AZƏRBAYCAN — QOŞULMAMA HƏRƏKATI

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. “Bandunq prinsipləri” aşağıdakılardır:

1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.

09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.

30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsində dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişdir.   

28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclası keçirilmişdir. QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər. 

4-6 aprel 2018-ci il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq dövr Nazirlər Konfransının yekun sənədində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edilmişdir.

18-21 iyul 2019-cu il tarixlərində Venesuelanın Karakas şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər səviyyəsində növbəti iclasının yekununda qəbul edilmiş Karakas Yekun Sənədi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki sənədlərdə əksini tapmış dəstək mövqeyini bir daha təkrarlamışdır.

Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə etmiş və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış etmişdir.

Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul etmişdir. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edilir. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə etmişdir.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur. Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini  və 11 nazir səviyyəsində iştirak olmuşdur. 

Görüşün yekunu olaraq QH üzv dövlətləri tərəfindən Bəyannamə qəbul edilmiş və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupu təsis edilmişdir. Qrupa QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

4 may 2020-ci il tarixli QH Təmas Qrupunun Zirvə Görüşünün davamı olaraq, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürmüş və BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə BMT Baş Katibi 10 iyul 2020-ci il tarixindən sözügedən sessiyanın çağırıldığını elan etmişdir. Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seqmenti təşkil olunmuş və həmin tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində çıxış etmişdir. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış etmiş və sessiyanın təşəbbüskarı olduğuna görə Azərbaycana və ölkə rəhbərliyinə təşəkkür ifadə etmişdir.

9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilmiş QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilmişdir. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamışdır. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini bildirmişdir. 

Həmçinin, 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri keçirilmiş, TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsi müzakirəyə çıxarılmış, lakin Azərbaycan tərəfinin TŞ-də qeyri-daimi üzv olan QH dövlətləri ilə öncədən apardığı işin və danışıqların nəticəsi olaraq, ölkəmizin mövqeyinə zidd olan və münaqişə barədə TŞ qətnamələrinə istinadı əks etdirməyən həmin bəyanat layihəsinin qəbulunun qarşısı alınmışdır. 

Azərbaycanın QH-yə sədrliyi dövründə nazirlər səviyyəsində də bir sıra tədbirlər keçirilmişdir. Pandemiya şəraitindən irəli gələn məhdudiyyətlər səbəbindən həmin tədbirlər virtual formatda baş tutmuşdur. Belə ki, 20 may 2020-ci il və 24 may 2021-ci il tarixlərində QH üzv dövlətlərinin səhiyyə nazirlərinin görüşləri, 9 oktyabr 2020-ci il tarixində (BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində) QH dövlətlərinin xarici işlər nazirlərinin iclası və 4 iyun 2021-ci il tarixində Hərəkata üzv dövlətlərin əmək nazirlərinin görüşləri keçirilmişdir. 

Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.

23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. 

4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. 2 gün davam edən təsis iclasının nəticəsi kimi Gənclər Şəbəkəsi üzvləri tərəfindən tövsiyələr məktubu hazırlanaraq 11-12 oktyabr 2021-ci il tarixində Belqradda keçirilmiş Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirində iştirak edən Hərəkat üzv dövlətlərinin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim edilmişdir. 

26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolunu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir.  

11-12 oktyabr 2021-ci il tarixlərində Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə 100-dən artıq nümayəndə heyəti, o cümlədən 6 dövlət və ya hökumət başçısı, QH üzv və müşahidəçi dövlətlərinin, o cümlədən xüsusi qonaq qismində dəvət olunmuş dövlətlərin 50-dən artıq xarici işlər naziri, BMT Baş Assambleyasının sədri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi daxil olmaqla beynəlxalq təşkilatların rəhbər şəxsləri geniş şəkildə iştirak etmiş, BMT Baş Katibi tərəfindən video-müraciət ünvanlanmışdır.

21 sentyabr 2022-ci il tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib.

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.

Post-pandemiya dövründə qlobal vəziyyət və Qoşulmama Hərəkatının vəzifələri mövzusuna həsr edilmiş sözügedən iclasda bəyanatla çıxış edən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər, təşəbbüslər və gələcək planlar barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə pandemiya üzrə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Görüşünün, Madriddə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Şuşa Akkordu ilə Hərəkatın Gənclər Təşkilatının loqo və bayrağının təsdiq edildiyi qeyd olunub.