AZƏRBAYCAN – İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.

16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib.

İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər. 

Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev bununla bağlı bildirdi: “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.

İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə Görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə Azərbaycanın maraqlarına cavab verən müddəaları ehtiva edir. “... İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq...”, - sənəddə deyilir.

Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində İƏT regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.