AZƏRBAYCAN - BMT

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur.

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.

1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələbləri irəli sürmüşdür. 

Prezident Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT Baş Məclisinin bu ali qurumun 50 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu təşkilatın yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan - Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını mühüm məsələ kimi irəli sürmüşdür. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, bu ərazilərdə yanğınlar törədilməsi pislənilmiş, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur.

Təəssüf ki, BMT-nin məlum qətnamələr 27 il ərzində kağız üzərində qalmışdı. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan  özü ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin sentyabrında başlanan və  44 gün davam edən II Qarabağ müharibəsinin nəticəsi olaraq təcavüzkar dövlət sülhə məcbur edilmişdir.

Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş böyük nailiyyətlərindən biri olmaqla, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir.

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdən qısa müddət sonra Prezident İlham Əliyev bəyan etdi ki, BMT Nizamnaməsində qeyd olunmuş ədalət və beynəlxalq sülhün aliliyi prinsipinin irəli sürülməsi və inkişaf etdirilməsi Azərbaycanın bu qurumda əsas və birinci dərəcəli hədəfi olacaqdır. Bu xətti əsas tutaraq, üzvlük müddəti ərzində Təhlükəsizlik Şurasının başlıca vəzifəsi olan beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində Azərbaycan gücünü əsirgəməmişdir. 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində Təhlükəsizlik Şurası 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrin 3 bəyanatını qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir.

Belə ki, Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyəti zamanı  Azərbaycan Respublikası 28 oktyabr 2013-cü il tarixində BMT və İslam Əməkdaşlıq Təşkilatı  arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksəksəviyyəli görüşün təşkilini həyata keçirmişdir. Bu istiqamətdə Azərbaycanın daha bir təklifi BMT ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) arasında əlaqələrin inkişafı ilə bağlı olmuşdur.

2017-ci ilin sentyabrında  Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası keçirilmişdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Prezident İlham Əliyev münaqişənin həlli istiqamətində beynəlxalq müstəvidə qəbul olunan qərar və qətnamələri də xatırladıb və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xüsusi vurğulayıb. Prezident bildirib ki, münaqişənin həllinin yubanmasının əsas səbəblərindən bir də məhz təcavüzkara qarşı beynəlxalq təzyiqlərin olmamasıdır. Azərbaycanın 25 ildə əldə etdiyi uğurlardan da danışan dövlət başçısı həyata keçirilən beynəlxalq iqtisadi layilərdən də bəhs edib.

BMT ilə geniş əlaqələr quran Azərbaycan əməkdaşlığın müxtəlif vasitələrindən istifadə edir. Əməkdaşlığın səmərəli şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikası BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və effektiv əməkdaşlıq edir. Onların sırasında BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin İnkişaf Proqramı (BMT İP), BMT-nin Uşaq Fondu (UNICEF), Sənaye İnkişaf Təşkilatı (UNIDO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ərzaq Proqramı (ÜƏP), BMTnin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar Fondu (UNIFEM), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Hal- hazırda Azərbaycan Respublikası BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO ilə geniş əməkdaşlıq edir. Bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilmişdir. Azərbaycan – UNESCO əlaqələri ölkənin təhsil, elm və mədəniyyət sahələrində inkişafına yardım məqsədilə uğurla həyata keçirilir. Azərbaycan– UNESCO münasibətlərinin inkişafında, bu münasibətlərin canlanması və gücləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvəzolunmaz rola malikdir. 2004-cü ilin avqustunda Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO - nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

Azərbaycanın BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq sazişini Prezident Heydər Əliyev 1994-cü ildə BMT Baş Assambleyasının sessiyasında iştirakı zamanı imzalamışdır. Azərbaycanla UNICEF arasında əməkdaşlıq qaçqın və məcburi köçkün uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. BMT ən kəskin təsirə məruz qalmış qaçqın və məcburi köçkünlərin qidalanma vəziyyətini nəzarətdə saxlamaq üçün 1993-cü ildə özünün fövqəladə ərzaq proqramının – Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icrasına başlamışdır. Bu proqram çərçivəsində münaqişənin ilk illərində qaçqın və məcburi köçkünləri təxminən 160.000 ton qarışıq ərzaq malları ilə təmin etmişdir.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf  Proqramı və Sənaye İnkişafı Təşkilatı ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. Xüsusilə də BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə yardım göstərmişdir. 

Azərbaycan Respublikası həmçinin BMT-nin 2000-ci ilin sentyabrında elan olunmuş Minilliyin İnkişaf Məqsədləri (MİM) layihəsinin fəal iştirakçısıdır. Belə ki, 2000-ci ilin əvvəllərində Azərbaycanda BMT yeni mərhələyə qədəm qoymuş ölkənin inkişaf planı hesab edilən və əhalinin ən zəif təbəqələrinin (məcburi köçkünlər, yaşlılar, xüsusilə də kənd yerlərində qadınların başçılıq etdiyi ev təsərrüfatları, risk altında olan uşaqlar, gənclər və b.) yaşayış səviyyəsinin yüksəldilməsini məqsəd kimi qarşıya qoyan 2003-2005-ci illər üçün yoxsulluğun azaldılması üzrə ilk milli strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi ilə hökumətin MİM-lərə nail olmaq səylərinə dəstək göstərmək üçün beynəlxalq icma ilə tərəfdaşlıq etmişdir.

Azərbaycan yoxsulluqla mübarizədə əldə olunan nailiyyətlərə və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən uğurlu siyasətə görə BMT tərəfindən mükafatlara layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə “Cənub Cənub” mükafatı ilə təltif olunmuşdur.

2015-ci il noyabrın 12-də Mehriban Əliyevaya Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nin Əhali Fondunun xatirə diplomu və hədiyyəsi təqdim edilib.

Həmin ildə dövlətimiz qeyd olunan sahədə nailiyyətlərinə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xüsusi diplomuna layiq görülmüşdür. Qeyd edək ki, bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoymuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəaliyyətində bu məqsədlərə nail olmağa töhfə verdiyinə, humanitar və ekologiya sahəsindəki uğurlu fəaliyyətinə görə 2015-ci ildə “FAO-nun xoşməramlı səfiri” adına layiq görülmüşdür.

2017-ci ilin mayında Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda ikinci plenar sessiya keçirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva sessiyada çıxış etmişdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi ofisinin attaşesi Rəşad əl-Xafaci sessiyanın müasir dünya üçün çox əhəmiyyətli bir mövzuya həsr olunduğunu vurğulayaraq, IV Qlobal Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin olan, ekoloji cəhətdən gərgin regionda yerləşən bir ölkə kimi ekoloji problemlərin yaratdığı təhlükələrin aradan qaldırılması məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə uğurlu əməkdaşlıq edir. Ətraf mühitin qorunması, yaşadığımız dünyanın gələcək nəsillər üçün təhlükəsiz məkana çevrilməsi baxımından hər birimizin üzərinə ciddi məsuliyyət düşdüyünü nəzərə alaraq, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə UNEP ilə əməkdaşlıq çərçivəsində“Yaşıl həftə” konfransları reallaşdırılaraq dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsi təmin edilmişdir. Ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaq məqsədilə qeyd olunan əməkdaşlıq çərçivəsində fəaliyyət uğurlu şəkildə bu gün də davam etdirilməkdədir.

Azərbaycan 2014-cü ildə Gənclər siyasəti üzrə I Qlobal Foruma və 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir.

2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi iclasda videoformatda çıxış edib.

Dövlət başçısı həmin zaman çıxışında BMT-ni və beynəlxalq ictimaiyyəti xəbərdar edərək bildirmişdi ki, Təcavüzkar ritorika və təxribatlar Ermənistanı Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

2020-ci ilin dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Prezident İlham Əliyev “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi bir daha tənqid etmiş və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdir.

Dövlət başçısı çıxışı zamanı Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək 2020-ci il 27 sentyabr tarixindən öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladığını vurğulamışdır. 44 gün davam edən müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin azad etmişdir. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edib.

2021-ci il dekabrın 16-da Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub.

Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirdi. 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.

Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Bu isə imkan verir ki, gələcəkdə də Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdirsin və dövlətimiz tərəfindən yeni nailiyyətlər və uğurlar qazanılsın.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.