AZƏRBAYCAN - ATƏT

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. ​Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

20 dekabr 1993-cu ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmiləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevirilmişdir.

Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq eldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamənin qəbulu təşkil etmişdir.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunmuşdur.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlyandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Mnsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir:

 ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya,  Türkiyə, Finlyandiya, Fransa.

1999-cu ildə İstanbulda keçirlən ATƏT-in üzv ölkələrinin dövlət və hökumət başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur. İstanbul Zirvə toplantısında da Azərbaycan öz ədalətli mövqeyini dünyaya bəyan etmək üçün mühüm addımlar atdı. İstanbul sammitində prezident Heydər Əliyevin apardığı səmərəli danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Rəsmi Yerevan faktiki olaraq sülh sazişinin imzalanması prosesini hər vəchlə ləngitməyə çalışırdı. Halbuki sammitdən əvvəl bir çox beynəlxalq müşahidəçilər, o cümlədən zirvə görüşünün iştirakçıları sülh sazişinin imzalanacağına böyük ümid bəsləyirdilər, İstanbul sammitində qəbul olunmuş deklarasiyanın 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu və burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi qəti şəkildə bildirilirdi.

ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail olmayıb. Təşkilatın münaqişənin həllini sürətləndirmək üçün konkret mexanizmlərinin olmaması burada müəyyən rol oynasa da, etiraf etmək lazımdır ki, ATƏT-in işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək və dünya birliyini bu prosesə cəlb etmək imkanları var.