XIX ƏSRDƏ VƏ XX ƏSRİN BİRİNCİ YARISINDA TƏSVİRİ SƏNƏTİN İNKİŞAFI

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar Sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari" kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.

Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Onun əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi sənət nümunələri də diqqəti cəlb edir.

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. "Molla Nəsrəddin" jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur "Yüz tip" rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin "Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.

Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan B.Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.

Bakıda "İstiqlal" dövlət muzeyi təsis olunur (1919), milli rəmzlər — dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan "Füyuzat" jurnalının naşiri görkəmli filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə "Bibiheybət" məscidi, "Şeyxülislamın portreti" kimi əsərlərini yaradır.

Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. Bakıda ilk rəssamlıq məktəbi açıldı (1920), təsviri sənətin yeni növ və janrları yarandı.

30-cu illərdə qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, Ə.Rzaquliyev və b. müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. S.Şərifzadənin "Üzüm yığımı", H.Haqverdiyevin "Ə.Əzimzadənin portreti", Q.Xalıqovun "Nizami Gəncəvinin portreti", M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.

Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 20-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İ.Quliyev, eləcə də Azərbaycanda yaşayan S.D.Erzya, Y.R.Tripolskaya, P.V.Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltəraşlığının banilərindən olan F.Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və b.) və ilk monumental əsəri olan "Füzuli" heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində) yaratmışdır. Heykəltəraş C.Qaryağdının dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli (1939-40, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltəraşlığının qiymətli nümunələrindəndir.

1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.

İkinci Dünya müharibəsi illərində Azərbaycan rəsamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Ə.Əzimzadə, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, S.Şərifzadə və b. qrafiklərin mühüm rolu olmuşdur.