AZƏRBAYCANDA SƏHİYYƏ

Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizdə "Talassemiya" Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.

Hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır.

Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar və ləvazimatlar ölkəyə gətirilib. Testlərin aparılması üçün ölkədə çoxsaylı laboratoriya fəaliyyət göstərir. Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin bacarığı və fədakarlığı bir daha isbatlandı.

Pandemiya dövründə Azərbaycandan 80-dən çox xarici ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib.

Eyni zamanda Azərbaycana COVİD-19-a qarşı ən etibarlı vaksinlər gətirilib və əhalinin ödənişsiz əsaslarla peyvəndlənməsi işləri aparılır.

Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədi ilə  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılmışdır.