AZƏRBAYCAN – MDB

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.

MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan  bu müqaviləni imzalamamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak və çıxış etmişdir. O, çıxışında Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin bir parçası kimi oynadığı əhəmiyyətli rola toxunmuş, digər MDB dövlətlərini layihələrə qoşulmağa dəvət etmişdir.

MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır.

14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. Dövlət başçıları korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu sənədə əsasən, MDB ölkələri korrupsiya ilə bağlı hüquqpozuntuları zamanı bir-birinə hüquqi yardım göstərəcək, operativ məlumatların, normativ sənədlərin mübadiləsini həyata keçirəcək, müvafiq proqramlar hazırlayacaq, kadrların hazırlanması və ixtisasının artırılmasını həyata keçirəcək.

MDB Dövlət Başçıları Şurası həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib.