QƏDİM ƏDƏBİYYAT

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış "Avesta"da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. "Avesta"nın bədii cəhətdən ən gözəl hissəsi olan "Qatlar"da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. "Avesta" ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər e.ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. "Avesta"da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin "qızıl dövrü", ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri — alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

"Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara — şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.

"Avesta"dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri e.ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, b.e. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, e.ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun "Şərhül-Həmasə" adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən — dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili — azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün "Səyahətnamə" əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində — XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.

Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin - monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması "Sirlər xəzinəsi"ndən (1174) başlamış son əsəri "İskəndərnamə"yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

"Xosrov və Şirin" (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi —İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə — Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü "Xəmsə" silsiləsinin üçüncü əsəri olan "Leyli və Məcnun"da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları — insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən "məcnun" (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.

Nizaminin son poemaları olan "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan ("Xosrov və Şirin") Bəhram Gura ("Yeddi gözəl") və İskəndərə ("İskəndərnamə") doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə "İqbalnamə"də ("İskəndərnamə"nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.