QİYMƏ XƏNGƏL

Ərzaqlar:

un – 2 stəkan
baş soğan – 210 qr.
kərə yağı – 80 qr.
qatıq – 1 stəkan
sarımsaq – 2 diş
ət qiyməsi – 400 qr.
duz, istiot

Əvvəlcə un, yumurta və sudan bərk xəmir yoğrulur. Sonra xəmir 1-2 mm qalınlıqda yayılıb, 5x5 sm ölçüdə tikələrə bölünür. Soğanın yarısı yağda qızardılır, yarısı isə qiyməyə qatılır. Sonra qiymə yağda qovurulur. Sarımsaq duzla əzilib qatığa qarışdırılır. Xəmir tikələri qaynayan duzlu suya salınıb bişirildikdən sonra süzülüb iri dayaz boşqablara tökülür, ortasına qiymə qoyulur, kənarlarına qovrulmuş soğan və sarımsaqlı qatıq tökülür.

 

SULU XƏNGƏL

Ərzaqlar:

qoyun əti – 163 q.
1-ci sort buğda unu – 40 q.
yumurta – 1 əd.
noxud – 25 q
ərinmiş yağ – 25 q.
baş soğan – 25 q.
şərab sirkəsi – 10 q.
keşniş və şüyüd – 10 q.
quru nanə – 1,0 q.
duz, istiot.

Ətin döş, kürək və ya bel hissəsi götürülüb bişirilir və sümükdən ayrılır. Ayrıca olaraq əvvəlcədən 3-4 saat isladılmış noxud bişirilib, bulyona qatılır. Un, yumurta və sudan xəmir yoğrulur, 1 mm qalınlığında yayılır və 2x3 sm ölçüdə kəsilib, qaynar bulyonda bişirilir. Hazır olana yaxın üzərinə yağda qızardılmış soğan, doğranmış göyərti qatılır. Süfrəyə verilən zaman üstünə quru nanə səpilir, yanına ayrıca sirkə qoyulur.

 

GÜRZƏ

Ərzaqlar:

Yumurta
su
un
duz
İçlik: Qızarılmış qiymə (mal əti, soğan, duz, istiot)

Yumurtadan, ilıq sudan və undan bərk olmayan xəmir yoğrulur. Xəmir 80-100 qramlıq kündələrə bölünür və kündələr dəsmalın üstünə qoyulur. 5 dəqiqəlik belə halda qalır (üstü örtülmüş). Hər kündə nazik yayılır. Xəmirin qalınlığı 1-2 mm olmalıdır. Xəmir nə qədər nazik olsa o qədər yaxşıdır. Sonra xəmirin üstündə armudu stəkanla diametri 8 sm ölçüdə dairələr kəsilir.

Hər kiçik dairənin ortasına qiymə qoyulur. Böyük barmaqla sizə yaxın olan ucu gətirib işarə barmaqla sıxaraq qıraqlarını bükün. Beləcə axıra qədər davam edirsiniz.

Qazana su töküb qazın üstünə qoyun. Suyu çox tökməyin, yoxsa dadlı olmaz! Bir az suya duz əlavə edin. Su qaynayan kimi, xırda kəsilmiş pomidor əlavə edin. Su qaynayır və siz gürzələri qazana atıb 5-10 dəqiqə bişirirsiniz. Alov orta olmalıdır. Bişərkən duzunu yoxlayın. Süfrəyə gürzə dərin boşqabda verilir, üstünə sarımsaqlı qatıq tökülür.

 

ƏT QUTABI

Ərzaqlar:

Qoyun əti – 108 q.
baş soğan – 20 q.
lavaşana – 15 q və ya nar – 20 q.
buğda unu – 110 q.
ərinmiş yağ – 30 q.
sumaq – 3 q.
istiot, duz

Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1- 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır. Süfrəyə verdikdə üstünə sumaq səpilir.

 

GÖYƏRTİ QUTABI

Ərzaqlar:

ispanaq – 150 q.
turşəng – 150 q.
yaşıl soğan – 50 q.
keşniş və şüyüd – 15 q.
buğda unu – 140 q.
ərinmiş yağ – 20 q.
kərə yağı – 20 q.
lavaşana – 10 q.
yumurta – 1/5 əd.
qatıq – 50 q.
istiot, duz

Göyərti iri doğranır və soğanla qızardılır. Sonra duz, istiot, lavaşana qatılıb qarışdırılır. Un, su və yumurtadan bərk xəmir yoğrulur, kündələrə ayrılır. Kündələr yayılır, üzərinə göyərti əlavə olunur və aypara şəklində bükülür. İki tərəfdən yağsız tavada qızardılır. Süfrəyə verildikdə qutabın üzərinə isidilmiş yağ tökülür, ayrıca qatıq verilir.

 

QABAQ QUTABI

Ərzaqlar:

qabaq – 250 q.
nar – 25 q.
buğda unu – 140 q.
baş soğan - 25 q.
ərinmiş yağ – 30 q.
darçın – 0,1 q.
duz

Qabaq təmizlənir, kub şəklində doğranıb öz buğunda bişirilir. Ona yağda qızardılmış soğan, duz, darçın və nar dənələri qatılıb qarışdırılır. Həmin qiymə xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülüb hər iki üzü tavada qızardılır. Süfrəyə verildikdə üzərinə yağ tökülür.

 

HƏVƏSKAR QUTABI

Xammalların miqdarı ət qutabında olduğu kimidir. Əlavə olaraq qoyun qarnı və bağırsağını qaynar suda pörtüb soğanla ətçəkən maşından keçirirlər. Qiyməyə lavaşana və nar dənələri əlavə edib xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutabın hər iki üzü yağda qızardılır. Sumaq ayrıca verilir.

 

XƏŞİL

Ərzaqlar:

buğda unu – 100 q.
ərinmiş yağ – 25 q.
doşab – 40 q.
duz

Hər paya 150 qram su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə ələnmiş un vurulub qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəqiqə bişirirlər. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı tökülür.

 

FİRNİ

Ərzaqlar:

düyü – 40 q.
süd – 200 q.
şəkər tozu – 10 q.
kərə yağı – 10 q.
darçın – 0,2 q.
duz

Düyü 2-3 saat suda isladılır. Sonra sudan çıxarılıb qurudulur, həvəngdəstədə döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın səpilir.

 

QUYMAQ

Ərzaqlar:

buğda unu – 40 q.
ərinmiş yağ – 20 q.
şəkər – 10 q.
darçın – 0,2 q.
duz

Un yağda açıq qəhvəyi rəng alınca qovurulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymaq süfrəyə boşqabda verilir, üstünə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür. Ev şəraitində quymağa müxtəlif ədviyyə qarışığı qatılır.

 

SUCUQ

Ərzaqlar:

Ev şəraitində hazırlanan buğda nişastası və ya qarğıdalı unu – 50 q.
su – 110 q.
ərinmiş yağ – 20 q.
şəkər – 40 q.
qoz ləpəsi – 40 q.
zəfəran – 0,1 q.
duz

Soyuq suda açılmış buğda nişastası və ya qarğıdalı unu qaynayan suya tökülərək arasıkəsilmədən qarışdırılır, şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sucuğa qatılır, qalan hissəsi isə xörək süfrəyə verilində onun üstünə səpilir.