AZƏRBAYCAN VƏ İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Qeyd edək ki, 28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınmışdır. İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edilmişdir.

1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır.

1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı mühüm qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə çağırılırdı. Həmçinin qətnamə BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırırdı. Bundan əlavə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Cakarta şəhərində 1996-cı ildə keçirilən 24-cü konfransında qətnamənin adının dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması Azərbaycan üçün böyük uğur idi.

İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X zirvə görüşlərində və 2008-ci ildə Dakarda keçirilmiş zirvə görüşündə qəbul edilmiş qətnamələr də “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanır. Bu qətnamələr Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirak etmiş və dövlət başçısının təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransı keçirilmişdir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO,  İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə ICESCO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ICESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Bundan əlavə Azərbaycan Respublikasının təşəbbüsü ilə İslam Konfransı Gənclər Forumu (hazırda İslam Əməkdaşlığı Gənclər Forumu adlanır), onun Avrasiya Regional Mərkəzi (İƏGF ARM) və İƏT Əmək Mərkəzi kimi qurumlar yaradılmışdır. İƏGF-nin Avrasiya Regional Mərkəzi 2010-cu ildə təsis edilmiş və Bakı şəhərində fəaliyyət göstərir.

İslam Əməkdaşlığı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın aktiv fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Məhz onun təşəbbüsü ilə 2009-cu ildə başlanan “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası dünyanın 50-dən artıq ölkəsində həyata keçirilməkdədir. İƏT Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin mayında Dəməşqdə keçirilmiş 36-cı konfransında qəbul edilmiş yekun qətnamədə nazirlər “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv dövlətləri bu kampaniyada fəal iştirak etməyə çağırmışlar. 2011-ci ildə İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyən qətnamə qəbul etmişdir. Həmçinin Parlamentlər İttifaqı 2012-ci ildə İƏT-ə üzv bütün dövlətlərin parlamentlərini Ermənistan silahlı qüvvələrinin törətdiyi qırğınları soyqırımı və insanlığa qarşı cinayət kimi tanımağa çağırmışdır. Müəyyən vaxt keçdikdən sonra bir sıra ölkələrin, o cümlədən Pakistan, İordaniya, Sudan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosniya-Herseqovina, Çexiya Respublikası, ABŞ-ın 20-yə yaxın ştatı və digər qanunverici orqanları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Xocalı hadisəsini soyqırımı kimi tanıyan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında nizamlanmasına çağıran qətnamələr qəbul etdilər.

2011-ci il 22-23 noyabr tarixində Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə  “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayı keçirilib.

2013-cü ilin fevral ayında İƏT-in Qahirə şəhərində keçirilmiş Zirvə Toplantısında qəbul edilmiş Yekun Kommünikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə ilk dəfə olaraq “Xocalıya Ədalət”  beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunmuş və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi “soyqırım aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanınmışdır.

Azərbaycanın 2011-2013-cü illərdə BMT TŞ-yə sədrliyi dövründə, daha dəqiq olaraq  2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq “BMT ilə İƏT arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclas təşkil edilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyanın ikinci ən böyük hökumətlərarası təşkilatı olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. 

Geniş siyasi dəstəkdən əlavə, İƏT Azərbaycanın islam dünyasının müxtəlif iqtisadi strukturlara inteqrasiyasına köməklik göstərmişdir. 1992-ci ildə Azərbaycan İslam İnkişaf Bankının (İİB) üzvü seçilmişdir və həmin vaxtdan bu beynəlxalq iqtisadi təşkilatla sıx əməkdaşlıq edir. İİB ilk növbədə Qarabağ münaqişəsinə görə qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılara maliyyə və humanitar yardımlar göstərmişdir. Əlaqələr inkişaf etdikcə  Azərbaycan İİB ilə kənd təsərrüfatı, infrastruktur, neft və qaz, su təchizatı, sənaye və müxtəlif sosial sahələr üzrə layihələrin maliyyələşdirməsi istiqamətində əməkdaşlığını davam etdirmişdir.

Hal-hazırda Azərbaycan Respublikası İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir.  Azərbaycan son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi etmişdir. Məsələn, 2013-cü ildə Bakıda keçirilmiş İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransında təşkilata üzv dövlətlər arasında yeni imkanların yaradılması, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilmişdir. 2014-cü ildə “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirilmişdir. Qeyd edilməlidir ki, bunun müqabilində İƏT (İCESCO vasitəsilə) islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirmişdir. Bu kontekstdə Azərbaycan hökuməti tərəfindən “Bakı İslam dünyasının paytaxtı – 2009” layihəsi çərçivəsində Azərbaycanda və xarici ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Avropa təşkilatları ilə İƏT arasında qarşılıqlı anlaşma körpüsü kimi Bakının rolunu təcəssüm edən ən mühüm təşəbbüs “Bakı prosesi” adlanan layihədir. “Bakı prosesi”ni fərqləndirən xüsusi cəhət budur ki, o, mədəniyyətlərarası dialoq layihəsini Avropa Şurası və İCESCO dəyərləri və fəaliyyətləri əsasında birləşdirir. “Bakı prosesi” layihəsi BMT Baş Məclisinin 2001-ci ilin noyabrında qəbul etdiyi Sivilizasiyalararası Dialoq üzrə Beynəlxalq Proqrama, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” (2005), İCESCO-nun 2004-cü ildə qəbul etdiyi “Mədəni müxtəliflik barədə İslam Bəyannaməsi”, Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Zirvə konfransının bəyannaməsi və fəaliyyət proqramına, həmçinin Avropa Şurasının 2008-ci ilin mayında qəbul etdiyi “Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab”a  əsaslanır.

2016-cı ilin aprel ayında “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Tədbirin Yekun Kommünikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, 2016-cı ilin aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Təcavüzünə dair İƏT Təmas Qrupu”nun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer almışdır. Təmas Qrupuna 8 ölkə daxil olmuşdur (Türkiyə Respublikası, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Malayziya, Qambiya İslam Respublikası, Cibuti Respublikası, Somali Respublikası). Bu təmas qrupu  münaqişənin həllini sürətləndirmək və böyük dövlətlərin diqqətini bu problemə yönəltmək istiqamətində qısa zaman ərzində fəal rol oynamışdır. Məsələn, BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində bu təmas qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası keçirilmişdir. Həmçinin İƏT dünya birliyinin diqqətini 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 mülki şəxsin erməni hərbi qüvvələri tərəfindən qətl edilməsi ilə nəticələnmiş Xocalı soyqırımına cəlb edə bilmişdir.

2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Yarışlara 24 idman növü üzrə 54 dövlətin nümayəndələri qatılmışdır. Bu Oyunlar böyük idman və ictimai əhəmiyyətlə yanaşı, həm də mühüm siyasi məna kəsb edir.

İslam dünyasında münaqişələrin və ziddiyyətlərin hökm sürdüyü bir vaxtda bu böyük idman yarışını təşkil etməklə Azərbaycan İƏT-ə və onun birlik və həmrəylik ideyasına ciddi dəstək vermişdi.

2017-ci ilin iyulunda Kotd’İvuarın Abican şəhərində keçirilmiş İƏT XİN Şurasının 44-cü iclasında ilk dəfə olaraq “1992-ci ilin Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilmiş və Xocalı qırğını “müharibə cinayətləri”, “insanlığa qarşı cinayət” və “genosid” kimi tanınaraq qətiyyətlə pislənilmişdir.

Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı Parlament İttifaqı (İslam Konfransı Parlament İttifaqı) ilə əməkdaşlıq  mühüm yer tutur. Belə ki, 2010-cu ildən başlayaraq bu qurum tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin təqdim etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və “1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması” adlı qətnamələr qəbul olunub.  

2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ICESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilib. 2018-ci ilin aprelində Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilib. İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

2018-ci il oktyabr ayında İƏT-lə əməkdaşlıq çərçivəsində görülmüş tədbirlər arasında İƏT-in mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

2019-cu ilin 19 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri və orada səsləndirdiyi təxribatçı bəyanatları ilə bağlı İƏT Baş katibi adından Təşkilatın rəsmi internet səhifəsində “OIC Secretary General Expresses Deep Concern over the Recent Statement of Armenian Prime Minister on Nagorno-Karabakh” başlıqlı bəyanat dərc edilmişdir.

2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir” (“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”) başlıqlı bəyanatla çıxış etmişdir.

14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  “İƏT Baş katibliyi Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu pisləyir” (“OIC General Secretariat  Condemns  Armenia’s Attack On The Tovuz Region in Azerbaijan”) başlıqlı bəyanatla çıxış etmişdir. 

28 sentyabr 2020-ci il tarixində İƏT “İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir” başlıqlı bəyanatla çıxış etmişdir.

14 oktyabr 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir” başlıqlı bəyanat yaymışdır.

21 oktyabr 2020-ci il tarixində İƏT “Baş Katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır” adlı bəyanat vermişdir. Həmin bəyanatda İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə etmişdir.

16 noyabr 2020-ci il tarixində İƏT “İƏT Baş Katibliyi Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında döyüşlərin dayandırılmasını alqışlayır” başlıqlı bəyanatla çıxış etmişdir.

25 fevral 2021-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) "İƏT Baş Katibliyi Xocalı Soyqırımının 29-cu ildönümünü yad edir" ("OIC General Secretariat Commemorates the 29th Anniversary of Khojaly Massacre") başlıqlı bəyanatla çıxış etmişdir. Bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər adlandırılması ilə yanaşı, "soyqırım" ("genocide') kimi adlandırılmışdır.

8 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Baş katib “Dostluq” ordeni ilə təltif olunmuşdur.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik 19 may 2022-ci il tarixində Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın  açılışında iştirak edib. 20 may 2022-ci il tarixində isə Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.