SƏNAYENİN İNKİŞAF PRİORİTETLƏRİ

2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının dinamik inkişafını və insan kapitalından səmərəli istifadəni təmin etmək istiqamətində islahatların daha da dərinləşdirilməsini zəruri etmişdir. Bununla əlaqədar, ölkə iqtisadiyyatının prioritet sektorlarının, beynəlxalq məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın tətbiqi və müvafiq sahələr üzrə spesifik təkliflərin hazırlanması üçün ardıcıl işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icrası məqsədilə Sənaye sektoru üzrə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. Strateji Yol Xəritəsi hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş məqsəd və vəzifələr nəzərə alınmışdır. Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016–2020-ci illər ərzində Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilmişdir:

Mövcud aktivlərin optimallaşdırılması;
Rəqabətədavamlı sektorun yaradılması;
Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Mövcud aktivlərin optimallaşdırılması hədəfi çərçivəsində ağır sənaye və maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılması, enerji istehlakında optimal səmərəliliyin təmin edilməsi, aktivlərin və mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması üzrə tədbirlər nəzərdə tutulur. Rəqabətədavamlı sektorun yaradılması hədəfi regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin, habelə bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi fəaliyyətlərini əhatə edir. Sonuncu — üçüncü hədəf çərçivəsində isə alternativ maliyyələşmə vasitələrinin rolu açıqlanır, beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşma ilə bağlı prioritetlər göstərilir.

2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu təsirin əldə olunması üçün dövlət-özəl resursları hesabına 2,9 milyard manat investisiya qoyuluşu tələb edilir.

Yeni istehsalat obyektləri və perspektivlər Sənayenin strukturunun və regional əhatəsinin diversifikasiyası baxımından ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi üçün son illərdə ciddi işlər görülmüşdür. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Alüminium Zavodunun, o cümlədən Gəncə Alüminium Yarımfabrikatı Zavodunun, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının, Qaradağ Sement Zavodunun, Sumqayıt Karbamid Zavodunun, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodlarının, Naxçıvan Avtomobil Zavodunun, ATEF şirkətlər qrupunun İriqabaritli Transformatorlar Zavodunun, “Norm” Sement Zavodunun, Sumqayıt Plastik Emal Zavodunun, Mingəçevir Elektron Avadanlıqlar Zavodunun, polad boru, günəş panellər və metal konstruksiyalar müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisələrdir. Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq və peşə hazırlığı xidmətlərinin göstərilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər zəruri infrastruktur obyektlərinin qurulması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən parkın ərazisində “Polimer” layihəsinin reallaşdırılması son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən iri layihə hesab olunur. Bundan əlavə, parkın ərazisində xüsusi təyinatlı iri diametrli qofralı polietilen boru, polad boru, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqlar istehsalı, “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı, respublikada ilk dəfə bitki mühafizəsi vasitələri – pestisidlər istehsalı üzrə müəssisələr rezident statusunda fəaliyyətə başlamışdır. Balaxanı Sənaye Parkında təkrar emal üzrə müəssisələr qeydiyyatdan keçmiş, Qaradağ Sənaye Parkında müasir gəmiqayırma kompleksi istifadəyə verilmişdir. Yüksək Texnologiyalar Parkına elmtutumlu və innovativ istehsalların cəlb olunması ilə bağlı işlər görülməkdədir. Neftçala Sənaye Məhəlləsində İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə avtomobil istehsalı istiqamətində fəaliyyətə başlanılmışdır. Pirallahı Sənaye Parkında ölkə üçün yeni sayılan əczaçılıq sənayesi üzrə istehsal qurğularının tikilməsi planlaşdırılır. Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi istifadəyə verilib. Masallı Sənaye Məhəlləsində isə yüngül sənaye və digər sahələrdə çalışan yerli sahibkarlara lazımi şəraitin yaradılması, infrastrukturun qurulması üçün hazırlıq işləri görülür.

Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması üçün ölkənin maşınqayırma potensialından istifadə edilməklə, 50-yə yaxın yeni istehsal sahəsi yaradılmışdır.  Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsinin gələcəkdə də inkişafı üçün münbit şərait mövcuddur. İxtisaslı kadr potensialı, yenilənən infrastruktur, işləyən institutlar və yaxşılaşan biznes mühiti sahənin gələcəyinin əsas təminatıdır. Ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə qəbul edimiş sənədlər və görülmüş tədbirlər sənaye sahəsinə investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, metallurgiya, maşınqayırma, kimya sənayesi sahələrinə investisiya yatıraraq yeni istehsal obyektləri quran fiziki və hüquqi şəxslər geniş vergi və gömrük güzəştlərindən faydalana bilərlər.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, aşağıdakı strateji hədəf baxışları müəyyənləşmişdir.

2020-ci ilədək strateji baxış:

2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır. Bu Strateji Yol Xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye və maşınqayırma sektorunda prioritet kimi götürüləcəkdir: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı. Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaqdır. Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaqdır. Strateji Yol Xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma səbəb olacağı proqnozlaşdırılır.

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış:

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış aşağı və orta dəyər məhsulları seqmentinin əksər hissəsində dəyər zəncirinin yerli imkanlar hesabına formalaşdırılması, ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycan Respublikasının regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsidir.

Uzunmüddətli baxışın şərhi Ortamüddətli perspektivdə ağır sənaye və maşınqayırma sənayesində nəzərdə tutulan tərəqqiyə nail olmaq üçün 2025-ci ilədək sənaye sahəsində aktivlərin və təbii resursların tam şəkildə istismarı təmin ediləcək, müəssisələrdə səmərəli iş təcrübəsinin tətbiqi tam həcmdə həyata keçiriləcəkdir. Dəyər zəncirinin bütün mərhələlərində məhsul istehsalında boşluqların aradan qaldırılması ölkənin təbii sərvətlərindən səmərəli istifadə üçün başlıca amil olacaqdır. Azərbaycanda fəaliyyət göstərən müəssisələr səmərəlilik nöqteyi-nəzərindən qonşu ölkələr üçün model müəssisə kimi çıxış edəcəkdir. Səmərəli iş təcrübələrinin və bacarıqların tətbiqi sahəsində 2025-ci ilədək planlaşdırılan hədəflərə nail olmaqla, ölkədə ortamüddətli perspektivdə təlim mərkəzlərinin və peşə təhsili müəssisələrinin sənaye müəssisələri ilə əlaqələndirilmiş fəaliyyəti təmin ediləcəkdir.

İdxaldan asılılıq ciddi şəkildə azaldılacaq, dəyər zəncirinin aşağı və orta dəyər gətirən hissələrində tələbat yerli məhsullar hesabına ödəniləcəkdir. Eyni zamanda 2025-ci ilə qədər dəyər zəncirinin daha yüksək gəlir gətirən hissələrində bəzi seçilmiş mallara tələbatın yerli məhsullar hesabına tam ödənilməsi məqsəd kimi müəyyən edilmişdir. Bu məqsədlə, yüksək dəyər məhsullarının fokus qrupları müəyyənləşdiriləcək və müvafiq istiqamətdə yerli istehsal gücləri yaradılacaqdır. Bundan başqa, regional tələbatın yüksək olduğu maşın və avadanlıq komponentlərinin istehsalına şərait yaradılacaqdır. Azərbaycan ağır sənaye və maşınqayırma sahəsinin dəyər zəncirində, xüsusilə də neft-qaz sektorunda iştirakını təmin etməklə regional istehsalçıya çevriləcəkdir.

Yerli müəssisələr daxili və regional bazarda maliyyə baxımından gücləndikcə və təcrübə topladıqca, 2025-ci ildən sonrakı dövrdə həmin məhsulların digər regional bazarlara ixracı imkanlarını əldə edəcəklər. Müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq edilməklə, 2025-ci ilə qədər investisiya üçün daha əlverişli mühitin yaradılmasına nail olunacaqdır. Əsas prioritet özəl sektorun sənayedə iştirakının artırılması olacaqdır.

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış:

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır.

Uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda dəyər zəncirinin ən yüksək seqmentlərində çalışan şirkətlər Azərbaycanda fəaliyyət göstərəcəklər.

Bu məqsədə nail olmaq üçün xarici investisiyaların dəstəklənməsi ilə yanaşı, sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə zəruri maliyyə və texnologiya dəstəyinin göstərilməsi siyasəti davam etdiriləcəkdir. Qlobal dəyər zəncirində iştirak üçün ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının dörd istiqaməti müəyyənləşdiriləcəkdir: kapital və digər maliyyə stimulları veriləcək, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək, yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək, müxtəlif vergi güzəştləri tətbiq ediləcəkdir.

Yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurstutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçid təmin olunacaqdır.

Yuxarıda qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksəkixtisaslı işçi qüvvəsinin hazırlanması təmin ediləcəkdir. Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksəksəviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcəkdir.

Ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsində müəyyən edilmiş doqquz prioritetin həyata keçirilməsi nəticəsində:

Azərbaycanın real ÜDM-i 2020-ci ildə 1 milyard 560 milyon manat artacaq;
Sənayedə 7700 daimi yeni iş yeri yaradılacaqdır;
Bu dövrdə dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcəkdir.

2020-ci ilədək bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş ilkin aralıq hədəflər aşağıdakı kimi müəyyən edilmişdir:

Ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;

Məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;

2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması;

Yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;

Ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi;

Kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz azaldılması;

Qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azaldılması.

Qeyd olunan tədbirlər ölkənin ağır sənaye və maşınqayırma sektorunun inkişafına əhəmiyyətli təsir edəcəkdir. Ağır sənaye və maşınqayırmanın dayanıqlı inkişafını təmin etmək üçün bundan sonra da metallurgiya və neft-kimya sahələri baza məhsullarının təchizatçıları olaraq diqqətdə saxlanılacaq, maşınqayırma kompleksində yeni, əlavə dəyəri yüksək olan məhsulların mənimsənilməsi və keyfiyyət standartlarının yaxşılaşdırılması məqsədilə tədbirlər görüləcəkdir.