NƏRƏ BALIĞINDAN KABAB
Ərzaqlar:
nərə balığı – 347 q.
bitki yağı – 5 q və ya xama – 10 q.
baş soğan – 24 q.
göy soğan – 32 q.
təzə pomidor – 100 q.
limon - 1/5 əd.
narşərab – 5 q.
sumaq – 1 q.
istiot, duz
Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.
KÜTÜM LƏVƏNGİ
Ərzaqlar:
təzə kütüm – 253 q.
qoz ləpəsi – 50 q.
baş soğan – 30 q.
ərinmiş yağ – 10 q.
zoğal axtası – 25 q.
kişmiş – 50 q.
duz, istiot
Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınıb bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikələrə doğranır.
LƏNKƏRANSAYAĞI SUF BALIĞI
Ərzaqlar:
təzə suf – 350 q.
buğda unu – 10 q.
ərinmiş yağ – 35 q.
baş soğan – 50 q.
cəfəri – 15 q.
limon - 1/5 əd.
istiot, duz
Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavarı doğranmış baş soğan, limon dilimi qoyulur, üstünə yağ tökülür və göyərti səpilir.
LƏNKƏRANSAYAĞI QIZARDILMIŞ BALIQ
Ərzaqlar:
balıq – 248 q.
buğda unu – 10 q.
ərinmiş yağ – 25 q.
baş soğan – 40 q.
pomidor – 50 q.
limon – 10 q.
cəfəri – 15 q.
istiot, duz
Çapaq balığı təmizlənir, tikələrə doğranır. Balıq tikələrinə istiot və duz vurulur, un içərisində urvalanıb hər iki tərəfi tavada qızardılır. Süfrəyə verilən zaman balıq qızartması boşqaba qoyulub yanına halqavarı doğranmış baş soğan, pomidor və limon dilimləri düzülür, üstünə cəfəri göyərtisi səpilir.
QIZARDILMIŞ QIZIL BALIQ
qızıl balıq – 248 q.
buğda unu – 10 q.
ərinmiş yağ – 25 q.
baş soğan – 40 q və ya göy soğan – 50 q.
narşərab – 5 q.
cəfəri – 15 q.
istiot, duz
Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə sobada bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur.
BALIQ KOTLETİ
Ərzaqlar:
balıq filesi -200 q.
çörəyin yumşaq hissəsi - 50 q.
ərinmiş yağ -30 q.
süd və ya su -70 q.
istiot, duz
Nərə və ya uzunburun balığın filesini doğrayıb soğanla birlikdə ət çəkən maşınından keçirirlər. Çəkilmiş ətə duz, istiot və süddə isladılmış bayat çörəyin yumşaq hissəsini əlavə edib qarışdırırlar. Kotlet kütləsindən kotletlər və ya küftələr hazırlayırlar, suxarıya batırıb yağda qızardırlar. Hazır kotletlər təzə tərəvəzlə bəzədilir, narşərab qoyulur.
İÇİ DOLDURULMUŞ ÇƏKİ BALIĞI
Xammalların miqdarı və hazırlanması kütüm ləvəngidə olduğu kimidir.
ÖZ BUĞUNDA BİŞİRİLMİŞ KÜTÜM
Ərzaqlar:
təzə kütüm – 253 q.
ərinmiş yağ - 15 q.
baş soğan – 30 q.
quru alça – 3 q.
lavaşana – 5 q.
keşniş – 15 q.
istiot, duz
Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavaşana, su və istiot tökülüb öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir.
TƏNDİRDƏ QIZARDILMIŞ KÜTÜM
Ərzaqlar:
Kütüm balığı – 250 q.
pomidor – 50 q.
xiyar – 50 q.
baş soğan – 30 q.
keşniş göyərtisi – 15 q.
narşərab – 15 q.
istiot, duz
Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təzə tərəvəz qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir.
BALIQ DOLMASI
Ərzaqlar:
balıq əti – 150 q.
soğan – 10 q.
üzüm yarpağı – 45 q.
keşniş – 20 q.
qatıq – 50 q.
istiot və duz
Balığı (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur