TİKƏ KABAB

Ərzaqlar:

qoyun əti – 330 q.
baş soğan – 60 q.
göy soğan – 40 q.
cəfəri və reyhan – 10 q.
sumaq – 3 q., və ya nar şərab – 5 q.
duz, istiot

Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavarı doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.

 

LÜLƏ KABAB

Ərzaqlar:

qoyun əti – 330 q.
quyruq yağı – 20 q.
baş soğan – 20 q.
göy soğan – 40 q.
cəfəri və reyhan – 15 q.
buğda unu – 45 q.
sumaq, duz, istiot

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub ciddi qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lülə kabab manqalda közərmiş kömür üzərində qızardılmış. Lülə kabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lülə kababın yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.

 

HƏVƏSKAR KABABI

Xammallar və hazırlanma qaydası tikə-kebabda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa sümükləri ilə birlikdə 5-6 tikə ət kəsir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.

 

TOYUQ KABABI

Ərzaqlar:

toyuq əti – 300 q.
baş soğan – 35 q.
keşniş və cəfəri – 25 q.
duz, istiot, sumaq

İlk emaldan keçirilmiş toyuq ətdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavarı doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.

 

CÜCƏ KABABI

Ərzaqlar:

cücə – 285 q.
xama – 10 q.
baş soğan – 30 q.
keşniş və cəfəri – 25 q.
limon – 1/2 əd., və ya narşərab – 25 q.
duz, istiot

İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Hazır kababın yanında halqavarı doğranmış baş soğan verilir və üstünə limon dilimi qoyulur.

 

TAVA KABABI

Ərzaqlar:

qoyun əti – 220 q.
ərinmiş yağ – 30 q.
baş soğan – 40 q.
yumurta – 2 əd.
şəkər – 5 q.
sirkə – 10 q.
keşniş və şüyüd – 25 q.
duz, istiot
yay vaxtı şəkər və sirkə 50 q. pomidorla əvəz edilir

Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duzu vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə küftələr hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababına kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.

 

BADIMCANLA QUYRUQ KABABI

Ərzaqlar:

badımcan – 350 q.
qoyun quyruğu – 60 q.
soğan – 40 q.
cəfəri və şüyüd – 20 q.
duz, istiot

Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20 q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.

 

KARTOF KABABI

Ərzaqlar:

kartof – 350 q.
qoyun quyruğu – 60 q.
göy soğan – 40 q.
cəfəri – 10 q.
duz, istiot

Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15-20 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kababın üstünə göyərti səpilir.

 

QARA CİYƏR KABABI

Ərzaqlar:

qoyun qara ciyəri – 230 q.
qoyun quyruğu – 60 q.
cəfəri – 18 q.
sumaq, duz

Qara ciyər pərdələrdən təmizlənir, 30-40 qram çəkidə doğranır. Qoyun quyruğu 10-15 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qara ciyərə duzlu su çilənir. Hazır kababın üstünə göyərti və sumaq səpilir.