AZƏRBAYCAN VƏ İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI 

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İƏT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İƏT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İƏT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı mühüm qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə çağırılır. Həmçinin qətnamə BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırır.

Qeyd edilməlidir ki, qətnamələrdən başqa, Kasablanka zirvə görüşü Azərbaycan üçün həm də ona görə mühüm əhəmiyyət daşımışdır ki, Prezident Heydər Əliyev çıxış edərək Azərbaycanın mövqeyini şərh etmək, təqribən bütün islam ölkələrinin rəhbərləri ilə keçirdiyi şəxsi görüşlərində ölkəsinin əsas ictimai-siyasi problemlərini müzakirə etmək imkanı əldə etdi . Bundan əlavə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Cakarta şəhərində 1996-cı ildə keçirilən 24-cü konfransında qətnamənin adının dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması Azərbaycan üçün böyük uğur idi. Bu andan etibarən İƏT-ə üzv ölkələrin xarici işlər dəstəkləyir. Bu bəyanat ATƏT-in 1996-cı il dekabrın 2-3-də Lissabonda keçirilmiş sammitinin bəyannaməsinə daxil edilmişdir. Həmin bəyannamədə Ermənistan –Azərbaycan münaqişəsinin nizamlanmasının bir hissəsi kimi nəzərdə tutulan 3 prinsip müəyyən edilmişdir:

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksəksəviyyəli özünüidarə hüququ statusunun verilməsi;

Bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəlikləri də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi.

İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X zirvə görüşlərində və 2008-ci ildə Dakarda keçirilmiş zirvə görüşündə qəbul edilmiş qətnamələr də “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanır. Bu qətnamələr Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm rol oynamışdır.

2016-cı il aprelində İstanbulda keçirilən İƏT-in XIII zirvə görüşündə İƏT çərçivəsində və xarici işlər nazirləri səviyyəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair təmas qrupu yaradılmış və bu qrupun İstanbul sammiti çərçivəsində ilkin iclası da keçirilmişdir. Həmin qrupa 7 ölkə daxildir: Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti. Bu təmas qrupunun  yenicə yaradılmasına baxmayaraq,  münaqişənin həllini sürətləndirmək və böyük dövlətlərin diqqətini bu problemə yönəltmək istiqamətində qısa zaman ərzində fəal rol almağa çalışmışdır. Məsələn, BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində bu təmas qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası keçirilmişdir. Həmçinin İƏT dünya birliyinin diqqətini 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 mülki şəxsin erməni hərbi qüvvələri tərəfindən qətl edilməsi ilə nəticələnmiş Xocalı soyqırımına cəlb edə bilmişdir.

 İƏT Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin mayında Dəməşqdə keçirilmiş 36-cı konfransında qəbul edilmiş yekun qətnamədə nazirlər “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv dövlətləri bu kampaniyada fəal iştirak etməyə çağırmışlar. 2011-ci ildə İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyən qətnamə qəbul etmişdir. Həmçinin Parlamentlər İttifaqı 2012-ci ildə İƏT-ə üzv bütün dövlətlərin parlamentlərini Ermənistan silahlı qüvvələrinin törətdiyi qırğınları soyqırımı və insanlığa qarşı cinayət kimi tanımağa çağırmışdır. Müəyyən vaxt keçdikdən sonra bir sıra ölkələrin, o cümlədən Pakistan, İordaniya, Sudan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosniya-Herseqovina, Çexiya Respublikası, ABŞ-ın 20-yə yaxın ştatı və digər qanunverici orqanları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Xocalı hadisəsini soyqırımı kimi tanıyan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında nizamlanmasına çağıran qətnamələr qəbul etdilər.

Qeyd edək ki, İƏT-in Baş Katibliyi hər il Xocalı faciəsinin ildönümü ilə bağlı rəsmi bəyanat yayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı isə İƏT-ə üzv ölkələrin parlamentlərinin Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün daimi iş aparır. Buna əlavə olaraq, İƏT-in Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı mövqeyi üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin konfranslarında, müxtəlif illərdə keçirilən islam sammitlərində qəbul edilmiş qətnamələrdə də öz əksini tapmışdır.

Belə ki, onlar digər mötəbər təşkilatların (BMT, ATƏT) qəbul etdikləri qətnamələri və Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyir, Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyir. Həmçinin İƏT-in qətnamələrinin xüsusiyyəti ondadır ki, onlarda beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi tələb edilir. Bütün bu qətnamələrin qəbul edilməsinin səbəbi təkcə islam həmrəyliyi deyil. Əslində, bu qətnamələrin qəbul edilməsinin əsasında iki mühüm amil durur: 1. beynəlxalq hüquq prinsiplərinin dəstəklənməsi – onlardan biri dövlətlərin ərazi bütövlüyüdür; 2. BMT-dən sonra ikinci ən böyük təşkilatın böyük dövlətlərin tətbiq etdikləri ikili standartlara reaksiyası, həmçinin müəyyən dövlətlər tərəfindən həyata keçirilən təcavüzü və işğalı bəzən dayandıra bilməyən və ya bunu istəməyən BMT daxilində yaranmış böhrana cavabdır.

Geniş siyasi dəstəkdən əlavə, İƏT Azərbaycanın islam dünyasının müxtəlif iqtisadi strukturlara inteqrasiyasına köməklik göstərmişdir. 1992-ci ildə Azərbaycan İslam İnkişaf Bankının (İİB) üzvü seçilmişdir və həmin vaxtdan bu beynəlxalq iqtisadi təşkilatla sıx əməkdaşlıq edir. İİB ilk növbədə Qarabağ münaqişəsinə görə qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılara maliyyə və humanitar yardımlar göstərmişdir. Əlaqələr inkişaf etdikcə  Azərbaycan İİB ilə kənd təsərrüfatı, infrastruktur, neft və qaz, su təchizatı, sənaye və müxtəlif sosial sahələr üzrə layihələrin maliyyələşdirməsi istiqamətində əməkdaşlığını davam etdirmişdir.

Ümumiyyətlə, İİB Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində layihələrin həyata keçirilməsi üçün 1,2 milyard dollardan çox vəsait ayırmışdır.

Hal-hazırda Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir.  Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. Məsələn, 2013-cü ildə Bakıda keçirilmiş İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransında təşkilata üzv dövlətlər arasında yeni imkanların yaradılması, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilmişdir. 2014-cü ildə “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirilmişdir. Qeyd edilməlidir ki, bunun müqabilində İƏT (ISESCO vasitəsilə) islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirmişdir. Bu kontekstdə Azərbaycan hökuməti tərəfindən “Bakı İslam dünyasının paytaxtı – 2009” layihəsi çərçivəsində Azərbaycanda və xarici ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Avropa təşkilatları ilə İƏT arasında qarşılıqlı anlaşma körpüsü kimi Bakının rolunu təcəssüm edən ən mühüm təşəbbüs “Bakı prosesi” adlanan layihədir. “Bakı prosesi”ni fərqləndirən xüsusi cəhət budur ki, o, mədəniyyətlərarası dialoq layihəsini Avropa Şurası və ISESCO dəyərləri və fəaliyyətləri əsasında birləşdirir. “Bakı prosesi” layihəsi BMT Baş Məclisinin 2001-ci ilin noyabrında qəbul etdiyi Sivilizasiyalararası Dialoq üzrə Beynəlxalq Proqrama, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” (2005), ISESCO-nun 2004-cü ildə qəbul etdiyi “Mədəni müxtəliflik barədə İslam Bəyannaməsi”, Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Zirvə konfransının bəyannaməsi və fəaliyyət proqramına, həmçinin Avropa Şurasının 2008-ci ilin mayında qəbul etdiyi “Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab”a  əsaslanır.

Azərbaycan və İƏT arasında humanitar əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Sivilizasiyalararası dialoq, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2006-cı ildə ISESCO - nun Xoşməramlı səfiri adına layiq görülüb.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər Xocalıda törədilən insanlığa qarşı ağlasığmaz cinayətin dünya ictimaiyyətinə çatdırılması, buna hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq, dünyada sülh, əmin-amanlıq uğrunda mübarizə aparmaqdır. Məhz gənclər proqramlarının və fəaliyyətinin inkişafındakı müstəsna xidmətlərinə, verdiyi dəyərli töhfələrə görə Leyla xanım Əliyevaya təşkilatın yüksək mükafatı təqdim edilmişdir. Bu gün Azərbaycanı İƏT-in üzvü olan ölkələri ilə təkcə milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də bağlayır. Bu məsələdə Azərbaycanın siyasi aləmdə qazandığı imic və tutduğu mövqe xüsusi rol oynayır. 

2011-ci il 22-23 noyabr tarixində Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə  “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayı keçirilib.

Azərbaycan İƏT və BMT, AŞ PA və  başqa beynəlxalq təşkilatlar arasında bir növ siyasi-mədəni körpü funksiyasını həyata keçirir. Məsələn, Nyu Yorkda 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. İclasın gündəliyində əsas məsələ BMT və İƏT arasında beynəlxalq sülh və təhlükəsizlik sferalarına dair əməkdaşlığın daha da gücləndirilməsi və birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub. 

2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirililmişdir. Yarışlarda 24 idman növü üzrə 54 dövlətin nümayəndələri qatılmışdır. Bu Oyunlar böyük idman və ictimai əhəmiyyətlə yanaşı, həm də mühüm siyasi məna kəsb edir.

İslam dünyasında münaqişələrin və ziddiyyətlərin hökm sürdüyü bir vaxtda bu böyük idman yarışını təşkil etməklə Azərbaycan İƏT-ə və onun birlik və həmrəylik ideyasına ciddi dəstək vermişdi.

2017-ci il  Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olundu. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilib.

2018-ci ilin aprelində Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilib.

İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.