AZƏRBAYCAN — ATƏT

Azərbaycan ATƏT-in üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.

Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv olduqdan sonra ATƏT-in 1992-ci ildə keçirilmiş Helsinki, 1994-cü ildə keçirilmiş Budapeşt, 1996-cı ildə keçirilmiş Lissabon, 1999-cu ildə keçirilmiş İstanbul və 2010-cu ildə keçirilmiş Astana Sammitlərində iştirak etmişdir.

ATƏT-in sonuncu sammiti 2010-cu ilin 12 dekabr tarixlərində Astanada keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammitdə qəbul edilmiş yekun Bəyannamədə ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsiplər əsasında həllinin vacibliyi qeyd edilmişdir.

Nazirlər Şurası — təşkilatın Sammitdən sonra ikinci əsas qərar qəbul etmə orqanıdır. İştirakçı dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Şura, bir qayda olaraq, ildə bir dəfə (Sammit keçirilən illər istisna olmaqla) təşkilata sədrlik edən ölkədə təşkil edilir.

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclaslarında, qərar və sənəd layihələrinin müzakirələrində fəal iştirak edir.

Daimi Şura — iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbuletmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.

ATƏT çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrası məqsədilə iştirakçı dövlətlərə yardım göstərilməsi məqsədilə üç icraçı institut fəaliyyət göstərir: Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu (DTİHB), Media azadlığı üzrə Nümayəndə və Milli Azlıqlar üzrə Ali Komissar.

Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun baş ofisi Varşava şəhərində yerləşir və insan ölçüsü üzrə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək mandatına malikdir.

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə 1998-ci ildən başlayaraq əməkdaşlıq aparmış və demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin müşahidə prosesində iştirak etmişdir.

ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi vəzifəsi təşkilatın Daimi Şurasının 5 noyabr 1997-ci il tarixli qərarı ilə təsis edilmişdir. Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində media sahəsindəki prosesləri müşahidə etmək və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək aiddir. Nümayəndənin ofisi Vyana şəhərində yerləşir.

Azərbaycan hökuməti ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə onun mandatına daxil olan məsələlər ilə bağlı əməkdaşlıq edir. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən treninqlər, xüsusilə Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasını göstərmək olar.

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissar vəzifəsi ATƏM-in 1992-ci il Helsinki Sammitinin müvafiq qərarına əsasən təsis edilmişdir. Ali Komissarın mandatı ATƏT iştirakçı dövlətlərində milli azlıqlardan qaynaqlanan gərginliklərin qarşısını almaq məqsədilə erkən xəbərdarlıq və erkən fəaliyyət istiqamətlərini əhatə edir. Ali Komissarın ofisi Haaqa şəhərində yerləşir.

ATƏT-in tamhüquqlu üzvü olmasından sonra Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Azərbaycan milli azlıqların hüquqlarının müdafiəsi, onların vətəndaşı olduqları dövlətlərin ictimai həyatına tamhüquqlu inteqrasiyası kimi vacib istiqamətlərdə yaxşı təcrübələrin bölüşülməsi və norma yaradıcılığı sahələrində əməkdaşlıq edir.

ATƏT-in Baş katibi təşkilatın Katibliyi və icraçı qurumlarının gündəlik fəaliyyətinin əlaqələndirilməsi funksiyasını daşıyır. Nazirlər Şurasının qərarı ilə üç il müddətinə təyin edilir.

2018-ci ilin 12 sentyabr tarixində ATƏT-in Baş Katibi cənab Tomas Qreminger ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş katib Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının xarici işlər naziri, Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının praktik aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədini güdür və məşvərətçi xarakter daşıyır. Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ATƏT PA-nın işində 3-ü əsas olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur.

Azərbaycan və ATƏT PA arasında sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. ATƏT PA-nın 2014-cü ildə İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir. Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın rəsmi təmsilçiləri mütəmadi olaraq ATƏT-in İnsan Ölçüsü üzrə İllik Toplantılarında iştirak edir. Toplantıya bir qayda olaraq, Xarici İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri qatılır.

2020-ci ildə Azərbaycan ATƏT ilə insan hüquqları sahəsində effektiv əməkdaşlığı davam etdirmişdir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər (seminarlar, təlimlər, konfranslar və s.) təşkil edilmişdir. Tədbirlərin əksəriyyəti COVİD pandemiyası səbəbindən onlayn keçirilmişdir. İl ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrinin beynəlxalq tədbirlərdə, habelə seçki proseslərinin izlənməsi və seçkilərin müşahidəsində iştirakı təmin olunmuşdur.

Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini təmin edən və aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. 2002-ci ilin dekabrında Seçki Məcəlləsinin layihəsi Azərbaycan hökumətinin, müxalifətin, beynəlxalq təşkilatların və cəmiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT-in DTİHB tərəfindən təşkil edilmiş dəyirmi masalarda müzakirə olunmuşdur. Seçki Məcəlləsi 2003-cü ilin may ayında qəbul edilmiş və Prezidentin imzaladığı gündən sonra qüvvəyə minmişdir. 

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvəti ilə DTİHB 11 aprel 2018-ci ildə keçirilmiş erkən prezident seçkiləri üçün Seçki Müşahidə Missiyasını (SMM) ezam etmişdir. DTİHB-in SMM Bakıda yerləşən 10 beynəlxalq ekspertdən ibarət idi. Bundan əlavə, DTİHB ATƏT-ə üzv ölkələrdən 30-dan çox uzunmüddətli və 280 qısamüddətli müşahidəçiləri ölkəyə yerləşdirilməsini xahiş etmişdir. Müşahidəçilər namizədlərin qeydiyyatını, kampaniya fəaliyyətlərini, seçki administrasiyası və müvafiq hökumət orqanlarının işini, seçki qanunvericiliyini və onun tətbiqini, media mühitini və seçki ilə bağlı mübahisələrin həlli işini izləmişdir.

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvətinə əsasən, DTİHB tərəfindən 9 fevral 2020-ci il tarixində ölkəmizdə keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə SMM təsis edilmişdir. Həmin SMM-in Bakıda yerləşən əsas heyəti 12 nəfərdən ibarət idi. Seçkiləri müşahidə etmək üçün DTİHB tərəfindən 271 uzunmüddətli və qısamüddətli müşahidəçi cəlb edilmişdir. Müşahidəçilər bütün seçki prosesini izləmişdir. Parlament seçkiləri Azərbaycan Hökuməti tərəfindən aparılan islahatlar çərçivəsində vacib məqam və ölkənin demokratik inkişafı üçün önəmli addım olmuşdur.

ATƏT-in fəaliyyətdə olan Sədri təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilmişdir. Təşkilata sədrlik edən ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan Sədr funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.

2021-ci ilin 1415 mart tarixlərində ATƏT-in fəaliyyətdə olan Sədrinin Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra regionda yaranmış vəziyyət, münaqişədən sonrakı bərpa, yenidənqurma və yenidən inteqrasiya proseslərində ATƏT-in rolu, habelə Azərbaycan ilə ATƏT arasında praktiki əməkdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılmışdır.

2021-ci ilin 25 may tarixində Daimi Şuranın xüsusi iclasında Azərbaycan Respublikasının xarici işlər naziri çıxış etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycan Respublikasının bərpa, yenidənqurma və yenidən inteqrasiyaya dair baxışını diqqətə çatdırmışdır.