TƏBİB

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə Qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib.

TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.

1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə ərazisində mərhələli tətbiqinə başlanılıb.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
İlkin səhiyyə (ailə həkimi) xidməti;
Ambulator şəraitdə müayinə və müalicə;
Stasionar müalicə;
Funksional-diaqnostik müayinələr;
Fizioterapevtik xidmətlər;
Laborator müayinələr;
Hamiləlik və doğuş xidməti;
Təcili vaksinasiyalar;
Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları).