Müharibədən sonra, 50-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın "Axşam", "Mingəçevir işıqları", "Azərbaycan çöllərində" (triptix), "Sevinc" və s. əsərlərində əmək adamları, məişət səhnələri lirik səpkidə verilmişdir. "Hindistan silsiləsi"nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülmüşdür. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti "Şöhrət" (1997), "İstiqlal" ordenləri ilə qiymətləndirilmişdir.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı T.Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. T.Salahovun yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" əsəri portret sənətinin klassik nümunələrindəndir.
Rəssamın xarici ölkələrin həyatına həsr etdiyi lövhələri, mənzərə və natürmotları, "Bəstəkar Şostakoviçin portreti" müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir. Rəssam Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini ilhamla yaratmışdır. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə T.Salahov "İstiqlal" orleni ilə təltif olunmuşdur.
Orijinal və bənzərsiz yaradıcılığa malik T.Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın "Səadət", "Sevinc", "Torpağın bərəkəti", "Bazar" və s. tabloları natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti "Parisi xatırlayarkən", "Bethoven dünyası" tablolarında, səhnə dekorlarında aydın nəzərə çarpır. T.Nərimanbəyovun milli və beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır. N.Əbdürrəhmanovun "Çəltik becərənlər", "Dağlarda qürub çağı", A.Cəfərovun "Sabahın düşüncələri", "Həyat", "Mənim Azərbaycanım" tabloları Azərbaycan təbiətini canlandıran lirik mənzərələr, sənət xadimləri — şair Əlağa Vahidin, bəstəkar A.Məlikovun portretləri kalorit zənginliyi ilə diqqəti cəlb edir.
B.Mirzəzadənin yaradıcılığında əmək adamlarının, mədəniyyət və incəsənət xadimlərinin (müğənni Z.Xanlarova, rej. Ş.Bədəlbəyli) portretləri, mənzərə və natürmortlar mühüm yer tutur. Əmək, sənaye mövzuları, B.Əliyev, L.Feyzullayev, Ə.Məmmədov, Ə.Verdiyev və b. tablolarında öz əksini tapmışdır. X.Səfərova, H.Məmmədov, Q.Seyfullayev, Əbdülxalıq, A.Abdullayev, H.Haqverdiyev, D.Kazımov, C.Rüstəmov, K.Xanlarov, T.Şıxəliyev, A.Mehdiyev, M.Abbasov, F.Ağayev, S.Manafova və b. yaradıcılığında zəhmət adamlarına və məişət səhnələrinə, E.Rzaquliyev, V.Nərimanbəyov, T.Sadıqzadə, Ə.Hüsenyov, K.Nəcəfzadə və b. əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, adət və ənənələri, müharibə, sülh mövzularına geniş yer verilmişdir. Portret janrında S.Salamzadə, T.Tağıyev, V.Səmədova, Ş.Şərifzadə, O.Sadıqzadə, Nəcəfqulu, A.Kərimov, G.Mustafayeva, O.Ağababayev, H.Zeynalov, H.Kərimov, S.Məmmədov, Ç.Fərzəliyev və b. xüsusilə fərqlənmişlər.
Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S.Bəhlulzadənin "Qız bənövşəyə gedən yol", "Doğma düzənliklər", "Torpağın həsrəti", "Kəpəzin göz yaşları" və s. tablolarında öz əksini tapmışdır. N.Qasımov, K.Xanlarov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.
Həyatın gözəlliyini, fəlsəfi mənasını dərk etmək baxımından F.Xəlilovun Abşeron təbiətinə həsr olunan tabloları müasirliyin ritm və intonasiyaları ilə səciyyələnir.
C.Mircavadov, N.Rəhmanov, K.Əhmədov, Q.Yunusov, S.Veysov, A.İbrahimov, İ.Məmmədov, S.Mirzəzadə, F.Haşımov, F.Qulamov, A.Səmədov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.
Teatr-dekorasiya sənətinin inkişafı Azərbaycan opera, balet, dram və musiqili komediya tamaşalarının səhnə təcəssümü ilə bağlıdır. Ə.Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eksizləri, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan R.Mustafayevin 1920-30-cu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Üsyan" (D.Furmanov), "Dəmirçi Gavə" (Ş.Sami), "Sevil", "Od gəlini", "1905-ci ildə" (C.Cabbarlı), "Şeyx Sənan" (H.Cavid), "Dağılan tifaq" (Ə.Haqverdiyev), "Şah İsmayıl" (M.Maqomayev), "Arşın mal alan", "Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov), "Aşıq Qərib" (Z.Hacıbəyov), "Sonalar gölü" (P.Çaykovski) və s. dram, opera və balet tamaşalarına verdiyi bədii tərtibat Azərbaycan teatr-dekorasiya sənətinin inkişafında mühüm yer tutmuşdur. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ.Seyidovanın "Leyli və Məcnun" (Ü.Hacıbəyov), "Sevil" (F.Əmirov), Ə.Fətəliyevin "Koroğlu" (Ü.Hacıbəyov), "İnsanın taleyi" (İ.İ.Dzerjinski), "Bahadır və Sona" (S.Ələsgərov) operalarına, Ə.Almaszadənin "Gülşən" (S.Hacıbəyov), "Qaraca qız" (Ə.Abbasov) baletlərinə, N.Fətullayevin "Şərqin səhəri" (Ə.Məmmədxanlı), "Otello" (V.Şekspir), "Vaqif" (S.Vurğun), "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev), İ.Axundovun "Solğun çiçəklər" (C.Cabbarlı), "Şeyx Sənan" (H.Cavid), S.Şərifzadənin "Cavanşir" (M.Hüseyn), "Kəndçi qızı" (M.İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.
1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan T.Salahov "Antoni və Kleopatra", "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarılı) pyeslərinin, xüsusilə "Koroğlu" operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır. M.Abdullayev "Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. T.Nərimanbəyovun "Qobustan kölgələri" (F.Qarayev), "Yeddi gözəl" (Q.Qarayev), "Nəsimi dastanı", "1001 gecə" (F.Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların, kino sahəsində C.Əzimov, K.Nəcəfzadə, N.Zeynalov, F.Bağırov, R.İsmayılov, M.Ağabəyov, N.Bəykişiyev və b. mühüm xidmətləri olmuşdur.
İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltəraşlığı yeni inkişaf mərhələsinə qədəm qoydu. N.Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949) abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü F.Əbdürrəhmanovun yaradıcılığında mühüm mərhələ idi. Onun Bakıda qoyulmuş "Azad qadın" heykəli (1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) abidələri, Azərbaycan monumental heykəltəraşlığının uğurlu nümunələrindəndir. Monumental heykəltəraşlıq ustası SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü P.V.Sabsay əmək adamlarının, elm və mədəniyyət xadimlərinin ("Neftçi M.P.Kaveroçkin", "Rəssam S.Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı S.Rəimov", S.Vurğunun mənzil-muzeyi üçün monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. "A.S.Puşkinin portreti" ("Elegiya") heykəltəraşın ən kamil əsərlərindəndir.
C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. M.Ə.Sabirin (1958), N.Nərimanovun (1972) heykəlləri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ö.Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü T.Məmmədovun birgə yaratdıqları "Füzuli" abidəsi (1962, Bakı) kamil, plastik sənət əsərlərindəndir. T.Məmmədovun Ü.Hacıbəyov (1962), M.Əzizbəyov (1977), Nəisimi (1979; İ.Zeynalovla birgə) və s. monumental abidələri Azərbaycan heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.
Ö.Eldarov, "X.Natəvan" (1960), "M.Maqomayev" (1987), H.B.Zərdabi (1973; Zərdab), "77-ci Azərbaycan diviziyasına" (1975, Sapun-Qora, Sevastopol) və Bakıda romantik şair "H.Cavid" (1993-?) abidələrində heykəltəraşlıqla memarlığın sintezinə nail olmuşdur. Onun "Neftçilər" (1963), "S.Bəhlulzadənin portreti" (1966), "Ömrün dörd çağı" (1974) kimi kompozisiya və portretlər üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanda qoyulmuş abidə-büstü, görkəmli alim, göz həkimi Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən "Ellegiya" (1997) adlı mərmər kompozisiyası, türk alimi İ.Doğramacının (2002) Bilkənd şəhərində qoyulmuş abidəsi Ö.Eldarovun yeni yaradıcılıq uğurlarıdır. Azərbaycan heykəltəraşlığının inkişafında xidmətlərinə görə görkəmli sənətkar "İstiqlal" ordeni (1997) və Rusiya Federasiyasının "Dostoynomu" medalı (2002) ilə təltif olunmuşdur.
Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin büstü (mənzilində), Bakının görümlü yerində qoyulmuş görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin abidəsi (1993) monumental heykəltəraş İ.Zeynalovun təqdirəlayiq əsərlərindəndir. Müasir formalara meyl göstərən F.Nəcəfov "Analıq", "Qocaman həkim", monumental heykəltəraş F.Salayev "S.Yesenin", A.Əsgərov "Akadademik Y.Məmmədəliyev", N.Əliyev "Ə.Vahid" kimi əsərləri ilə heykəltəraşlığın plastik forma rəngarəngliyini nümayiş etdirirlər. M.Mirqasımovun C.Məmmədquluzadə (1974; Naxçıvan), C.Cabbarlı (1982; Bakı) abidələri və "Uxuru" ("Azadlıq"), "Neftçi", "Xəzri" kimi lirik səpkili əsərləri Azərbaycan heykəltəraşlığının nailiyyətlərindəndir. Azərbaycan heykəltəraşları Bakıda Fəxri Xiyabanda dəfn olunan görkəmli ictimai və mədəniyyət xadimlərinin uğurlu xatirə kompozisiyaları ilə milli heykəltəraşlıq sənətinə qiymətli əsərlər vermişlər.
Son zamanlarda Daşkənd və Sankt-Peterburqda dahi Nizaminin (2002), Brüsseldə "Dədə Qorqud" (2004) abidələrinin qoyulması Azərbaycan heykəltəraşlığının yeni uğurlarıdır. İstedadlı qadın heykəltəraşları H.Abdullayeva, E.Hüseynova, M.Rzayeva, Z.Əliverdiyeva öz əsərlərində gənclik, gözəllik və ana mövzularını tərənnüm edirlər. E.Şamilov, Q.Sücəddinov, A.Mustafayev, F.Salayev, Ə.Salikov kimi heykəltəraşların monumental əsərlərində yenilik, milli ənənələr özünü göstərir. F.Nəcəfov, F.Bakıxanov, A.Qazıyev, M.Rüstəmov, K.Ələkbərov, Ə.Mirzəyev, M.Salahov, A.Rüstəmov, H.Musayev, V.Şərifov, G.Babayev, Ş.Şərifov, T. və E.Zeynalov qardaşları, A.Əsgərov, X.Əhmədov, Z.İsgəndərov, H.Haqverdiyev, S.Zakiri, N.Zeynalov və b. heykəltəraşlar monumental-dekorativ və portret əsərlərində yenilik, plastik formanın emosionallığı məsələlərinə xüsusi əhəmiyyət verirlər.
Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutur. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılmışdır. M.Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi "Bizim Xəzərdə" (1953-60), "Sumqayıt-Rustavi" (1962), "Mənim bacılarım" (1965-82) linoqravüra və rəsm silsilələləri obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Bu keyfiyyətlər rəssamın Nizami, Füzuli, Heyran xanım, M.S.Ordubadi, Ə.Cəfərzadə və başqalarının əsərlərinə çəkdiyi illüstrasiyalar üçün də səciyyəvidir. Ə.Rzaquliyevin "Köhnə Bakı", "Xalçaçılar", R.Babayevin "Qobustan", "Xınalıq" linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.
Y.Hüseynov kitab tərtibatı, dəzgah qrafikası və boyakarlıq sahələrində fəaliyyət göstərir. Onun "Xəzərin ənginliklərində" rəngli linoqravüra silsiləsi "Xınalıq", "Odlar yurdu", "Xəzər balıqçıları" əsərləri, Azərb. qrafika sənətinin uğurlarıdır.
Rəssamlardan A.Hacıyev, R.Mehdiyev, Ə.A.Məmmədov, E.Aslanov, C.Müfidzadə, N.Babayev, B.Hacıyeva və başqalarının linoqravüra, ofort və rəsm silsilələri, illüstrasiyaları, obrazların müasirliyi ilə fərqlənir. Orta nəslin nümayəndələri — A.Hüseynov, A.Rüstəmov, A.Ələsgərov, Ə.Səlimov, R.Hüseynovun yaradıcılığı orijinal rəsm və kompozisiya ahəngdarlığı, fərdi üslub rəngarəngliyi ilə xarakterikdir.
Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, Ə.Hacıyev və b. klassik Azərbaycan ədəbiyyatı və folklor nümunələrinə, xüsusilə Nizami və Xaqaninin əsərlərinə, M.Abdullayev "Kitabi-Dədə Qorqud" boylarına, Füzulinin "Leyli və Məcnun" poemasına, S.Rəhimovun "Şamo" romanına maraqlı illüstrasiyalar çəkmişlər.
Müasir satirik qrafikanın inkişafı əsasən "Kirpi" jurnalının (1952) fəaliyyəti ilə bağlıdır. (Nəcəfqulu, Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, S.Şərifzadə, H.Haqverdiyev və b.). Z.Kərimbəyli, A.Quliyev, R.Qədimov, Ə.Zeynalov və digər rəssamların karikaturaları satirik janrın inkişafında əhəmiyyətli yer tutur.
XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanmışdır.
İncəsənətin inkişafına dövlət qayğısı artmış, yaradıcılıq prosesi yeni vüsət almışdır. Sənətkarların yaradıcılıq səviyyələrini, bədii axtarışlarını fəallaşdıran amillər içərisində görkəmli sənət xadimlərinə fəxri adların, "İstiqlal" və "Şöhrət" ordenlərinin, Prezident təqaüdlərinin, "Sultan Məhəmməd", "Humay" mükafatlarının təsis olunması xüsusilə qeyd olunmalıdır.
Azərbaycan təsviri sənəti özünün bədii yetkinlik mərhələsinə qədəm qoymuş, onun ən gözəl nailiyyətləri respublikanın hüdudlarından uzaqlarda da şöhrət qazanmışdır.