AGENTLİKLƏR
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Aprelin 24-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradıldı.
Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəsmi saytı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı
ADMİNİSTRASİYALAR
Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyi
ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət Dəniz Administrasiyasının rəisi və rəis müavinləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vəzifəyə təyin edilir.
Dövlət Dəniz Administrasiyasının ştatı 48 nəfərdən ibarətdir. Administrasiyada çalışanların əksəriyyəti müvafiq sahədə böyük staja və təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərdir.
Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”ni rəhbər tutur.
Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyinin rəsmi saytı
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Administrasiya işçilərinin ümumi say tərkibi 49 ştat vahidi təşkil edir. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Administrasiya beş şöbədən ibarətdir:
- Uçuşların təhlükəsizliyinə nəzarət şöbəsi;
- Aviasiya təhlükəsizliyi şöbəsi;
- Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsi;
- Xarici əlaqələr şöbəsi;
- Maliyyə-iqtisadiyyat şöbəsi.
Administrasiyada direktordan, onun müavinlərindən və Administrasiya aparatının struktur bölmələrinin rəhbərlərindən ibarət kollegiya, həmçinin Administrasiya nəzdində Ali ixtisas komissiyası və Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması üzrə komissiya fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyinin rəsmi saytı