SƏLAHİYYƏTLƏR

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidenti:

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;

2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;

10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;

11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;

12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;

13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;

14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;

15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;

16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;

17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;

18) referendum təyin edir;

19) qanunları imzalayır və dərc edir;

20) vətəndaşlıq məsələlərini həll edir;

21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

22) əfv edir;

23) dövlət təltifləri ilə təltif edir;

24) ali hərbi və ali xüsusi rütbələr verir;

25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

29) fövqəladə və hərbi vəziyyət elan edir;

30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

32) bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.