AZƏRBAYCAN  KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.

Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar… Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si “Azərbaycan Kinosu Günü” elan edilmişdir.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına da diqqət və qayğı göstərilmişdir.

Müstəqillik illərində də Ulu Öndərin rəhbərliyi ilə kino sənətinə xüsusi diqqət göstərilmişdir. Ümummilli Liderimizin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda “Kinematoqrafiya haqqında” Qanun qəbul olunmuşdur. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülmüş, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar almışlar. Kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” və “Dövlət” filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılanmışdır. Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein "Əsrin sazişi" filmində öz əksini tapmışdır.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehdiyevin, Cavanşir Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.

Ümummilli Liderin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 2007-ci il fevralın 23-də “Kino sənətinin inkişafı haqqında”, 2008-ci il avqustun 4-də isə “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamlar imzalamışdır. Dövlət proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda təmsil olunmuşdur. Ənənəvi olaraq keçirilən Beynəlxalq Kann kinofesivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilmişdir. Azərbaycan kinosu festivalda dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunmuşdur. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər də Danimarka, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilmişdir.

Milli kinomuzun müraciət etdiyi əsas mövzulardan biri də Qarabağ münaqişəsi olmuşdur. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər filmlərin əsas süjet xəttini təşkil edirdi. Müstəqillik dövründə çəkilmiş “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Xoca”, “Dolu” və s. filmlər bu qəbildəndir.

Kino sənətinə, filmlərimizə maraq bu gün də böyükdür. Çünki hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini özündə yaşadaraq gələcək nəsillərə çatdırır.