XİDMƏTLƏR

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.

Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytı

 

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır.

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəsmi saytı

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradıldı və Əsasnaməsi təsdiq edildi.

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi saytı

 

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 N-li Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi.

Milli Arxiv İdarəsinin vəzifələrinə aşağıdakılar aiddir:

· Arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

· Azərbaycan Respublikası Milli arxiv fonduna daxil olan, özündə xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, sosial, iqtisadi, siyasi, mədəni, bədii və başqa əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikasından kənarda yerləşən və Azərbaycana aid tarixi, mədəni irslə bağlı arxiv sənədlərinin qəbulunu, mühafizə və istifadəsini təmin etmək;

· Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin komplektləşdirilməsi, uçotu və istifadəsinin vahid prinsiplərinin hazırlanmasında iştirak etmək;

· Bilavasitə İdarəyə tabe olan dövlət arxivlərinin və dövlət arxivinin filiallarının işlərini əlaqələndirmək və onların fəaliyyətini təmin etmək.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəsmi saytı

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytı