AZƏRBAYCAN - TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASI

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi  üzvləridir.        

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır.

2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır. 

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir.

Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

Türk Şurasının ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşü mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

Türk Şurasının üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ  şəhərində keçirilmişdir. Zirvə görüşün  mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

Türk Şurasının dördüncü  Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında  4-5 iyun 2014-cü il tarixlərində Bodrum  şəhərində keçirilmişdir.

Türk Şurasının beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilmişdir.

Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:

Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

Regionda və dünyada sülhün bərqərar edilməsi;Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

 Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

Türk Şurasının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya  qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

Dövlət Başçıları Şurası

Xarici İşlər Nazirləri Şurası

Yüksək Vəzifəli Şəxslər Komitəsi

Ağsaqqallar Şurası

Katiblik

Dövlət Başçıları Şurasının toplantısına  ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə  qədər Türk Şurasına sədrlik edir.  

Azərbaycan TDƏŞ-lə yanaşı, bu qurumun əlaqəli orqan və təşkilatları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (qərargahı Bakıda yerləşir), Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.

Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm,  təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir. 

TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkek Zirvəsındə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərir.

Türk Biznes Şurası 2011-ci ildə təsis edilmişdir. Qurum Türk Şurasına üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur. 

 TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar.