AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİNİN SƏLAHİYYƏTLƏRİ

(Azərbaycan Respublikası Konstitusiyasından çıxarışlar)

Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Maddə 105. Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası

I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.

II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.

III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.

Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.