IDEA  İCTİMAİ BİRLİYİ

Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi  davamlı inkişaf üçün vacib amillərdən biridir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla icra olunmuşdur.

Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional  və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Son zamanlar ekoloji problemlərin həllinə həsr olunmuş müşavirələrin, yerli və beynəlxalq konfransların keçirilməsi bu sahənin dövlətin prioritet məqsədləri sırasına daxil edilməsinin əyani sübutudur. Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə də diqqət artırılır, ekoloji vəziyyətin yaxşılaşdırılması istqamətində əhəmiyyətli addımlar atılır.  Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda, milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır. Azərbaycan ekoloji cəhətdən gərgin regionda yerləşdiyi üçün ekoloji qayğı daim diqqət mərkəzindədir. 2010-cu ildə bu məqsədlə “Ekologiya ili” elan olunmuş, bu il ərzində respublikada ekoloji durumun vəziyyəti, gənc nəslin maarifləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilmişdir.

Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. O cümlədən, respublikamız Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakı vəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyini təmin edən əsas amildir.

Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır. Təşkilat 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə  gənc nəslin təşəbbüsü, iştirakı və  rəhbərliyi ilə gerçəkləşir. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün  bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.

Qısa müddət ərzində təşkilat ölkə daxilində, həmçinin xaricdəki fəaliyyəti ilə uğurlara imza atır, həyata keçirdiyi müxtəlif layihələr və tədbirlərlə ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir.  Belə ki, gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi 1-ci Azərbaycan Ətraf Mühit Forumu   və digər müxtəlif layihələr birliyin əldə etdiyi nailiyyətlərdəndir. Həmçinin, 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etmişdir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib.

2015-ci il ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür.

2017-ci ilin oktyabrın 16-da Bakıda IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlayaraq “Meyvə ağaclarının əkilməsi” üzrə layihəyə start verilib. Layihə çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilir.

Ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə "Bizim həyət" layihəsi də uğurla icra edilir.

IDEA-nın təşəbbüsü ilə 2018-ci ilin aprel ayından başlayaraq  "Yaşıllıqları bərpa edək" layihəsi çərçivəsində Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun ağacların əkilməsi planlaşdırılır.

Hal-hazırda  IDEA ictimai birliyinin təşəbbüsü ilə respublikada 5 milyondan çox ağacın əkilmişdir. O cümlədən ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması istiqamətində layihələr həyata keçirilir.