CƏNUB MARŞRUTU: BAKI — SALYAN — BİLƏSUVAR — CƏLİLABAD — MASALLI — LƏNKƏRAN — LERİK — ASTARA

SALYAN

SALYAN RAYONU Azərbaycanın cənub-şərqində, bənzərsiz mədəni-tarixi ənənələri, unikal bitki aləmi ilə seçilən, uzun ömürlü sakinləri, balıq xörəklərinin üstünlük təşkil etdiyi özünəməxsus mətbəxi ilə ad çıxarmış ən qədim dövrlərdən məskunlaşmış LƏNKƏRAN-ASTARA regionunda yerləşir.

Salyan rayonu müəyyən mənada bu regionun qapısıdır — respublikanın nəqliyyat arteryaları, Azərbaycanı onun cənub regionları ilə, eləcə də Yaxın Şərq ölkələri ilə əlaqələndirən şosse və dəmir yolları bu ərazidə yerləşir.

Çox qədim vaxtlarda burada müxtəlif tayfalar məskən salmış, tarixin keşməşeşlərində onlar bir-birini əvəz etmiş və Azərbaycan xalqının etnogenezinin komponentlərindən birinə çevrilmişlər. Bu qəbilələrdən biri "sal" adlanırdı. Salyan şəhəri də öz adını bu sözdən almışdır.

Respublikanın əsas çaylarından biri — KÜR çayı Salyan rayonunun ərazisindən axır. Rayonun şərq hissəsi isə Xəzər dənizinin sahillərinə qovuşur. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxtinin xüsusiyyətlərini şərtləndirmişdir.

"ŞİRVAN" MİLLİ DÖVLƏT PARKI burada yerləşir (2003-cü ildə eyni adlı qoruq yenidən təşkil edilərək milli parka çevrilmişdir). Qoruq özü 1969-cu ildə Şirvan ovalığının (yarımsəhra və sulu-bataqlıq ekosistemi ilə seçilən ərazinin) səciyyəvi bitki kompleksinin qorunub saxlanması və çoxaldılması məqsədilə təşkil edilmişdir. Burada yerləşən "BƏNDOVAN" yasaqlığı 1961-ci ildə salınmışdır. 30 min hektar sahəyə malik olan bu yasaqlıq iki inzibati rayonun - Salyan və Qaradağ rayonlarının ərazilərinin bir hissəsini tutur. Yasaqlıq ceyranların və su quşlarının mühafizəsi və baş sayının bərpa edilməsi məqsədilə təşkil edilmişdir.

Bu diyar arxeologiya və salamat qalmış tarix-memarlıq abidələri baxımından da maraq doğurur. XX əsrin 70-80-ci illərində burada orta əsrlər dövrünə aid edilən bir sıra obyektlər aşkar olunmuşdur.

Bu rayonda tunc dövründən başlamış erkən orta əsrlərədək zaman kəsiyini əhatə edən bir sıra arxeoloji obyektlər də var. Onların arasında MARIMLI nekropolu, KÜRSƏNGİ kəndində küp qəbrləri nekropolu, indiki NOXUDLU və MAHMUDABAD kəndlərində qədim insan məskənlərinin xarabalıqları xüsusi qeyd edilməlidir.

Rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çoxsaylı palçıq vulkanlarından biri BABAZANAN vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xassəsi yerli sakinləri hələ də cəlb edir.

Salyana çatmağa az qalmış DAŞGİL adlanan ərazidə dəniz sahilinin yaxınlığında daha bir palçıq vulkanı nəzərə çarpır. Daşgil yasaqlığı da burada yerləşir. O, su quşları ovlamaq, kütüm, sazan və Xəzər dənizəndə yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.

Salyan rayonunun inzibati mərkəzi olan SALYAN ŞƏHƏRİNİN Bakıdan məsafəsi 126 km-dir. Budara XIX əsrə aid edilən qədim məscid dövlət tərəfindən mühafizə edilən memarlıq abidəsidir. Hazırda buraya gələn səyahətçilər və turistlər müasir KARVANSARANIN xidmətlərindən istifadə edə bilərlər. Burada yerli qədim Azərbaycan mətbəxtinin xörəklərini dadmaq mümkündür.

Salyan rayonuna gələnlər, Salyan şəhərində yerləşən “Kür” otelində  qala bilərlər.

BİLƏSUVAR

 BİLƏSUVAR rayonu qərbdən İranla həmsərhəddir. Buranın iqlimi yarımsəhra və quru səhra iqlimi olub yayı quraqlıq keçir. İqlim şəraitinin xüsusiyyətləri burada pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişaf yaratmışdır. Bir fərziyyəyə görə bu rayonun adı su axtarışı ilə bağlıdır - "Biləsuvar" sözünün mənası "burada su var" deməkdir. Başqa bir versiya isə ondan ibarətdir ki, bu ad səhrada su tapmağı bacaran insanların olması ilə bağlıdır. Bu versiyaya görə "Biləsuvar" - suyun harada olmasını bilən insan deməkdir.

Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. ÇÖL AĞDAM, İÇƏRİ AĞDAM, TORAĞAYLI kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir.

BİLƏSUVAR kiçik şəhərdir. O, Bakıdan 182 km məsafədə yerləşdir. Şəhərə gələnlər “Zirvə Hotel”də qala bilərlər.

CƏLİLABAD

CƏLİLABAD RAYONU Kür-Araz ovalığının sərhəddində yerləşdir. Burada iqlim zonaları yağıntıların demək olar ki, müntəzəm paylandığı mülayim isti iqlimdən başlamış, yayın quraqlıq keçməsi ilə səciyyəvi olan yarımsəhra və quru çöl iqliminə qədər dəyişir. İNCƏÇAY, BULQARÇAY, MİŞARÇAY, GÖYTƏPƏÇAY çayları bu rayonun ərazisindən axır. Bu bölgədə üzümçülüyün intensiv inkişaf etmiş rayonun iqlim və relyef xüsusiyyətləri ilə bağlıdır.   Cəlilabad rayonunun ərazisi ov üçün əla yerdir. Təqribən 14,7 min hektar sahə meşələrlə örtülüdür. "ZƏVVAR" ovçuluq təsərrüfatında su quşları ovlamaq olar. Rayonun faunası canavar, dovşan, porsuq, qaban, tülkü, vəhşi ördək, qaz, qartal, turac və digər canlılarla təmsil edilmişdir. 

Cəlilabad rayonunun inzibati mərkəzi - CƏLİLABAD ŞƏHƏRİ Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında HƏMŞƏHRƏTƏPƏ adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştilik dövründə ari tayfalarından biri - məşhur maqlar tayfası məhz burada yaşamışdır. MAQLAR qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Bu insanlar o qədər bacarıqlı idilər ki, zaman keçdikcə həmin qəbilənin adı xüsusi isimə çevrilərək "Magiya" şəklinə düşmüşdür. HƏMŞƏHRƏTƏPƏ şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görə müqədəs içki sayılan XAOMA hazırlamaq üçün vasitələr tapılmışdır.

Rayon ərazisində çoxsaylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamış erkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.

Şəhər lap əvvəldə XASILI adlanırdı. Sonradan onun adı dəyişdirilərək ASTRAXANBAZAR kimi işlədilməyə başladı. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan "MOLLA NƏSRƏDDİN" jurnalının banisi və əvəzsiz baş redaktoru CƏLİL MƏMMƏDQULUZADƏNİN şərəfinə verilmişdir.

Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park və mehmanxana vardır.

MASALLI

MASALLI RAYONU bu regionun əsas nəqliyyat arteriyası - Azərbaycan paytaxtından cənuba, İrana doğru gedən magistral yolun üzərində yerləşir. Rayonun sərhədlərindən biri Xəzər dənizi sahilləri digəri Talış dağlarıdır. Rayon ərazisindən axan VİLƏŞ, ALVADIÇAY və TATYAN çayları Xəzər dənizinə tökülür.

Masallı rayonu mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, buz kimi soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində İSTİSU mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir. Buraya müalicə olunmağa gələnlər də var, elə-belə istirahat etməyə gələnlər də. Termal su şəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox porulyar müalicəvi mineral su olan İstisu qablaşdırılaraq ölkənin apteklərində satılır.

Masallı rayonunun inzibati mərkəzi olan MASALLI ŞƏHƏRİ Bakıdan 230 km aralıda yerləşir. Vaxtilə bu yerlərdə "masal" adlı bir qəbilə yaşayırmış. Xalqın yaddaşında həkk olmuş bu ad şəhərin müasir adını şərtləndirmişdir. Masallının həndəvərində meşədə kiçik mənzərəli bir göl var. Bura həm yerli sakinlərin həm də şəhərin qonaqlarının sevimli istirahət yeridir.

Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, ƏRKİVAN qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir.

Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (QIZILAĞAC körfəzi) QIZILAĞAC qoruğu yerləşir. Bu qoruğun ərazisi körfəzin bütün akvatoriyasını, eləcədə yaxınlıqdakı quru sahələrini əhatə edir. Qoruq 1929-cu ildə su-bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılmışdır. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var.

LƏNKƏRAN

Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. LƏNKƏRANÇAY, VERAPVUL, QUMBAŞI, BOLADI çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.

Lənkəran rayonu Azərbaycanın daha bir mühüm kənd təsərrüfatı regionudur. Onun özünəməxsus iqlim şəraiti burada çay naringi, xurma, feyxoa və bir neçə limon növü ilə təmsil olunan subtorpik bitkilər becərilməsini şərtləndirmişdir. Lənkəranın məşhur çayı öz keyfiyyətinə və ətrinə görə klassik Hindistan çayından heç də geri qalmır.

Təsadüfi deyildir ki, burada mahir oyma işi ustaları yetişir. Axı bu diyar nadir və endemik növlər də daxil olmaqla unikal ağac növləri ilə zəngindir. Məşhur dəmirağac, propka ağacı, məxməri qayın ağacı, hirkan şəmşidi, ipək akasiya, palıd, evkalipt, bir də Talış dağlarının əsas meşə ağacı sayılan enliyarpaq palıd bu meşələrin bir növ rəmzidir. Bundan əlavə Lənkəran meşələrində çoxlu yabanı meyvə ağacları, dərman otları və kollar bitir. Buna görə də təəccüblü deyildir ki, Lənkəran rayonunun ərazisində iki qoruq və bir yasaqlıq yaradılmışdır.

"QIZILAĞAC" Qoruğu Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac körfəzi rayonunda yerləşir. Bu qoruğun ərazisi böyük Qızılağac körfəzinin bütün akvatoriyasını, kiçik Qızılağac körfəzinin şimal hissəsini, eləcədə sahilyanı zonanın yaxınlıqdakı hissələrini əhatə edir. qorub 1929-cu ildə qışlayan və köçəri su, bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması məqsədilə yaradılmışdır. Burada 248 növ quş və 54 növ balıq vardır.

Ərazisinin sahəsi 21.435 hektar olan HİRKAN QORUĞU da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq HİRKAN MİLLİ PARKINA çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.

Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Bakıdan məsafsi 268 km-dir. Şəhərin əlverişli coğrafi mövqeyi münbit torpağı təbii ehtiyatları həmişə adamları buraya cəlb etmişdir. Lənkəran ölkənin cənub-şərqində, Lənkərançay çayının sahilində yerləşir. Belə hesab edirlər ki, şəhər təxminən 300 il bundan əvvəl elə burada, dənizin yaxınlığında salınmışdır. Əvvəlcə keşikçi qüllələri ilə təchiz olunmuş qala tikilmiş, mayak qurulmuşdur. Şəhərin ilkin adı "LƏNGƏRKÜNAN" olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir.

Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranda fəaliyyət göstərən teatrın ilk tamaşası 1850-ci ildə olmuş, həmin tamaşadan əldə edilən gəlir isə tam həcmdə yerli yoxsullara paylanmışdır. Şanlı sərkərdə - general Həzi Aslanov da bu şəhərdə doğulmuş və yaşamışdır. İndi onun doğulduğu evdə muzey ekspozisiyası açılmışdır.

Şəhərdə  AB QALA, GIZIL TAJ, CAUCAS SEASIDE, XANBULAN, Xan Lankaran Hotel kimi müxtəlif  yüksək səviyyəli mehmanxanalar və kotteclər var.

LERİK

 Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir.

Bu diyarın çox özünəməxsus tarixi var və bu tarix bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarix abidələri qalmışdır. Məsələn, daş dövründən qalmış mağara şəklində düşərgə yeri, MİSTAN dağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.

Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinə gedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandır Düma Cəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir.

Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalmışdır. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır.

Yuxarıda qeyd edildiyi kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn bu rayonun sakini ŞİRƏLİ MÜSLÜMOV (1812-1975) 163 il fəal həyat tərzi keçirmiş, uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. Rayonun digər sakini MAHMUD EYVAZOV (1808-1958) 150 il yaşamışdır. Lerikdə bu gün də yaşı bir əsri keçmiş, lakin əmək qabiliyyətini itirməmiş onlarca sakin yaşayır.

Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf etmişdir. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi şaquli dəzgahlarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfiqi dəzgahda toxunur.

Rayonun inzibati mərərkəzi Lerik şəhəridir. Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri Talış dağlarının ətəyində, məhsuldar düzənlik sahədə yerləşir. Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.

Lerikdə  yerli sakinlərin mənzillərində, eləcə də "Relax Hotel and Resort", "Shelale" və "Meshachi" kimi populyar istirahət zonalarında  qaqlmaq mümkündür.

ASTARA

Astara rayonu Azərbaycanın cənub-şərqində İranla sərhəddə yerləşir. Rayonu ərazisinin bir hissəsini Talış dağları qalan hissəsini ovalıq sahə tutur. Bu regionun özünəməxsus iqlim şəraiti də bununla bağlıdır.

Meşələrin sahəsi 37. 000 hektardır. Mənbəyini Talış dağlarının zirvələrindən götürən Astaraçay və Təngərüd çayları Xəzər dənizinə tökülür. Astaranın bitki aləmi zəngin və rəngarəngdir. Burada yabanı heyva, əzgil, yemşan, böyürktək, ipək akasiya, həmişayaşıl iynəyarpaq bitkilər, həmçinin linanalar fəsiləsinin nümayəndələri bitir. Çox ağır olduğuna görə suda baxan məhşur dəmirağac da burada bitir. Ta qədim zamalardan yerli sakinlər bu ağacdan toxucu dəzgahları, müasir dövrdə isə toxuculuq sənayesində istifadə edilən dəzgahlar üçün müəyyən detallar hazırlayırlar.

Rayonun florası kimi faunası da rəngarəngdir. Astara meşələrində cüyür, canavar, çöl pişiyi, maral və digər vəhşi heyvanlar sərbəst şəraitdə yaşayırlar. Xəzər dənizinin sahillərində isə təmiz, şəffat sulu çoxlu çimərliklər salınmışdır.

Hirkan Milli parkının bir hissəsi bu rayonun ərazisində yerləşir. Bu fakt ekoloji turizm həvəskarlarını Astaraya cəlb edir. Rayonun İran sərhədinin yaxınlığında İstisu adlanan sahədə müalicəvi mineral su bulaqları çoxdur. Bu rayonda çayçılıq və tərəvəzçilik geniş inkişaf etmişdir. Sitrus bitkiləri yetişdirilir.

Rayonun ərazisində çoxsaylı (təqribən 400) tarix və memarlıq abidəsi vardır. Demək olar ki, hər bir kənddə bu diyarda ta qədim dövrdən insan yaşamasını sübut edən izlərə rast gəlmək olar. Məsələn, Şindan kəndində bir qüllə var. Onu xalq arasında Babək qalası adlandırırlar. Nudis kəndindəki qüllə, Pensər kəndindəki Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Cahanbaxış məscidi, Şahağac kəndindəki məqbərə, Ərçivan kəndindəki Kərbəlayı Həmid Abdulla hamamı bu qəbildəndir. Həmin kəndə məhşur kükürdlü bulaq da var. Bu bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanır. Qapıçı məhəllə kəndində qala qalıqları, VII əsrə aid məqbərə, karvansara, daş dövrünə və tunc dövrünə aid daş heykəllər, Sınıyapert, Lomin və Piləkən kəndlərində XIII əsrə aid körpülərin qalırları hələ də qalmaqdadır.

Astara rayonunun inzibati mərkəzi Astara şəhəri Bakıdan 322 km məsafədə yerləşir. Bakı-Tehran magistralında mühüm tranzit məntəqə olan Astara bir tərəfdən dənizlə digər tərəfdən Talış dağları ilə hüdudlanan kiçik sərhədyanı şəhərdir. Şəhərin ətrafında çəltik zəmiləri diqqəti cəlb edir. Burada balıqçılıq da geniş inkişaf etmişdir - heç bir hadisə yerli milli mətbəxtin xüsusiyyətlərini dəyişə bilməmişdir.

Astaradakı diyarşünaslıq muzeyinin ekspozisiyası kifayət qədər zəngindir. Bu muzeydə müxtəlif dövrlərdə zərb edilmiş və qədim vaxtlarda bu bölgədə ticarətin təşəkkül tapmasını təsdiqləyən qədim sikkələrlə yanaşı, daşdan yonulmuş insan heykəli də saxlanılır. Bu heykəlin yaşı 2000 ildən çoxdur.

Rayona gələnlər yerli sakinlərin mənzillərində və ya "Espinas Hotel" otelində qala bilərlər.