“REGİONAL İNKİŞAF” İCTİMAİ BİRLİYİ

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Heydər Əliyev Fondunun təşəbbüsü ilə 12 fevral 2016-cı il tarixdə təsis olunub.

RİİB-in fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələr üzrə regional mərkəzləri var.

Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) İctimai Birliyin üzvü ola bilər.

“Regional İnkişaf” İctimai Birliyin əsəs məqsədi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdən ibarətdir.

İctimai Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • Regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, mövcud əlaqələrin genişləndirilməsinə və informasiya axınının təmin olunmasına köməklik göstərmək;
  • İctimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Regional dövlət proqramlarının icrasında aidiyyəti dövlət qurumlarının işinə dəstək vermək;
  • İnsanların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquq və azadlıqlarından istifadə edilməsi üçün lazımi şəraitin yaradılmasına dəstək vermək;
  • Regionlarda istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi istiqamətində tədbirlər görmək;
  • Regionlarda ətraf mühitin mühafizəsi, eləcə də ekoloji şüurun, mədəniyyətin formalaşması və möhkəmləndirilməsi sahəsində təkliflər hazırlamaq, bu istiqamətdə aidiyyəti qurumlarla birlikdə tədbirlər həyata keçirmək;
  • Regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək vermək;
  • Regionlarda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və inkişafının təşviq edilməsi sahəsində təkliflər vermək;
  • Aidiyyəti qurumlarla birlikdə regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən məqsədli proqramların hazırlanması işində iştirak etmək və onların həyata keçirilməsinə dəstək vermək;
  • Regionlarda aidiyyəti qurumlarla birlikdə ərazi və dövlət məşğulluq proqramlarının hazırlanması və həyata keçirilməsi işində iştirak etmək, təkliflər hazırlamaq;
  • Regionlarda əhalinin həyat səviyyəsini öyrənmək, təhlil etmək və qiymətləndirmək, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsi işinə dəstək vermək;
  • Regionlarda gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatların artırılması istiqamətində tədbirlər görmək;
  • Regionalarda güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Regionlarda əhalinin maarifləndirilməsi istiqamətində müstəqil olaraq və ya dövlət qurumları, bələdiyyələr və ictimai təşkilatlar ilə birlikdə tədbirlər həyata keçirir;
  • Fəaliyyət sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlıq etmək;
  • Humanitar, kommersiya və qeyri-kommersiya təşkilatları, kütləvi informasiya vasitələri, dövlət və bələdiyyə orqanları, qeyri-hökümət təşkilatları, yerli və xarici təhsil müəssisələri və digər təşkilatlarla əməkdaşlıq etmək;
  • Zəruri hallarda qanunvericlik aktlarının təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

“Regional İnkişaf” İctimai Birliyi qarşıya qoyulmuş vəzifələrin icrasında könüllülərlə işin təşkili, onların potensiallarından, təşəbbüslərindən vətəndaş cəmiyyəti quruculuğunda, regionların sosial-iqtisadi inkişafında səmərəli istifadəyə xüsusi əhəmiyyət verir.  Region sakinləri ilə keçirilən bütün görüşlərdə hər kəs, xüsusən də gənclər İctimai Birliyin işində yaxından iştirak etməyə dəvət olunur.

Könüllülərin İctimai Birliyin reallaşdırdığı yerli layihələrdə, respublika miqyaslı tədbirlərdə fəal iştirakı təmin olunub.

Könüllülərlə işin səmərəliliyini artırmaq, eyni zamanda onların fərdi inkişafına dəstək vermək məqsədi ilə RİİB 3 aylıq dövrü əhatə edən davamlı “Könüllülük proqramı” layihəsini həyata keçirir.

Milli-mənəvi, dövlətçilik, vətənpərvərlik və müasirlik dəyərlərinə sadiq RİİB könüllüləri regionlarda vətəndaşların müxtəlif sahələrdəki problemlərinin həllində yaxından iştirak edir, eləcə də dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlara dəstək verirlər.

27 Oktyabr 2017-ci il tarixində  “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birinci konfransı keçirilib.

"Regional İnkişaf" İctimai Birliyinin Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ regional mərkəzləri fəaliyyət göstərir.