AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİ

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edilmişdir. Komitə 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilmişdir.

Azərbaycan Olimpiya Hərakatını şərti olaraq üç dövrə bölmək mümkündür:
1) SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak (1952-1992);
2) Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Olimpiya oyunlarında iştirak (1992);
3) Azərbaycanın müstəqil dövlət kimi  Olimpiya Hərakatına qoşulması (1992-ci ildən sonrakı dövr).

1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

MOK-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir. Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarına idmançılarıçılarımızı yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 yanvar 1998-ci il tarixli sərəncamı MOK-un daha məqsədyonlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan İdmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında iştirak etdi (2000).

Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 2 qızıl və 1 bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.

Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respblikasınının Prezidenti İlham Əliyevin imzaladığı “XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (05.06.2003). Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Respublikamız XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışılara qatılmışdı.

XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37-ci, əyarına görə 50-ci yeri tuta bilmişdir.

Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası müxtəlif idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü. XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların əyarına görə isə 39-cu yeri tutdu.

Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşdı. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 56 üzvü idmanın 17 növündə 57 lisenziya ilə təmsil olunurdu. Triatlon, kamandan oxatma, kanoe slalom, trek velosipedi yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.

2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 206 dövlət arasında medal sayına görə 15-ci, medal əyarına görə isə 39-cu pillədə qərarlaşıb.

2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçirildi. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanaraq yarış cədvəlində medalların sayına və əyarına görə isə 2-ci yeri tutub.

2017-ci ildə Ölkəmiz daha bir mötəbər idman yarışına  IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanıAzərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olunmuşdur.

2017-ci ilin 12-22 may tarixlərində Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması 142 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanmaqla medalların əyarına görə 1-ci yeri tutub.

Hazırda dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikası həm də beynəlxalq idman ölkəsi kimi tanınır.

Ötən illər ərzində istər ölkəmizdə, istərsə də beynəlxalq arenalarda keçirilmiş mötəbər yarışlarda Azərbaycan idmançıları layiqincə çıxış edərək mükafatçılar sırasında yer tutmuşlar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, son zamanlar dünyanın mötəbər  idman təşkilatları bir sıra yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.

Azərbaycanda idmanın inkişafına göstərilən qayğı və diqqət nəticəsində paytaxt Bakıda, eləcə də ölkənin ayrı-ayrı regionlarında olimpiya kompleksləri və çoxsaylı idman qurğuları tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Ölkəmizdə idmana qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Hazırda Azərbaycanda 40-dan artıq Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan əlavə, 68 min tamaşaçı tutumuna malik olan Bakı Olimpiya Stadionu, Bakı “Su İdman Sarayı”, Bakı Avropa Oyunları Parkı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Respublika Olimpiya Mərkəzi, Bakı Atıcılıq Mərkəzi, Respublika Velotreki, T.Bəhramov adına Respublika Stadionu, Bakı Kristal Zalı, Velopark, Bakı Tennis Akademiyası, Milli Gimnastika Arenası, Paralimpiya İdman Kompleksi, Bakı İdman Sarayı, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi kimi idman qurğuları ölkəmizdə idmanın inkişafına yaxşı imkanlar yaradır.