AZƏRBAYCAN - QOŞULMAMA HƏRƏKATI

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. “Bandunq prinsipləri” aşağıdakılardır:

1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;

2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;

3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;

4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;

5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;

6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;

7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;

8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;

9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;

10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. 

Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın Sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə Sədr seçilir. Sədr dövlət üç illik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına ev sahibliyi edir. Bundan əlavə, sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. Praktikaya əsasən, sədrlik funksiyasını qəbul etmiş dövlət sədrlik müddətində öz Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini QH-nin işlərinə həsr etməli və QH-nin ideya və prinsiplərinin tərənnüm olunmasına çalışmalıdır.

QH üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasındakı qruplaşması (“Caucus”) QH-nin vacib orqanlarından biri olmaqla QH üzvlərinin TŞ-dəki mövqelərinin təmin olunmasına xidmət edir. TŞ-yə seçilmiş QH üzvlərindən ibarət olan bu qruplaşmanın fəaliyyəti Əlaqələndirici Büro vasitəsilə tənzimlənir. Qruplaşma mütəmadi əsasda görüşlər keçirməklə BMT TŞ-də QH adından nümayiş olunacaq vahid mövqeyi nəzərdən keçirir. Digər tərəfdən sözügedən qruplaşma vasitəsilə QH öz Sammitlərinin qərarlarının TŞ-nın müvafiq sənədlərində əks olunması istiqamətində çalışır. Qruplaşma daxilində qrupun əlaqələndiricisi seçilir və həmin əlaqələndirici dövlət mütəmadi əsasda Əlaqələndirici Büro vasitəsilə BMT TŞ-də müzakirə olunan əsas məsələlər və QH-nin vahid mövqeyinin nümayiş olunması tələb olunan mövzular barədə QH üzvlərinə məlumat verir. Eyni zamanda, Büro sədri BMT TŞ-nin iclaslarında iştirak edə və təşkilata üzv dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi zamanı QH-nin vahid mövqeyini ifadə edə bilər.

QH-nin digər vacib struktur bölməsi Birgə Əlaqələndirmə Komitəsidir. Metodologiya üzrə Kartagena (1996) sənədinə əsasən bu Komitənin əsas funksiyası inkişaf etməkdə olan dövlətlərin maraqlarının beynəlxalq aləmdə birgə müdafiə olunması üçün QH üzvü olan dövlətlər ilə “77-lər Qrupu” arasında əlaqələndirmə və əməkdaşlığın aparılmasıdır. QH metodologiyası üzrə Havana sənədinə (2006) əsasən Əlaqələndirmə Komitəsi ildə ən azı iki dəfə görüş keçirməlidir.

QH-nin Avropanın bəzi strukturları ilə oxşarlıq təşkil edən cəhətlərindən biri Təşkilata sədrlik edənlərin “Troika”sının mövcud olmasıdır. “Troika” QH-nin keçmiş, indiki və növbəti sədr dövlətlərindən təşkil olunur və mütəmadi əsasda görüşərək təşkilat üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə edir.

Hərəkat çərçivəsində keçirilən görüşlərə gəlincə, Sammit Konfransları və ya QH-ə üzv dövlətlərin Dövlət və Hökumət Başçılarının görüşü QH-nın əsas ali toplantısıdır. Əlaqələndirici Bürosunun Nazirlər Görüşləri Sammitə hazırlıq işlərinin görülməsi ilə məhdudlaşır və Sammitdən ən azı 4 ay əvvəl təşkilata sədrlik edən dövlətin ərazisində keçirilir.

Hərəkatın müxtəlif mövzuları üzrə İşçi və Əlaqə Qrupları və Komitələr mövcuddur. Bu qrupların əsas məqsədi Hərəkatın fəaliyyətinə töhfə verməkdir. Mütəmadi şəkildə qruplar Əlaqələndirici Büroya məruzə təqdim etməli və vacib hesab etdikləri zaman görüş keçirməlidirlər.

Təşkilatın üzv olmaq istəyən dövlətin Dövlət və ya Hökumət başçısı və ya xarici işlər naziri Qoşulmama Hərəkatının Sədrinə yazılı şəkildə müraciət edir və müraciət əsasında məsələ Hərəkatın Sammiti və ya Nazirlər Görüşünə çıxarılır. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Təşkilata yeni üzvün qəbulu zamanı heç bir üzv dövlət əleyhinə olmamalıdır.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.

2018-ci ilin 5 aprel tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək.