YARPAQ DOLMASI

Ərzaqlar​:

qoyun əti – 180 q.
düyü – 30 q.
baş soğan – 20 q.
göyərti (keşniş, şüyüd və nanə) – 15 q.
tənək yarpağı – 40 q., qatıq – 20 q.
ərinmiş yağ – 10 q.
duz, istiot, darçın

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.

 

ÜÇ BACI və ya BADIMCAN, POMİDOR, BİBƏR DOLMASI

Ərzaqlar:

Qoyun əti – 163 q.
badımcan – 300q.
pomidor – 300 q.
yaşıl bibər -300 q.
baş soğan – 20 q.
ərinmiş yağ – 20 q.
göyərti (reyhan, keşniş) – 15 q.
darçın – 0,2 q.
qatıq – 50 q.
istiot, duz

Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəqiqə pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Bibər yuyulur, özəyi çıxarılır. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcan, pomidor və bibərlərə doldurulur. Qiymə ilə doldurulmuş tərəvəzlər dayaz qazana yığılır, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.

 

KƏLƏM DOLMASI

Ərzaqlar:

qoyun əti – 162 q.
düyü – 20 q.
noxud – 10 q.
baş soğan – 15 q.
kələm – 220 q.
şabalıd – 50 q.
keşniş – 15 q.
pomidor – 50 q.
şərab sirkəsi – 10 q., və ya limon turşusu – 2 q.
şəkər – 5 q., və ya doşab – 15 q.
darçın, duz, istiot

Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır. Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub qarışdırılır. Kələmi qaynar suda pörtlədib, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür. Qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkə əlavə edilir. Süfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpilir.

 

ALMA DOLMASI

Ərzaqlar:

qoyun əti – 60 q.
ərinmiş yağ – 10 q.
alma – 200 q.
baş soğan – 15 q.
şəkər – 5 q.
şərab sirkəsi – 10 q.
zəfəran, duz, istiot

Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır. Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir. Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.

 

HEYVA DOLMASI

Ərzaqlar:

qoyun əti – 108 q.
heyva – 400 q.
ərimiş yağ – 25 q.
şabalıd – 25 q.
şüyüd – 12 q.
şəkər, duz., istiot

Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır. Heyvanın içi çıxarılıb oraya qiymə doldurulur, üstünə bulyon töküb öz buğunda bişirilir.

 

ƏVƏLİK DOLMASI

Xammalların miqdarı və hazırlanma qaydası yarpaq dolmasında olduğu kimidir. Üzüm yarpağı əvəzinə əvəlik götürülür. Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.

 

SOĞAN DOLMASI

Ərzaqlar:

qoyun əti – 163 q.
baş soğan – 178 q.
düyü – 15 q.
qoyun quyruğu – 20 q.
ərinmiş yağ – 20 q.
qatıq – 50 q.
darçın, duz, istiot

Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləşdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.