaxt baxımından daha üstün imkanlar təklif edəcəkdir. Bundan əlavə, yerli avtomobil yolu infrastrukturuna investisiya qoyuluşları əsas layihələrin bir-biri ilə və yerli istehsalla inteqrasiyasını gücləndirəcək, həmçinin hər üç layihənin səmərəliliyini artıracaqdır. 

Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi layihəsinin potensialı  Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi layihəsi regiondakı mükəmməl dəniz və hava limanı əlaqələri ilə Xəzər dənizində rəqabətli və çoxtəyinatlı liman rolu oynayacaqdır. Xəzər dənizi hövzəsində yerləşən çoxsaylı limanlar arasında bu yeni Bakı Limanı kompleksi ən böyük liman olacaq və tikintisi tamamlandıqdan sonra ümumi illik yükaşırma həcmi 25 milyon ton və 1 milyon TEU (20 futluq konteyner) təşkil edəcəkdir. Yeni Bakı Limanı kompleksi maye və quru yüklərin, qablaşdırılmamış digər yüklərin, avtomaşınlarla daşınan və konteyner yüklərinin aşırılmasını həyata keçirə biləcək, həmçinin həcmi 10 Kt, suya oturma qabiliyyəti 9 metr, uzunluğu isə 160 metr olan bərələrə xidmət göstərmək imkanına malik olacaqdır. Tam istismara verildikdə yeni Bakı Limanı kompleksi həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin təklif etdiyi imkanlardan istifadə etmək baxımından mühüm əhəmiyyətə malik olacaqdır.

Yeni Bakı Limanı həm də Azərbaycanda ilk azad ticarət zonasının tərkib hissəsi olacaqdır.

Bu liman rəqabətqabiliyyətli liman qovşağı üçün tələb olunan hər üç əsas amili özündə birləşdirəcəkdir: səmərəlilik, əlverişli mövqe və əlavə dəyər yaradan xidmətlər.

Hazırkı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı  ilə müqayisədə Ələt qəsəbəsindəki yeni Bakı Limanı kompleksinin müasir informasiya texnologiyaları sistemləri və müvafiq avtomatlaşdırma vasitələri ilə təchizatı nəticəsində səmərəlilik artacaqdır.

Yeni Bakı Limanı Rusiya, İran və Avropa ilə dəmir yolu xətlərinin kəsişməsində yerləşir, eləcə də əsas avtomobil magistrallarına birbaşa çıxışı vardır. Həmçinin hava yükdaşımaları üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxındır. Eləcə də, yeni Bakı Limanı kompleksinin coğrafi mövqeyi ölkənin hazırkı limanlarından daha əlverişlidir. Belə ki, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı və mövcud Bakı Limanı yüklərin xərclər və vaxt baxımından daha səmərəli şərtlərlə Türkmənbaşı və Aktau limanlarına bərə, quru yük gəmiləri və Ro-Ro (təkərli texnika daşıyan gəmi) xətti ilə daşınmasına şərait yaradır.

Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksində ümumi logistika xidmətlərinin və əlavə dəyər yaradan digər xidmətlərin də (qablaşdırma, yığılma, təkrar istehsal və s.) göstərilməsi, müxtəlif nəqliyyat növlərinin bir araya gətirildiyi qurğuların, açıq və qapalı saxlama meydançasının, quru və soyuq anbarların, konteyner meydançasının və “TIR” avtomobil parkının təklif edildiyi logistika mərkəzi kimi xidmətlərin təmin edilməsi hədəflənir. Azad ticarət zonasının fəaliyyətinin təşkili Azərbaycanın ticarət həcminə əlavə dəyər qatacaqdır.

Yeni Bakı Limanı kompleksindəki logistika və ticarət mərkəzində, eləcə də azad ticarət zonasında yalnız yük həcminin artırılması deyil, eyni zamanda xarici investorların cəlb edilməsi də nəzərdə tutulur. Yeni Bakı Limanı kompleksinin ikinci və üçüncü mərhələlərinin başa çatdırılması üçün dövlət-özəl tərəfdaşlığı modelindən istifadə ediləcəkdir.

Limanda işlər tamamlandıqdan sonra yeni Bakı Limanı 25 milyon ton ümumi yük, eləcə də 1 milyon TEU konteyner yükü aşırma gücünə malik olacaqdır. Yeni Bakı Limanı həm də Azərbaycanda konteynerlərlə yüklərin qəbul edilib yola salınması işində ciddi artıma təkan verəcəkdir. 2020-ci ilədək bu həcmin 150000 TEU olması gözlənilir ki, bu da Azərbaycanın konteyner logistika zəncirinin inkişafının xüsusi diqqət mərkəzində saxlanılmasını zəruri edir.

İranla Rusiya arasında ticarət əlaqələri, əsasən, dəniz və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir.

Hal-hazırda İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi üçün Astara-Rəşt dəmir yolunun tikintisi davam etdirilir. Layihə istismara verildikdən sonra bu, xərc və vaxt baxımından Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətliliyini artırmaqla, yüklərin yeni marşruta fasiləsiz çıxışını təmin edəcəkdir.

Bununla bərabər, bu yeni dəmir yolu əlaqəsi İranla Rusiya arasındakı dəniz daşımalarının həcmini azaldacaq və yük avtomobillərinin dövlət sərhədlərindən keçidini nisbətən asanlaşdıracaqdır.

Xəzər dənizinin dərinliyinin az olması, hava şəraiti səbəbindən Xəzər dənizi ilə yükdaşımalarda yaranan gecikmələr, Azərbaycanda yük avtomobillərində bir oxa düşən yük həddinin və tullantılar üzrə normaların digər ölkələrdən fərqli olması və s. problemlərin aradan qaldırılmasında dəmir yolu daşımaları mühüm rol oynayır. Qablaşdırılmamış quru yüklərin dəmir yolu ilə daşınması avtomobil nəqliyyatı ilə daşınma ilə müqayisədə üç dəfəyə qədər ucuz başa gəlir, dəniz daşımaları ilə müqayisədə isə həm vaxt, həm də xərc baxımından daha səmərəlidir. Nəticə etibarilə, dəmir yolu ilə daşınma Rusiya və İran arasında ticarət baxımından ən üstün alternativdir və dəniz nəqliyyatı ilə daşınan yüklərin böyük bir hissəsi dəmir yolu ilə daşınmalara cəlb edilə bilər. Hazırda İrandan Rusiyaya yükdaşımalar, əsasən, dəniz yolu ilə, Rusiya-İran istiqamətində daşınmalar isə əsasən, quru yolu ilə həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.