MÜASİR DÖVRDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNİN ROLU VƏ MÖVQEYİ

Müasir dünyanı nə iləsə təəccübləndirmək olduqca çətindir. Çünki artıq dünyanı heyrətləndirəcək çox az şey var desək, yəqin ki, yanılmarıq. Təsviri incəsənət, rəssamların fırçasından çıxan əsərlər həqiqətən də tamaşaçıların marağını cəlb etməyə qadirdir. Azərbaycan təsviri incəsənət ustalarının çəkdiyi əsərlərin çox az hissəsi dünyada tanınıb.

Azərbaycanda tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar olub, sadəcə onların dünya sənət okeanına çıxışları məhdud idi. Orta əsr Azərbaycan rəssamlarının əsərlərinin dünya muzeylərində və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer tutması Azərbaycan təsviri incəsənətinin qələbəsidir. Orta əsrlər Azərbaycan rəssamlarının çəkdiyi əsərlər, miniatürlər bütün dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin “Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin meracı”, “Xosrovun çimən Şirini görməsi”, “İsgəndərin Çin xalqı ilə görüşü” və s. əsərləri dünyada çox məşhurdur. Ağa Mirəkin əsərləri də həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin nağılını dinləməsi”, “Xosrovun taxta çıxması”, “Şapurun Xosrovun yanına qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı qarşısında”, “İbn Səlamın elçiliyi” və s. əsərlərin adını çəkə bilərik. Azərbaycan rəssamlarının əl işləri qədim zamanlardan dünya səyyahlarını maraqlandıran  əsl sənət inciləridir.

Bununla belə, Azərbaycan rəssamları tam olaraq hələ dünyaya inteqrasiya etməyiblər. Bu gün dünya Azərbaycan rəssamları deyəndə daha çox Səttar Bəhlulzadənin bənzərsiz əsərlərini xatırlayır. Sovet dövrü Azərbaycan rəssamlarının əksəriyyətinin o illərdə xarici ölkələrdə sərgiləri təşkil edilirdi.  Bu rəssamlar Azərbaycan həyatını bu sərgilərdə ifadə edə bilirdilər.  Sovet illərində bizim  rəssamlar dünyaya sovet rəssamı kimi təqdim edilirdi. Yəni onların azərbaycanlı olduğunu dünyada çox az adam bilirdi. O rəssamlar Azərbaycan adına tanınsaydılar, biz bu gün onun daha çox faydasını görərdik.  Sovet dövrü Azərbaycan rəssamlarının müraciət etdiyi mövzular ancaq ölkə ilə məhdudlaşmırdı, dünyanın əksər xalqları, onların məişəti, həyat tərzi ilə bağlı dəyərli əsərlər yaradırdılar. Bu əsərlərin beynəlmiləl mahiyyəti də böyük idi. Bu gün dünya muzeylərində Azərbaycanın Sovet dövrü rəssamlarının əsərləri sərgilənir. Keçən çağlarda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev və digər rəssamlar dünyaya çıxmaq üçün mücadilə aparırdılarsa, buna müəyyən qədər nail oldular. Onların əsərləri dünyada az-çox tanınır, qiymətləndirilir. Bu gün sevindirici haldır ki, dövlətin bu sahəyə dəstəyi nəticəsində klassik Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər açılır, onların kataloqları çap olunur. Bundan başqa, müasir rəssamlar arasında da dünyaya çıxmağa iddialı olanlar var. Son illər Azərbaycan təsviri incəsənətinin dünyada təbliğ edilməsi və onun müasir nümayəndələrinin tanıdılması üçün Heydər Əliyev Fondu da böyük işlər görür,  vaxtaşırı olaraq Azərbaycan rəssamlarının fırça nümunələri dünyanın müxtəlif ölkələrində sərgilənir. Elə bu məqsədlə də 2000-ci ildə ölkəmizdə ilk dəfə olaraq Rəssamlıq Akademiyası açıldı. Bu hadisəni yalnız mədəni həyatımız yox, həm də bütövlükdə xalqımız üçün çox mühüm addımlardan biri hesab etmək olar.

Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasında müasir fırça ustaları arasında Dünya Rəssamlıq Akademiyasının üzvləri də var ki, bir neçə il əvvəl həmin rəssamların Bakıda sərgisi də açılıb: xalq rəssamları Xanlar Əhmədov, Mir Nadir Zeynalov, əməkdar incəsənət xadimi Arif Aziz, əməkdar rəssam Eldar Qurbanov, tanınmış rəssamlar Səmədağa Cəfərov və Nağdəli Xəlilov Dünya Rəssamlıq Akademiyasının üzvləridir. 100-dən çox  ölkənin tanınmış fırça ustalarını öz ətrafında birləşdirən bu mötəbər quruma rəssamlarımız 2009-cu ildən üzv olmağa başlamışlar. Belə bir təşkilatda təmsil olunmaqla  Azərbaycan rəssamlıq məktəbinin qədim və özünəməxsus ənənələrini dünyada daha geniş formada təbliğ etməyə nail olur.

Bu gün Azərbaycan təsviri incəsənətini dünyada tanıdan rəssamlar arasında Sakit Məmmədovun nailiyyətlərini qeyd etmək lazımdır. Sakit Məmmədov YUNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Minilliyin Adamı, Avropanın Şərəf ordeni, İtaliyanın Leonardo da Vinçi ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliyada Festivalda Vera birincilik mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları, Birincilik mükafatları və s. qızıl medal və digər mükafatlara layiq görülmüşdür.

Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib . S.Məmmədovun fırça nümunələri dünyanın bir sıra ölkələrində sərgilənib. Azərbaycanla yanaşı, Türkiyədə, Rusiyada, Ukraynada, Belarusda, İsveçdə, Almaniyada, İtaliyada, Belçikada, Fransada,  Avstriyada, Misirdə, Çində, Gürcüstanda, Tatarıstanda, Sinqapurda, Portuqaliyada və digər ölkələrdə fərdi sərgisi keçirilib.  Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır: “Xatirə şəkli”, “Oyun”, “Məşq”, “Falabaxanlar”, “Ad günü”, “Leninqrad xatirələri”, “Yaşasın İstanbul”, “Bayram”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar” və s. əsərləri S.Məmmədovun maraqlı əsərlərindəndir.   Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir. Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, “Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir”- deyib. Rəssamlıqda Opalizm akademik rəssam S.Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirdiyi rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir insanların zövqünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi S.Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu, yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətini hiss etmək olar. Sevindirici haldır ki, S.Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək.

Böyük Britaniya Kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə Londonda keçirilən tədbirlərdə Azərbaycan rəssamı Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən hədiyyə olaraq II Elizabetə təqdim edilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda səfərdə olan əsərin müəllifi, məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın Xarı bülbülü və çövkən oyununun təsvir olunması barədə Kraliçaya məlumat verib. Sakit Məmmədov müvəffəqiyyətli işləri ilə dünyaya Azərbaycan mədəniyyətini məhz bu səpkidə tanıda bilmişdir.

Bu gün Heydər Əliyev Fondu mədəni irsimizə çox böyük qayğı ilə yanaşır. Fondun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində rəsm sərgiləri açılır, rəssamlarımız tanıdılır.Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.

Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova bu sərgidə nümayiş olunan əsərlərini Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, mənəvi dəyərlərindən ilham alaraq ərsəyə gətirdiyini bildirib. Rəssam deyib ki, məqsədi qədim və zəngin mədəniyyətimizi rənglər dünyasına çevirərək fransalılara təqdim etməkdir.Azərbaycan rəssamlarının əsərlərində milli geyimlərimiz, milli musiqi alətlərimiz öz əksini tapıb və bu əsərlər milli elementlərlə zəngindir.Bütün bunlar Azərbaycanı, onun maddi və mənəvi sərvətlərini dünyada tanıtmaq yolunda görülən işlərdir.

Dövrümüzün incsənət insanları içərisində Aida Mahmudova, Əli Həsənov, Leyla Əliyeva, Faiq Əhməd, Rəşad Ələkbərov, Fərid Rəsulov, Qafar Rzayev, Mahmud Rüstəmov, Nail Ələkbərov, Rəşad Babayev, Sitarə İbrahimova, Afət Bağırova, Niyaz Nəcəfov, Altay Sadıxzadə, Məmməd Mustafayev, Fuad Salayev və bir çox şəxslər daxildir. Müasir Azərbaycan rəssamları daha özəl mövzulara, müasir gəncliyə yaxın və lazım olan mövzulara toxunurlar.

Azərbaycan təsviri sənət nümunələrinin sərgiləndiyi maraqlı obyektlərdən biri də Müsir İncəsənət Muzeyidir. XX əsrin ikinci yarısından bu günümüzə kimi azərbaycan təsviri sənəti və heykəltəraşlığının avanqardlarından təşkil olunmuş əsərlər toplusu muzeyin əsasını təşkil edir. Bu, insan ruhunun müşahidə, axtarış və azadlığını əks etdirən rəsm və heykəllər toplusudur.

2009-cu il mart ayının 20-dən fəaliyyət göstərən muzeydə azərbaycan rəssamları və heykəltaraşlarının 800-dən artıq əsəri sərgilənir. Muzeydə Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov kimi sənətkarların əsərləri nümayiş olunur. Muzeyin dizaynının müəllifi məhşur rəssam Altay Sadıxzadədir. Burada, eyni zamanda uşaq incəsənəti zalı, kitabxana, videozal, restoran, art-kafe də var.

Müstəqillik illərində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Son illərdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötüb. Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.Dövlətimizin qayğısı nəticəsində təsviri sənət yaradıcılarımızı daha böyük uğurlar gözləyir.