AZƏRBAYCAN – MDB

Müstəqil Dövlətlər Birliyi (MDB)  8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixdə MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.

MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan da bu müqaviləni imzalamamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak və çıxış etmişdir. O, çıxışında Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin bir parçası kimi oynadığı əhəmiyyətli rola toxunmuş, digər MDB dövlətlərini layihələrə qoşulmağa dəvət etmişdir.

MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə kənarda qalmışdır.

Hazırda MDB-də 8 nizamnamə, 69 sahəvi əməkdaşlıq orqanı və 15 digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox təşkilat fəaliyyət göstərir. Nizamnamə orqanları Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, İqtisadi Məhkəmə, Parlamentlərarası Assambleya, İcraiyyə Komitəsi, Müdafiə Nazirləri Şurası və Sərhəd Qoşunları Komandanları Şurasıdır. Azərbaycanın təmsil olunduğu nizamnamə orqanları Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Parlamentlərarası Assambleya, Müdafiə Nazirləri Şurası və İcraiyyə Komitəsidir. Azərbaycan ümumilikdə MDB-nin sahəvi əməkdaşlıq orqanlarından yalnız 30-da, digər orqanların isə 11-də iştirak edir.

Azərbaycanın xarici ticarətində MDB ölkələri əhəmiyyətli yer tutur. Bunda Azərbaycanla MDB ölkələri arasında vizasız gediş-gəlişin və güzəştli gömrük tariflərinin tətbiqinin rolu böyükdür. Əvvəllər Azərbaycanın əsas ticarət tərəfdaşlarını MDB ölkələri təşkil edirdisə, indi bu nisbət Avropa İttifaqı ölkələrinin xeyrinə dəyişmişdir. MDB ölkələri arasında Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan ölkə Rusiya Federasiyasıdır.

Azərbaycan MDB-yə əhəmiyyətli, lakin həyati olmayan regional təşkilat kimi yanaşır, öz prioritetlərini bu təşkilat çərçivəsində də qoruya bilir, müstəqilliyi məhdudlaşdıra biləcək proseslərdən uzaq durur, müəyyən məqamlarda konkret mövqe nümayiş etdirərək proseslərə etiraz edir. MDB Azərbaycan üçün ən vacib məsələ olan Ermənistanın işğalçılıq siyasətinin gündəmə gətirilməsi və işğalın nəticələrinin ortadan qaldırılması məqsədilə səylərin göstərilməsi platformasıdır. MDB Azərbaycan üçün çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin vacib istiqamətlərindən biri rolunu oynayır.

Azərbaycan MDB respublikaları ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir, lakin eyni zamanda MDB-nin iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Göründüyü kimi, Azərbaycan hazırda MDB-ni xüsusi bir inteqrasiya modeli kimi deyil, “dialoq müstəvisi” kimi xarakterizə edir. Təsadüfi deyildir ki, Azərbaycan MDB çərçivəsindəki son inteqrasiya (hərbi-təhlükəsizlik, iqtisadi və s. xarakterli) proseslərindən mümkün qədər kənarda qalmağa çalışmışdır.