AZƏRBAYCAN — AVROPA ŞURASI

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkənin xarici siyasət xəttində bir sıra mühüm və təxirəsalınmaz dəyişikliklər edildi. Qarşıya qoyulmuş vəzifələrdən biri də ölkənin beynəlxalq aləmdəki əlaqələrini gücləndirmək və Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdırmaq idi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpa olunmasından sonrakı dövrdə ölkədə yaranmış iqtisadi və siyasi problemlərin həlli Azərbaycanın dünyanın iqtisadi və siyasi inteqrasiya proseslərinə cəlb olunması və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasından asılı idi .

Azərbaycan Respublikasının xarici siyasətində mühüm yerlərdən birini AŞ ilə əlaqələrin qurulması təşkil edirdi. Ümumiyyətlə, Azərbaycanın AŞ-yə üzvlüyünü zəruri edən bir çox tarixi və siyasi məqamlar var. Ulu öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindən biri də xarici siyasət kursunda siyasi və iqtisadi balansın saxlanılması idi. Bu mənada keçmiş postsovet respublikalarından başqa, Qərb ölkələri və Avropanın siyasi və iqtisadi təşkilatları ilə münasibətlərin qurulması zəruri idi. Çünki ölkələrin iqtisadi və siyasi modernləşdirilməsi yolunun Avropa strukturları ilə əməkdaşlığından keçməsinin sübutu artıq Şərqi Avropa ölkələrinin nümunəsində özünü göstərirdi. Bundan başqa, AŞ-yə üzvlük Azərbaycana öz ərazilərinin Ermənistan tərəfindən işğalını dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm bir platforma əldə etmək şansı verdi. Çünki Avropa Şurası Parlament Assambleyası (AŞPA) deputatlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatı yox idi. AŞ-nin bir üzvü Ermənistan digər üzvü Azərbaycanın torpaqlarını işğal etmişdi. Bu, bir tərəfdən erməni lobbisinin təbliğatı və fəaliyyəti, digər tərəfdən isə Azərbaycanın AŞ kimi böyük tribunasının olmaması ilə bağlı idi.

Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən Azərbaycanda ölüm cəzasına moratorium qoyulmuş, 1998-ci ildə isə ləğv edilmişdir. Ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.

Prezident Heydər Əliyevin sonrakı addımları da Azərbaycanın bu məsələdə qətiyyətli olduğunu göstərirdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında" imzaladığı sərəncamlar həqiqətən də ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi. Bu sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normala-ra uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrin və digər qanunların hazırlanmasının sürətlənməsi, respublikamızın Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdir. Həmin tövsiyələrə uyğun olaraq çox qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların demək olar ki, hamısı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.

2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Nazirlər Komitəsinə Azərbaycan Respublikasını Avropa Şurasının tamhüquqlu üzvü seçmək tövsiyə edilmişdir.

Nəhayət, 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasında özünün tarixi çıxışını etdi. Həmin nitqində Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram idi.

Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhrələnmək sahəsində özünün milli proqramını da hazırlamışdır. Bu proqramın əsas məqsədləri:

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın işğalçı siyasətini ifşa etmək, azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və torpaqlarımızın 20 faizinin işğal edildiyi faktını tanıtdırmaq, hüquqları pozulmuş köçkünlərimizin ağrılı-acılı həyatını anlatmaq, ölkəni cəlb olunduğu regional münaqişədən onun ərazi bütövlüyünü saxlamaq şərti ilə dinc yolla xilas etmək;

Demokratik, hüquqi dövlət quruculuğu işini davam etdirmək, qazanılmış müstəqilliyin təsdiqi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Avropa dəyərlərini mənimsəyərək bu birliyə inteqrasiya etmək;

Demokratik və hüquqi dövlət quruculuğu işində islahatları davam etdirmək üçün konkret öhdəliklərin yerinə yetirilməsini, vətəndaş cəmiyyətinin inkişafını və insan hüquqlarının müdafiəsini təmin etmək;

Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına imkan qazanmaq və ölkənin xarici siyasətinin dinc yanaşı yaşamaq, sülhü və təhlükəsizliyi qorumaq və s. beynəlxalq hüquq prinsiplərinə əsaslandığını nümayiş etdirərək bu dövlətlərə çatdırmaq;

Öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali prinsipindən istifadə etmək.

Göründüyü kimi, Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı perspektiv məqsədləri inkişaf etmiş dövlətlərin bu təşkilat çərçivəsindəki fəaliyyətlərinin əsas məqsədləri ilə üst-üstə düşürdü.

Beləliklə, Azərbaycan öz arzu və istəklərini, tələblərini Avropanın bu mötəbər tribunasından dünya dövlətlərinə çatdıra bilmək imkanı qazanmışdır. Bu mühüm və əlamətdar hadisə ilə bağlı Strasburqa gedən nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin 2001-2003-cü illərdə orada apardığı səmərəli iş xüsusilə qeyd edilməlidir.

AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞPA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər.

2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsi, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırıldı.

Bununla bağlı sessiyada daha çox diqqət cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu. Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran İlham Əliyev bildirirdi:

"Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı, qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Məhz belə qətiyyətli mövqedən sonra AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi dönüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinin təyin olunmasına qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsilə nəticələndi.

2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 saylı qətnamə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan mühüm addımlardandır. Qətnamədə qeyd olunur:

"Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köç-kündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər."

Qanunvericilik sahəsində əsaslı islahatlar aparılıb. Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn üstünlüyünə təminat verir.

Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığı-na, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşı-sında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.

Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzura aradan götürülmüş, məhkəmənin müstəqilliyi təmin olunmuşdur.

Rəsmi Bakı bu təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmiş, ölkədə İnsan haqları üzrə müvəkkil - Ombudsman institutu fəaliyyətə başlamış, Azərbaycan Prezidenti mütəmadi olaraq əfv fərmanları imzalayır, yeni elektron kütləvi informasiya vasitəsi - İctimai Televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə almış, AŞPA həmməruzəçilərinin müntəzəm monitorinq aparmasına şərait yaratmışdır.

Bakıda Avropa Şurasının bir çox tədbirləri keçirilir. Üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil.

2010-cu il mayın 25-də Bakıda keçirilmiş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda iştirak və çıxış edən Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əsaslandırdığı kimi: "Mən bu konfransı Bakıda keçirmək qərarını qəbul etdiyinə görə Avropa Şurasına minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir."

2011-ci il yanvarın 26-da AŞ-nin binasında ölkəmizin AŞ-yə üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilmişdir. Tədbirdə həm Azərbaycandan həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak etmişdir.

Avropa Şurası Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə Sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Beləliklə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamışdır.

2014-cü ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında nitq söyləmişdir.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, “Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda bu qətnamələr öz mahiyyətini itirir. Ermənistan tərəfi hər şeyi olduğu kimi və statuskvonu dəyişməz olaraq saxlamaq istəyir. Lakin Ermənistan beynəlxalq hüquqa və dünyanın aparıcı dövlətlərinin bəyanatına sadəcə məhəl qoymur. Ermənistan Avropa Şurası Parlament Assambleyasının 2005ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymur. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrinin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb”.

2014-cü ilin  30 iyun - 1 iyul tarixlərində Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir.

Konfransa Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndə, o cümlədən Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılmışlar.

2015-ci il noyabrın 23-də Bosniya və Herseqovinanın Sosialist Qrupundan Milica Markovicin təklif etdiyi “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə mətni AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında qəbul edilmişdir. Qətnamədə Azərbaycanın cəbhə bölgələrində yerləşən rayonlarının Dağlıq Qarabağdakı Sərsəng su anbarının su təminatından asılı olması, bütün cəbhə bölgəsində əhalinin ekoloji və humanitar problemlərlə, eləcə də təhlükəsizlik riskləri ilə üzləşməsi məsələləri öz əksini tapmışdır. Qətnamədə eyni zamanda su təminatı problemlərinin araşdırılması və aradan qaldırılması məqsədilə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən geri çəkilməsi tələb edilmişdir. Lakin AŞ tərəfindən bu məzmunda bir çox qətnamənin qəbul edilməsinə baxmayaraq, onların heç biri Ermənistan tərəfindən icra olunmamışdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlamasını təsdiqləyən digər bir fakt isə 2017-ci il yanvarın 24-də AŞPA tərəfindən qəbul edilmiş “Avropada jurnalistlər və media azadlığına qarşı hücumlar” adlı 2141 (2017) saylı qətnamə olmuşdur. Qətnamədə deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı rejimin nəzarəti altında olduğundan Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən orada media azadlığının təmin olunub-olunmamasına nəzarət yoxdur.

Hazırda, Azərbaycan Respublikası Avropa Şurası çərçivəsində qəbul edilmiş 60 - dan çox beynəlxalq konvensiyanın iştirakçısıdır.