AZƏRBAYCAN – UNESCO 

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO ilə geniş əməkdaşlıq edir. Bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilmişdir.

1996-cı ildə Azərbaycan-UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Azərbaycan – UNESCO münasibətlərinin inkişafında, bu münasibətlərin canlanması və gücləndirilməsində Azərbaycanın birinci Vitse prezidenti Mehriban Əliyeva əvəzolunmaz rola malikdir. Onun Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin mühafizəsi, mədəniyyət, elm, təhsil və digər sahələrdə fəaliyyəti, təşkilatdakı şəxsi nüfuzu, UNESCO - nun humanist ideyalarına bağlılığı bu münasibətlərin əsasını təşkil edir.

2004-cü ildə Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO - nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban Əliyeva 2010-cu ildə UNESCO -nun “Qızıl Motsart” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası təşkilatın bütün prioritet istiqamətləri üzrə əməkdaşlıq etməklə, həm yerli dövlət qurumları və institutları, həm də digər dövlətlərin UNESCO üzrə milli komissiyaları ilə birlikdə çoxsaylı layihələr həyata keçirməkdədir. Bu illər ərzində Azərbaycanın tarixi maddi-mədəni irs nümunələri olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu  UNESCO - nun Ümumdünya Maddi -Mədəni İrs Siyahısına, 11 qeyri-mədəni irs nümunəsi – Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, Qarabağ atüstü oyun ənənəsi - Çövkən, Azərbaycan kəlağayı sənəti, Lahıc misgərlik sənəti, Lavaş, Azərbaycan dolması və Kamança Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Eyni zamanda, 2017-ci ildə Azərbaycanın Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Azərbaycan - UNESCO əlaqələrinin inkişafında yaddaqalan və vacib məqamlardan biri 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500, 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin Parisdə – təşkilatın qərargahında da təntənə ilə qeyd edilməsi olmuşdur.

UNESCO -nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilmişdir. Onların sırasında böyük alim Nəsirəddin Tusinin anadan olmasının 800 (2001), şərqşünas alim Mirzə Kazımbəyin 200 (2002), görkəmli alim, akademik Yusif Məmmədəliyevin 100 (2005), məşhur rəssam, xalça ustası Lətif Kərimovun 100 (2006), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 (2008), görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 (2008), böyük rəssam Səttar Bəhlulzadənin 100 (2009), tanınmış alim, akademik Musa Əliyevin 100 (2009), orta əsrlərin məşhur şairəsi və alimi Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 (2013), filosof alim Seyid Yəhya Bakuvinin vəfatının 550 illik (2013), dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi və s. yubiley tədbirlərinin adını çəkmək olar. Mədəniyyətlərin qovuşduğu körpü rolunu oynayan Azərbaycan Respublikası UNESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və ISESCO -nun dəstəyi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafının nəzərdə tutulduğu “Bakı prosesi”nin davamı çərçivəsində respublikamızda həyata keçirilən tədbirlər sırasındadır.

Azərbaycanın UNESCO ilə ən vacib fəaliyyət istiqamətlərindən biri də erməni işğalçıları tərəfindən dağıdılmış nadir mədəniyyət inciləri haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda həmin abidələrin, mədəniyyət ocaqlarının bərpası, qarət olunub respublikadan çıxarılmış sənət əsərlərinin qaytarılması məsələləridir.

Mehriban Əliyevaya mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESСO-nun “Qızıl Motsart” medalı ilə təltif edilib. 2010-cu il iyulun 30-da II Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında “Qızıl Motsart” medalı Mehriban Əliyevaya təqdim edilib.

2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında ölkəmiz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

18 iyul 2013-cü il tarixində Azərbaycanın UNESCO - ya üzv olmasının 20 illiyi münasibətilə Parisdə qurumun baş qərargahında UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi imzalanmışdır. Tədbirdə iştirak edən Azərbaycanın birinci xanımı, UNESCO -nun xoşməramlı səfiri Mehriban Əliyeva bu addımın “beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO -nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəyinə” əminliyini ifadə etmişdir.

2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-da təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmişdir. Eyni zamanda “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgisi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olunmuşdur.

2015-ci ilin mayında UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimində iştirak etmişdir. Forumunun açılış mərasimində iştirak etmişlər. Forum çərçivəsində UNESCO-nun Baş durektoru İrina Bokova Azərbaycanın Kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi Mehriban xanım Əliyevaya təqdim etmişdir.

2015-ci ilin noyabrında UNESCO - nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə, təşkilatın Baş qərargahında UNESCO - nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO - nun Xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak etmişlər. 

2017-ci ildə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub.

2018-ci ilin mayında Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransda iştirak edib. Birinci vitse-prezidenti Mehriban Əliyeva konfransda çıxış edib.

Səfər zamanı  Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşüb.

Baş direktor Odre Azule bu vəzifəyə seçiləndən sonra Azərbaycanla UNESCO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğulayıb.

Görüş zamanı 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva bildirdi ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir.

2019-cu il iyunun 30-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olundu. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm bir imkandır.

Sessiyanın növbəti iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

2019-cu il  oktyabrın 31-də - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib.

Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.